“Azərbaycan Naminə” İctimai Forumunun prezidenti, Ziyalılar Forumunun üzvü Eldar Namazovun “Qafqazinfo”ya müsahibəsi
“Elə bil ki, artıq bu ildən seçki kompaniyasına qeyri-rəsmi olaraq start verilib və maraqlı qüvvələr də seçkiyə hazırlıq mərhələsində nüəyyən addımlar atırlar. Bəziləri çalışır ki, onların addımları hakimiyyətin nüfuzunu yüksəltsin, bəziləri isə əks istiqamətdə fəaliyyət göstərirlər və hakimiyyətlə mübarizə aparırlar”.
- Son vaxtlar Azərbaycan gündəmi maraqlı hadisələrlə zəngin olur. Ramil Səfərovun əfv olunması, Nigar Yaqublunun həbsi, İranda həbsdə olan şairlərin azad olması, iqtidar-müxalifət görüşü və sairə. Necə hesab edirsiniz bütün bunlar təsadüfidir, yoxsa gündəmi zəbt etmək üçün düşünülmüş hadisələrdir?
- İstər-istəməz bu hadisələrin ətrafında müəyyən yozumlar olur. Hadisəni törətməkdə kimin nə marağı var və kim nə istəyir? Siz sadaladığınız hadisələrin heç birini mən təsadüf saymıram. Bunların hamısını bir-birinə bağlayan amillər var. Bu bəlkə də qarşıdan gələn 2013-cü il prezident seçkiləri ilə bağlıdır. Elə bil ki, artıq bu ildən seçki kampaniyasına qeyri-rəsmi olaraq start verilib və maraqlı qüvvələr də seçkiyə hazırlıq mərhələsində müəyyən addımlar atırlar. Bəziləri çalışır ki, onların addımları hakimiyyətin nüfuzunu yüksəltsin, bəziləri isə əks istiqamətdə fəaliyyət göstərirlər və hakimiyyətlə mübarizə aparırlar.
- Bir neçə gündür mətbuat daha bir olayla “Gülər Əhmədovanın rüşvət videosu” ilə zəbt olunub. Sizcə bu hadisənin aqibəti necə olacaq?
- Xarici təcrübə ilə Azərbaycanı müqayisə etmək çox çətindir. Azərbaycanın hakimiyyət nümayəndələri tez-tez bu ifadəni işlədirlər “Azərbaycan anoloqu olmayan bir ölkədir”. Əgər bizdə hər şey xarici təcrübədən olduğu kimi olsaydı bir çox eybəcərlikləri indi görməzdik. Eybəcərliklər deyəndə Azərbaycanda baş verən hadisələri nəzərdə tuturam. Elə bil ki, hadisələrin inkişafı dünyada bir istiqamətdə, bizdə isə özünəməxsus “anoloqu olmayan” istiqamətdə cərəyan edir. Bu səbəbdən də beynəlxalq təcrübədən danışmaq mənə elə gəlir düzgün deyil. Xarici təcrübədə dərhal bu məsələ ilə bağlı cinayət işi qaldırılır, bu işdə iştirak edən millət vəkillərinin toxunulmazlıq statusu əllərindən alınır. Sonra da istintaqın nəticəsində artıq bu sübuta yetirilirsə o şəxs məhkəməyə verilir və həmin adam cinayət məcəlləsinin tələblərinə uyğun olaraq öz cəzasını çəkir. Burda həm korrupsiya, həm seçkiləri saxtalaşdırmaq, həm də hakimiyyətin səlahiyyətlərini mənimsəmə məsələsi maddələri ilə cinayət işi qaldırılmalıdır. Bu sənədlər onsuz da prokurorluqda var idi. Elşad Abdullayev bunu bir neçə aydır bəyan etmişdi və həmin videonu prokurorluğa göndərmişdi. Ancaq onların hərəkət etmədiyini görəndən sonra artıq məcbur olub bunu mətbuatda yayımlayıblar. Bilirsiniz, bu artıq sənəddir və bu sənəd də artıq internetdə yerləşdirilib. Bunun ekspertizasının təkcə Azərbaycanda yox dünyanın hər yerində keçirmək olar. Lap interpolla da bunu yoxlamaq olar. Hesab edirəm ki, bu video ilə bağlı saxta rəy vermək çətin olacaq.
- Gülər Əhmədovanın insult keçirməsi ilə bağlı da xəbərlər yayılıb.
