Nəsimi rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - Fotolar

nesimi-rayonunda-beynelxalq-muellimler-gunu-qeyd-olundu
Oxunma sayı: 1271

Nəsimi rayon İcra Hakimiyyətində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının, Nəsimi rayon bələdiyyəsinin, rayon Ağsaqqallar Şurasının rəhbərlərinin, İcrimai Şuranın, təhsil işçilərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından danışıb, Prezident İlham Əliyevin rəhbərliyi altında son illər Respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olan Birinci Vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verib:

“Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərib. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin əməyi danılmadır, müəllimlərin bundan sonra da yeni dövrün çağırışlarına uyğun gənclər yetişdirəcəklər”.

Tədbirin sonunda təhsil işçilərinə və təhsil sahəsində çalışaraq təqaüdə çıxmış şəxslərə nümunəvi xidmətlərinə görə rayon İcra Hakimiyyəti tərəfindən gül dəstəsi və hədiyyələr təqdim olunub.