“Ölkənin prezidentinə də mesaj göndərmişəm” – Müsahibə

olkenin-prezidentine-de-mesaj-gondermisem-musahibe-
Oxunma sayı: 740

Eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin müsahibəsi:


- Rəsul müəllim, hər seçki öncəsi Azərbaycana qayıdışınız və seçkilərdə iştirakınızla bağlı yayılan fikirlər siyasi sferada, xüsusilə də bəzi müxalifət partiyaları arasında müzakirə obyektinə çevrilir. Sizin builki seçkilərə qatılmanıza dırnaqarası yanaşan partiya sədrləri, bunu indiki Azərbaycanı tanımamağınız, siyasətindən xəbərsiz olmağınızla əlaqələndirirlər. Üstəlik müəyyən vaxtlarda tükənmiş siyasətçi olduğunuz da qeyd olunub. Ümumiyyətlə, Azərbaycanın siyasi mühiti kənardan necə görünür? Əslində siaysi partiyalarda tükənın nədir? Başqalarının siyasətini bəyənməyən müxalifətin qınaqlarına haradasa haqq qazandırmaq olarmı? Doğrudanmı Rəsul Quliyev Azərbaycandakı vəziyyətdən xəbərsizdir?

- Bu suala cavab vermək müşkül məsələdir. Ola bilər xəbərim yoxdur. Ancaq azərbaycanlılar nədənsə mənim müsahibələrimə, açıqlama və fikirlərimə maraq göstərirlər. İnsanlar mənim “Youtube” və bloqdakı videoçıxışlarıma, yazılarıma baxırlar, oxuyurlar. İş elə gətirib ki, bütün müxalifət liderlərinin 2008-ci ildən olan videoçıxışlarına bu günə qədər total baxanların sayı 8 ayda mənim videoçıxışlarıma baxanların sayına ya bərabər olar, ya da az. Yəqin azərbaycanlıların da əksəriyyətinin mənim kimi ölkədən xəbəri olmadığına görə, baxırlar və oxuyurlar. O dediyiniz müxalifətçilərin müsahibələrini az oxuyur, videoçıxışlarına baxmırlar. Çünki bilirlər ki, onlar onsuz da hər şeyi bilir . Sözsüz, onlarla münasibətdə mən tükənmişəm. 2008-ci il prezident və 2010-cu il parlament seçkilərində elə tufan qopadılar ki, Əliyev qaçırdı, xarici ölkələr zorla saxladı. 2010-cu ildə isə Əliyevi incitməmək üçün parlamentdə bir yer uğrunda da mübarizə aparmadılar. Bu gün Azərbaycanda hələ heç kim bilmir ki, 2008-ci və 2010-cu illərdə seçki olub, ya yox. Yəqin məndən də inciyiblər, əgər 2008-ci və 2010-cu ildə seçkilərə aktiv müdaxilə etsəydim, hökümətimiz 2005-ci ildəki kimi onlara kompensasiya haqqı olaraq bir, iki deputat yeri verərdi. İndi mənə fikir verməsələr yaxşıdır. Mənimlə vuruşacaqlar, sonra da deyəcəklər tükənməz enerjimiz tükəndi. Hamısını sərf etdik Rəsul Quliyevin tükənməyini sübut etməyə. Yeni tezislər irəli atmaqla məşğuldurlar. İşlərini, güclərini buraxıb mən tərəfdən bunların birliyini pozmaq təhlükəsinin olmasından, hökümətə işləməyimdən danışırlar . Azərbaycanın siyasətini dərindən bilən və tükəndiyimi elan edən əzizlərim, bəs niyə təşviş içindəsiniz, deyə bilərsiniz? Camaatı hökümətin daxilindəki ermənistanlı klanı ilə naxçıvanlı klanının və ya paşayevlərlə əliyevlərin arasında gedən ölüm-dirim müharibəsi filosofiyası ilə aldadanlara belə bir şeyin olmadığını, nağıl danışdıqlarını dediyimə görə, dəhşətli qəzəbləniblər. İsa Qəmbər bir cümləsi ilə mənim üstümdən xətt çəkib. Pəhah Hüseyn və Arif Hacılı ilə bilmirəm nə vaxtsa debata çıxmışam və onlar da necə qüdrətli olduqlarını xalqa göstəriblər. O vaxtdan onları harada görürlər alqışlarla qarşılayırlar. Mənimsə yazdıqlarımı oxuyan yoxdur . Gündə yazırlar ki, mən İP-nın əleyhinə çıxıram. Belə ağ yalan danışmaq olar? Bütün çıxışlarımda İP-də olan əsas fiquralardan azı 9-na dərin hörmətimin olduğunu, ləyaqətlərinə şübhəmim olmadığını qeyd etmişəm. Hər dəfə qeyd edirəm ki, İP konkret hansı adamların ucbatından düzgün yolda deyil, konkret real planı yoxdur. Ola bilər o da o adamların Azərbaycanda siyasəti daha dərindən bilməyindən irəli gəlir. Onların gülünc ideyaları “xalq meydanlara çıxsın, bizi dəvət etsin gələk onlara rəhbərlik edək”dir. Bu yazıq xalq bu ideyanı başa düşməyə hazır deyil. Onların indi dedikləri ‘’dərin’’ fikirləri xalq 2038-ci ildə “Heydər Əliyev -2″ hakimiyyətə gələndə başa düşəcək. Yəqin bəzi liderlər bolşeviklərin ‘’biz Lenin deyəndə partiya düşünürük, partiya deyəndə isə Lenin düşünürük “’ şüarından əl çəkə bilmirlər.