- Buna reaksiya vermək çətindir, çünki hadisənin nə dərəcədə doğru və ya yalnış olduğunu bilmirəm. Amma hər halda bunu Gülər xanım sosial şəbəkədə özü yazıb.
- Ölkədə baş verən proseslərdə sizi ən çox narahat edən nədir və hadisələrin gedişatında nədən narazısınız?
- Mən ümumiyyətlə ölkədə gedən proseslərə həddən artıq narahatam. Və bu təbii ki, Gülər Əhmədova olayı ilə bağlı deyil. Mənim üçün bu hadisə kifayət qədər xırda məsələ idi. O mənada xırda idi ki, mənim üçün yenilik yox idi, rüşvət almaq məsələsi bizim cəmiyyətdə artıq adiləşib. Narahatlığım ilk növbədə Qarabağ məsələsi və Qarabağla bağlı gedən proseslərlə bağlıdır. Ümumiyyətlə, bu mənim üçün prinsipial məsələdir. Mən siyasi fəaliyyətimə də elə bu mövzu ilə başlamışam. Uzun illər kifayət qədər yüksək vəzifədə çalışırdım, məhz Qarabağın taleyi ilə bağlı ciddi fikir ayrılığı olanda mən istefa ərizəmi könüllü yazdım. Elə indi də ölkədə baş verən siyasi proseslərə baxanda... elə götürək Ramil Səfərovun əfv olayını. Bu hadisə baş verəndə hər kəs sevinirdi. Çünki hamı həm ermənilərin, həm də dünya təşkilatlarının ikili standarlarından bezmişdi. Bu hadisə nəticəsində elə bil ki, dünyaya, ermənilərə bir sillə dəydi və hamı buna sevindi. Bu emosiyaları mən başa düşürəm, ancaq təkcə emosiyalarla ölkəni idarə etmək mümkün deyil. Qarabağ ilk növbədə siyasətdir. Beynəlxalq təşkilatların Qarabağla bağlı apardıqları bu işlər də siyasətdir. Siyasət də hay-küyü sevmir. O düşünülmüş, addım-addım həyata keçirilən strategiyanın üzərində qurulub. Və məni burada narahat edən, Ramil Səfərovun azad edilməsi deyildi. Mən özüm də buna şəxsən sevinmişdim və müsahibələrimdə də hər kəsə göz aydınlığı vermişdim. Məni narahat edən Qarabağla bağlı danışıqlarda tutduğumuz mövqeyin sarsılması idi. Yəni biz tolerant yanaşırdıq və bildirirdik ki, biz ermənilərlə birlikdə rahat yaşaya bilərik. Bu hadisədən sonra həmin mövqeyə zərbə dəydi. Təcrübədə də var ölkələrin parçalanma prosesləri gedir və bunu beynəlxalq ictimaiyyət də dəstəkləyir. Son illər hətta danışıqlarda da bizim vəziyyətimiz son dərəcə ağırdır. Qarabağın Azərbaycanda ayrılması mexanizmi artıq Madrid prinsipində öz əksini tapıb. Mən Qarabağla bağlı bir çox rəsmi danışıqlarda itirak etmişəm və bilirəm ki, bizi harada hansı təhlükə gözləyir və harada hansı addımı atmaq olmaz. Ümumiyyətlə, biz Madrid prinsiplərini tarixin arxivinə verməliyik. Azərbaycanın diplomatiyası orada elə səhvlərə yol verib ki, o sənədin üzərində daha bundan sonra danışıqların aparılması Azərbaycan üçün böyük təhlükədir.
- Ramil Səfərov məsələsində İlham Əliyevin dünyaya meydan oxumasını necə qarşılayırsınız?
