“Neynirsən bu qədər kababxananı?” - Rüstəmxanlı

neynirsen-bu-qeder-kababxanani-
Oxunma sayı: 7283

Bu gün Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı 70 yaşı tamam olur. O, 1946-cı il mayın 20-də Yardımlı rayonunda anadan olub. Onlarla romanın, şeirin, məqalənin, film senarisinin müəllifi olan şair Azərbaycanın siyasi həyatında da aktiv iştirak edib. Milli azadlıq hərəkatına qoşulan S. Rüstəmxanlı “Azərbaycan” qəzetini yenidən bərpa edərək baş redaktoru olub. Sonradan Mətbuat və İnformasiya naziri vəzifəsini tutub. Şair 25 il millət vəkili mandatını daşıyıb. 1992-ci ildən bu günə qədər Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.

O, 1996-cı ildə “Şöhrət” ordeni ilə, 2005-ci ildə isə prezident İlham Əliyev tərəfindən “Xalq şairi” adı ilə təltif olunub.

Qafqazinfo” Sabir Rüstəmxanlını təbrik edir, onun illər əvvəl yazdığı və dillər əzbəri olan “Bakı” şeirini təqdim edir:


Bakı

Gözü oyun gəzir, eyş-işrət gəzir,
Qanımız batdıqca qan udur Bakı.
Bazar havasında, pul işığında
Şuşanı, Laçını unudur Bakı.

Düşmən əlindəykən yüz-yüz istehkam,
Xalqa lay-lay deyir bu qoca ehkam!

Gapçısı, gopçusu başına bəla,
Vətən nə vecinə kürsüsü varsa.
Hər gün qanımıza zəhər yeridən
Hərzəsi, mirzəsi, gürzəsi varsa!

Cənabı züy tutan, bəyi züy tutan,
Məclisi millətə azar-dərd Bakı.
Erməni şırmanır Cıdır düzündə
Sən necə yatırsan, ay namərd Bakı!

Acların ovcunda ağzının dadı,
Evsizin könlündə sınan vüqarın.
Çöldə qum yeyirsə xalqın övladı
Necə ucaldırsan bu sarayları.

Rus verib yerinə ingilis alan,
Bir pisin yerinə başqa pis alan.
Qucaqsız yaşaya bilməyən Bakı,
Qarabağ öləndə ölməyən Bakı!

Bu dəli sevdaya ruhumuz əsir,
Nə dedi örəşdim, tozundan başqa.
Bu necə şəhərdi, hamını sevir,
Hamını bəyənir özündən başqa.

Toyxana, meyxana, benzin – iç, bəzən,
Milyonçu millətə qul payı vermir.
Alıb ömrümüzü dəyər-dəyməzə
Bir qəbir yerini havayı vermir.
Bir ocaq yerini, ilham yerini,
Bir dua yerini, bir şam yerini,
Bir ölüm yerini havayı vermir.

Burda ürəyimi sıxdım hər daşa,
Daşlar duyğuluydu qardaşımızdan.
Bakı nə bilsin ki, Xəzərlə qoşa
Ayrı bir göl də var göz yaşımızdan.

Kim gəldi keçirtdi yuxarı başa,
Özünkü qürbətdə çərək peşində.
Düşməni unudub mənnən savaşan
Niyə qopa bilmir bu vərdişindən.

Ağ evin gözləri qara bazarda
Qara bazarların başı Ağ evdi.
Neçə birincini girinc elədi
Yenə dəyişməyən naşı Ağ evdi

Baki-Ceyranbatan şəkilli kitab,
Bir yola sığışan yurdların hanı?
Bir milyon qaçqının ürəyi kabab
Neynirsən bu qədər kababxananı?

Qədəhlər toqquşur silah yerinə,
Dünyaya od verib quruyan Bakı!
İtən torpaqlara mahnılar qoşub
Təkcə öz-özünü qoruyan Bakı!