- Müxalifətin iqtidarın siyasətinə təsir imkanlarının olmaması faktoru siyasi sferada hansı proseslərin cərəyan etdiyini diqtə edir. Sizcə siyasi cəmiyyətin, ölkədəki siyasi proseslərin yeni bir müstəviyə keçməsi üçün tələb olunan mühit varmı?

- Ölkədə siyasətin, daha doğrusu, rejimin başqa müstəviyə keçməsi üçün bütün şərait var.
a) Rejimin korrupsiya və rüşvət rejimi olmasını dünyanın bütün nöqtələrində bilirlər. BP başda olmaqla biznes qiqantlarının Əliyevlə Böyük Britaniyanən baş naziri Kameronun demək olar ki, şəxsi görüşlərini təşkil etməsi aldadıcı təsir bağışlamamalıdır . Xaricdən bu rejimə dəstək ola bilməz.
b) Camaatın azı 75 faizi bu hökümətdən ya narazıdır, ya da ona nifrət edir.
c) Yeni müstəviyə keçmək üçün ancaq bir komponent çatmır. O da özünün tükənməz enerjisinə valeh olmuş bəzi müxalifət liderlərinin varlığına azərbaycanlıların inanmasıdır. İndi bir neçə ay ərzində xaricdəki görüşlər və çıxışlarımla az da olsa, xalqda inam qığılcımına nail olmuşam. “Tükənməz enerjili” müxalifətin liderləri isə bütün gücünü səfərbər edib o inam qığılcımını söndürmək istəyir. Necə deyərlər, Allah işlərini avand etsin.

- Demokratik seçki mühitinin yaradılması üçün hansı cəbhədə olan – özünə inanmayıb ətrafını qamçılayan, özündən başqa digərilərini müxalifətçi, siyasətçi kimi tanımayan ənənəvi müxalifət, yaxud parlamentə düşən konsrtuktiv müxalifət, yaxud iqtidar partiyaları ilə dialoqun aparılmasına ehtiyac var?