- Ramil Səfərovun azad olması və vətənə qaytarılması hamımızın arzusu idi. Bu işdə iştirak edən adamların hamısına təşəkkür düşür. Budapeşt məhkəməsi qeyri-ədalətli məhkəmə olub və çox sərt qərar çıxarmışdı. Çox məsələlər nəzərə alınmamışdı və yenidən baxmaq lazım idi. Amma mən düşünürəm ki, bizim dövlətimiz hansı yolla bu ədaləti bərpa etmək məsələsində müəyyən səhvlər edib. Bütün dünyaya meydan oxuduq və Qarabağla bağlı tutduğumuz tolerant mövqeyə zərbə dəydi. Bu addımın məntiqli davamı olmalıdır. Hadisənin davamı olaraq cəmiyyəti səfərbər edək və hərbi əməliyyat keçirib torpaqları azad edək. Onda bu olar düşünülmüş bir yanaşma. Yox, bu qədər hadisədən sonra bizim rəsmilərin yenidən danışığa getməsi, ola bilsin bizim sözlərimizə bəlkə əvvəlki kimi inanan olmasın. Məni narahat edən odur ki, Qarabağla bağlı konkret bir siyasət olmalıdır. Müharibədirsə müharibəyə, sülhdürsə bu yola hazırlaşmalıyıq. Ancaq sülh yolu ilə olan danışıqları baltalamaq, müharibəyə də getməmək, onda ortalıqda nə qalacaq? Beynəlxalq təşkilatlar da hamısı bir-bir Azərbaycanın əleyhinə bəynatlar verir. Təbii ki, bu vəziyyət işimizi çox ağırlaşdıracaq. Mən hesab edirəm ki, Qarabağ məsələsi elə bir məsələdir ki, orada çalışmaq lazımdır ki, heç bir səhvə yol verməyəsən. Vəziyyət onsuz da ağırdır, səhvlər limiti artıq bitib. Bundan sonra artıq gərək o qədər düşünülmüş, ağıllı bir siyasət yürüdəsən ki, bu vəziyyəti dəyişə biləsən. Mən hesab edirəm ki, onun rütbəsini artırmaq, maaşını vermək, yəni bu kimi addımları atmağa ehtiyac yox idi. Əgər kimsə Ramilə yardım göstərmək istəyirdisə, onun səkkiz il yarımlıq maaşı bir məmur-oliqarxın oğlunun bir həftədə hansısa xarici istirahət məkanlarında xərclədiyi cib xərcliyi idi. Həmin pulu ictimaiyyətdən uzaq da vermək olardı. Bunu dövlət siyasəti kimi təqdim etmək yalnış idi. Bir çox işləri pərdə arxasında görmək lazım idi. Qarabağla bağlı gedən danışıqları nəzərə alaraq bizim addımlarımız həm qanuna, həm də təbliğata əsaslanmalı idi. Elə bir təbliğat qurmalı idi ki, hamı deməli idi bu adam azadlığa çıxmalıdır və o da çıxacaqdır. Biz həm təbliğatda udacaqdıq, həm də Qarabağla bağlı danışıqlarda mövqeyimizi möhkəmlədəcəkdik. Mənim bu məsələdə hökuməti tənqid etməkdə məqsədim tənqid xatririnə tənqid deyil.
- Nigar Yaqublunun həbsi barəsində Ziyalılar Forumu bəyanat da vermişdi. Sizcə bu hadisənin sonu necə olacaq?
- Bəli, Nigar xanımla bağlı Ziyalılar Forumunun bəyanatı oldu. Onun müdafiə komitəsi təşkil olunanda həmin komissiyaya üzv olmaq üçün biz də müraciət etdik. Nigar xanımla bağlı bizim mövqeyimiz birmənalıdır. Burada çox ciddi hüquq pozuntusu var, heç bir ictimai təhlükə kəsb etməyən adamı araşdırma bitənə qədər həbs etmək doğru deyil. Xanım özü də həm fiziki, həm psixoloji zərər çəkib. Digər tərəfdən burada siyasi aspekt də var. Hamı bilir ki, bu xanım ictimai fəallardan biridir və müxtəlif aksiyalarda iştirak edib. Cəmiyyətdə belə bir qənaət yaranıb ki, hakimiyyət o xanımdan onun siyasi baxışlarına, siyasi mövqeyinə görə qisas alır. Bir də hadisənin mənəvi tərəfi var. Siyasi mübarizənin də müəyyən sərhədləri olmaldır. Kiməsə təzyiq etmək üçün onun övladlarından istifadə etmək yalnışdır. Bu yalnız kriminal aləmə xas olan davranışdır. Dövlət gərək cəmiyyətə belə mesajlar verməsin, heç kimdən qisas almasın, siyasi baxışlara görə bu cür təzyiqlər etməsin. Bütün hallarda mən hesab edirəm ki, Nigar xanıma qarşı olan bu qərar qeyri-ədalətlidir və çox təhlükəlidir. Bu cəmiyyətimizi daha da radikallaşdıracaq. Bu günün sabahı da var axı, bu qərarı qəbul edənlərin özlərinin də övladları var. Mən hesab edirəm ki, bu prinsipial məsələdir. Nigar xanımla bağlı gərək hakimiyyət öz qərarını dəyişsin.
- Siz prezidentliyə, deputatlığa iddialı birisiniz. Təbii ki, bu da normaldır. İstənilən şəxsin seçmək-seçilmək hüququ var. 2013-cü il prezident seçkilərində sizi namizəd kimi görə biləcəyik?
- Azərbaycanda prezidentliyə o qədər iddialı adamlar var ki, o ifadənin mənə də aid edilməsini istəməzdim. Mənim mövqeyim bir az fərqlidir. Mən başqa məsələlərdə iddialıyam. Mən əminəm və iddialıyam ki, Azərbaycan cəmiyyəti bu gün mövcud olan bu siyasi sisitemə laiq deyil. Daha, yaxşı, ədalətli, effektli bir siyasi sistemə laiqdir. Biz nəinki Şərq aləmindən, türk dünyasdından, hətta bəzi Afrika ölkələrindən də geridəyik. Həmin ölkələrdə demokratik sistem qurulub, qanunun aliliyi təmin olunub. Azərbaycandakı qədər rüşvətxorluq, korrupsiya, oğurluq, insan haqları pozulması yoxdur. Nəyə görə Azərbaycan xalqı bu vəziyyətdə yaşamalıdır? Mən hesab edirəm ki, biz bu vəziyyəti dəyişərik və demokratik prinsiplərə söykənən siyasi sisitem qura bilərik. O ki, qaldı seçkilərə düşünürəm ki, biz hamımız o prosesdə çox fəal iştirak etməliyik. Mən hesab etmirəm ki, prezident seçkilərində fəallıq nümayiş etdirmək siyasətə qatılmaq demək deyil. Prezident seçkilərində fəal olmağı mən vətəndaş borcu kimi qəbul edirəm. Ziyalılar Forumunda da qarşıdan gələn prezident seçkiləri ilə də bağlı geniş toplantı keçirtməyi planlaşdırırıq. Orada bu məsələ ciddi müzakirə olunacaq. Müzakirələrin ümumi istiqaməti də cəmiyyəti seçkilərə necə hazırlamaqla bağlı olacaq. Ümumiyyətlə, cəmiyyəti “Ağ atlı oğlanı” gözləmək, kiminsə bayrağı altında birləşmək, kimisə özünə lider sayıb onun arxasınca yürümək ideallarından uzaqlaşdırmaq lazımdır. Bu adətən siyasi mədəniyyəti çox aşağı səviyyədə olan, avtoritar mühitdə formalaşmış xalqlara məxsusdur. Biz artıq bu mərhələni keçməliyik. Bizə kollektiv liderlik lazımdır. Mən onlarla adam tanıyıram ki, onlar prezident olsaydılar azərbaycanı bu çətin vəziyyətdən çıxarardılar. Növbəti seçkilərdə dövlət məmurlarının bir qisminin də bu demokratiyaya keçidə dəstək verməsi vacibdir. Adi hallarda buna ehtiyac yoxdur. Digər vacib amil də beynəlxalq dəstəkdir. Ümumiyyətlə, yeni namizədin 3 vacib keyfiyyəti olmalıdır: Cəmiyyət onu qəbul etməli, dövlət məmurlarının bir qismi üçün məqbul namizəd olmalı və beynəlxalq aləmin də yaxşı tanıdığı, aparıcı güc mərkəzlərinin yaxşı münasibət bəslədiyi biri olmalıdır. Bütün bu hadisələrdən sonra mən istəməzdim ki, Azərbaycan 5 il daha bu vəziyyətdə qalsın. Bu Gülər Əhmədova olayındakı 15 dəqiqəlik videoda hər şey olduğu kimi görünür. O məsələdə gərək hamı mövqeyini ortaya qoysun. Azərbaycan cəmiyyəti elə bir duruma düşüb ki, 2013-cü ildə hamı siyasətlə məşğul olmalıdır. Bunu da siyasət kimi yox, vətəndaş borcu kimi etməlidir.
- İnsanlarda yaranan qorxu, inamsızlıq sindromunu necə aradan qaldırmaq olar?