- Demokratik mühitin yaradılması üçün danışmaq, müzakirə etmək istəyən bütün qurumlarla dioloq aparmaq lazımdır. Bilirsiniz, mən artıq dəfələrlə ölkədə “vətəndaş cəmiyyəti yaranmasa, nə ölkənin, nə də xalqın gələcəyi yoxdur” demişəm. Bununla əlaqədar ölkənin prezidentinə də, informasiya vasitələri ilə mesaj göndərmişəm. Görünür, Azərbaycanda vətəndaş cəmiyyətinin nə demək olduğunu yaxşı dərk etmirlər. Vətəndaş cəmiyyəti dövlət orqanlarının əhalinin 0.01 faizinin belə müxalif fikrinə hörmətlə yanaşıb, onu həll etməyə cəhd göstərməsi deməkdir. Və ya mümkünsüzlüyünün məntiqi və dərin izahını verməlidir. “Flankəs xalqın düşmənidir” frazası ümumiyyətlə, leksikondan çıxarılmalıdır. Hökumət başçısı və ya hansısa bir vəzifəli şəxsə terror etmək istəyən terrorçudur, cinayətkardır, amma xalqın düşməni deyildir. Ölkənin konstitusiyasının ”xalq hakimiyyətin mənbəyidir” əsas müddəasını pozub, “hakimiyyət bir klanın mənbəyidir” şəraiti yaradanlar yeganə xalq düşməni adlandırıla bilərlər. Azərbaycanda “xalq düşməni” adlandırmaq dəb şəkilini alıb. Məsələn, filankəs ermənipərəst konqresmenlə görüşdüsə, deməli o xalq düşmənidir. Belə əbləh çıxışlara görə cinayət işi açılmalıdır. Vətəndaş cəmiyyəti yaratmağın yeganə yolu azad və şəffaf seçkilər keçirməkdir. Gərək seçkilərdə iştirak edən şəxs bir vətəndaşın səsinə özünü möhtac hiss edə, onda xalqı eşidəcəksən, onda vətəndaş cəmiyyəti yaranacaq. Xalqın taleyüklü problemi olan bu ciddi məsələ əlbəttə, müzakirə edilməlidir. Dialoq olmalıdır. Bu dialoqda bütün siyasi qüvvələr, prezidentdən tutmuş parlamentdə təmsil olub, olmamasından, böyük və kiçikliyindən asılı olmayaraq, o cümlədən ziyalılar iştirak etməlidir. Əgər Azərbaycanda azsaylı xalqların formalaşmış təşkilatları varsa, onları da dəvət etmək lazımdır. Məsələn, 2013-cü il prezident seçkilərini azad, demokratik və şəffaf keçirmək üçün xalqın etimad göstərə biləcəyi insanlardan MSK-sı və yerli komissiyalar yaradılmalıdır. Hökumət bir neçə qiymətli maşın almağa maratoriya qoyub, o pula 3000 -ə yaxın beynəlxalq müşahidəçi dəvət etməlidir. Dialoqda “bu seçkilərdən sonra qisasçılığa son qoyulur”, “xalq düşməni axtarmaqa maratoriya qoyulur” kimi ciddi bəyanatlar qəbul olunmalıdır ki, indiki hakimiyyətdə olanlar gələcəklərinə ümidli olsunlar, bilsinlər ki, hökumətin dəyişilməsi yeni həbslərlə, istənilən repressiyalarla davam etdirilməyəcək.

- Prezident seçkilərinə 1 il vaxt qalır. Artıq müxalifət düşərgəsində bu seşkilərə hazırlıqlarla bağlı müxtəlif mülahizələr irəli sürülsə də, əslində hər hansı bir hərəkət, aktivlik müşahidə olunmur. Sanki bu partiyalar kimdənsə “gəlin işləyin, bəlkə Allah bəxşiş göndərdi” təklifini gözləyirlər. Bu cür qeyri-aktiv, bir araya gələ bilməyən, özünə belə, inamını itirmiş müxalifət partiyaları ilə siyasi düşərgəyə hansı yeniliyi gətirmək olar?

- İndiki pərakəndə söhbət fiziki pərakəndəlik deyil, fikirlər və olmayan siyasət pərakəndəliyidir. Əgər belə davam etsə, bu seçkilər 2008-ci il seçkilərindən fərqlənməyəcək.
Bu yaxınlarda komandamla birlikdə hansı şərtlər çərçivəsində ümumi strategiya qurmaq olar təşəbbüsü ilə konkret sənədlə çıxış etmək istəyirik. Xalq bu sənədlə tanış olar ya bizi qınayarlar, ya da bu təkliflər əsasında ittifaq yaratmaq istəməyənləri. Hər halda camaatın fikri əsas olmalıdır. Biz hökumət və bir sıra müxalifət liderlərindən fərqli olaraq xalqdan xəbərsiz, separat yaşamağı qəbul etmirik. Hər addımımız göz qabağında olacaq. Siyasətçi ancaq xarici siyasətində müəyyən yalan imitasiyalar edə bilər, öz xalqı ilə mütləq mənada imitasiyalar etməməlidir, özünü şərəfli və vicdanlı aparmalıdır. “Siyasət çirkin işdir” deyənlər siyasətçinin xalqa yalan danışmasına haqq qazandırmır. Sadəcə olaraq yaxın, hətta dost olan iki qüvvə fikir ayrılığına görə bir birini çirkaba salıb, çıxar bilər.