- İnsanlar həqiqətən də baş verən olayların fərqindədirlər, hər şeyi anlayırlar. Fəallığın hiss olunmamasının, passivliyin meydana gəlməsinin çox ciddi səbəbləri var. Əvvəllər 100 minlərlə insan meydanlara çıxırdısa, indi təxminən 2-3 min adamı biz aksiyalarda görə bilirik. 2-3 min adamı meydanlara çıxaran partiya özünü aparıcı partiya hesab edir. Cəmiyyətdə inamı öldürdlər və nəticədə inamsızlıq sindromu yarandı. Hazırda cəmiyyətdə bu ən böyük problemdir. Burada sadəcə hakimiyyətin yox, o adamları öz arxasınca aparanların da günahı var. Bu sindrom aradan qaldırılandan sonra 100 minlərlə insan yenə də meydanda olacaq. Əminəm ki, biz bu mərhələyə çox yaxınıq. Hər halda cəmiyyətdəki sosial sifarişi biz hamımız hiss edirik.
- Son günlər Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Bu barədə fikirlərinizi öyrənmək istərdik.
- Əslində, bu çox mürəkkəb problemdir. Diplomatiyada belə addımlar çox ciddi ölçülüb-biçilməlidir. Bu kifayət qədər ciddi məsələdir və mən burada mübahisələrin olmasını da təbii qarşılayıram. Hesab edirəm ki, biz şərait yaratmalı idik ki, Türkiyə və Azərbaycan ekspertləri, politoloqları, diplomatları bu məsələni açıq müzakirə etsin. Bu məsələdə baltanı dibindən vurmaq olmaz. Mən onun tərafdarıyam ki, əvvəlcə bu məsələləri ictimai müzakirəyə çıxaraq.
- Bir az da Ziyalılar Forumu barədə söhbət edək. Ümumiyyətlə, Ziyalılar Forumu iqtidarı niyə qıcıqlandırır?
- Azərbaycanın görkəmli ziyalılarının bir araya gəlməsi və Azərbaycan cəmiyyətini narahat edən problemləri müzakirəyə çıxarması, bununla bağlı vətəndaş mövqeyini ortaya qoyması həqiqətən də hakimiyyəti narahat edirdi və gözlənilməz idi. Bizə qarşı qara piar aparmağa cəhd etdilər, amma əks effekt verdi. Əksinə Ziyalılar Forumunun nüfuzu artdı. İttihamları saxta olduğu üçün nə qədər hücumlar olsa da foruma təsir edə bilmədilər. Bu mənəvi güc idi və avtoritar rejimlər üçün həmişə ən böyük təhlükə elə mənəvi güclər olub.
- Ziyalılar Forumuna qarşı təzyiqlər olurdu. Bu təzyiqlər davam edirmi?
- Problemlərimizi həll etmişik, son tədbirlərimiz də yaxşı keçdi. O biabırçı hal beynəlxalq aləmdə o qədər böyük rezonansa səbəb oldu ki bu vəziyyəti təkrar yaratmadılar. Bizə olan təzyiqlərin yalnız bir qismi ictimailəşmişdir. Biz şikayət etməyi sevmirik və o təzyiqləri də müəyyən mənada təbii sayırıq. Öz mövqeyimizi ortaya qoyanda bilirdik ki, buna reaksiya nə cür ola bilər. Cəmiyyətin yalnız üzdə olan hadisələrdən xəbəri var. Əslində, təzyiqlər daha geniş idi. Ancaq biz bunun hamısını ictimailəşdirmək fikrindədə deyildik və mətbuata da məlumat vermədik. Bu təzyiqlərin heç biri bizi tutduğumuz mövqedən və seçdiyimiz yoldan döndərə bilməyəcək.
- Ziyalılar Forumu yarananda qarşıya qoyduğunuz məqsədlər var idi hər halda. Həmin məqsədlərin heç olmasa, bir qisminə çata bilmisiniz?
- Ziyalılar Forumu ictimai rəyi formalaşdırdı. Biz cəmiyyətdə ziyalılara olan baxışı dəyişdik və ziyalıya əvvəlki hörməti qaytardıq. İnsanların şüurunun dəyişilməsində bir neçə vacib məqamlar nail ola bildik. Ancaq bu bizim yeganə məqsədimiz deyil. Biz istəyirik ki, Azərbaycanda haqq-ədalət bərpa olunsun. Biz məqsədimizə çatana qədər də həmişə öz fəaliyyətimi artıracaq və möhkəmləndirəcəyik.
Gülnar Ədalətqızı