- Bu gün müxalifətdə olan bəzi partiya liderləri hesab edirlər ki, sosial gücün itirilməsi ilə bağlı yaranan vəziyyətin arxasında vaxtilə müxalifəti uduzduran, insanların inamını qıran siyasi liderlər dayanır. Hesab olunur ki, məhz onların fəaliyyətsizliyi belə bir situasiyanı doğurub. Üstəlik deyilir ki, müxalifət iqtidarı, iqtidar müxalifəti tanımamaqla islahatların qarşısında bir maneəyə çevrilib. Buna fikriniz nədir?

- Siyasi islahatlar olmadan, istənilən sferada islahatların keçirilməsi mümkün deyildir. Hətta kommunist rejiminə yaxın olan Çin totalitar rejimi iqtisadiyyatda reformaları başlamamışdan öncə siyasi islahatlara başladı. Azərbaycanda siyasi islahatlar ilk növbədə xalqın, hakimiyyətin mənbəyi olan konstitusiyaya əməl etməyindən başlayır. Başqa sözlə, azad seçkilərin keçirilməsi əsas şərtdir. Hökumət bu işi görmür və görməyəcək. Çünki belə addımın atılması tutulmuş postları itirməklə qurtara bilər.
Hökumətin belə bir addım atması xalqın dəstək verdiyi müxalifətin təzyiqi altında baş verə bilər. Təəssüf ki, 20 ildir heç bir iş görməyib camaatın gözünü “mazol” edən partiya liderləri sosial dayaqlarını itiriblər. Faciə ondadır ki, vəziyyəti dəyişmək üçün nə etmək lazım olduğunu da bilmirlər. 1994-cü ildə Heydər Əliyev icra başçıları ilə müşavirə keçirirdi. İcra başçıları artıq həm camaatdan, həm də kadrları dəyişmək yolları ilə rüşvət yığmağa başlamışdılar. Bu müşavirədə onlar söz alır, gecə-gündüz prezidentin göstərişlərini rəhbər tutaraq camaata necə xidmət etdiklərindən danışırdılar. O müşavirədə mən də çıxış etdim. Tribunadan onlara sual etdim: “Siz doğrudan da xalqa xidmət etmək istəyirsiniz?” Xorla “bəli” dedilər. “Onda Allah xətrinə, oturun kabinetinizdə, camaatın yaşamasına mane olmayın, bu əsl xalqa xidmət etmək olardı” – dedim. İndi mən müxalifətin bəzi liderlərinə də eyni müraciəti edə bilərəm.

- Parlamentdə iqtidarın legitimliyini tanıyan və onunla əməkdaşlığa hazır olan bəzi müxalifət partiyaları hesab edir ki, elə edilməlidir ki, AXC-Müsavat partiyalarının timsalında barışmaz, radikal qüvvələrin ətrafında toplaşan insanlar tədricən o liderlərdən ayrılsınlar. Sizcə, parlament müxalifəti bunu istəyirmi?

- Sadəcə olaraq onların radikallılığının nədən ibarət olduğunu bilmirəm. Radikallılıq “Prezidentə istefa” şüarı demək hesab edilirsə, onda hökümət bu radikallıqdan niyə narahat olmalıdır. Parlamentdə olan partiyalar radikal olmayan, onların dili ilə desək konstruktiv müxalifətdirsə, Müsavat və ya Xalq Cəbhəsi partiyalarına nə gərəkdir, özləri yığışıb indiki rejimlə mübarizə aparacaq bir koalisiya yaratsınlar. Bu çox vacibdir. Rəqabət olmalıdır. Dünyanın bir çox xalqları təqribən 300 il bundan öncə bilirdilər ki, sağlam rəqabət həm siyasi, həm də iqtisadi arenada olmasa cəmiyyətdə heç bir inkişaf ola bilməz. Bazar iqtisadiyyatının atası professor Adam Smit 18-ci əsrdə bununla əlaqədar 800 səhifəlik kitab da yazmışdı. Təəssüf ki, dünya əhalisinin azı 90 faizinin bildiyi bu əsas məsələni biz azərbaycanlılar bilmirik və ya qəbul etmirik. Biz hələ də özümüzə rəhimdil padşah axtarırıq. İndi həmin parlamentdə olan deputatların dedikləri həqiqətdirsə, yəni onları xalq seçib, arxalarında camaat dayanıb, nə problem var, hərəkətə gəlsinlər. Gəlməzlər. Çünki onlar kimi “seçilən’’, xalqın dəstəyinə çaşıb inanan bəzilərinin taleyinin necə qurtardığını yaxşı xatırlayırlar. /azpolitika.com/