“Ölmüş “körpə”ni üç ay qarnımda daşımışam” - Həkim qurbanları XVII

olmus-korpeni-uc-ay-qarnimda-dasimisam-hekim-qurbanlari-xvii
Oxunma sayı: 2452

Bir qisim həkim xəstəsinə xətər yetirməkdə davam edir. Hətta elələri var ki, artıq yalan kimi çirkin üsula da əl atmaqdan çəkinmir. Hələ bu barədə yazılanda da, bu bir qisim olan həmkarlarına da xoş getmir. Amma başsız səhiyyədə belə özbaşnalıqların olmasını normal qarşılamaq lazımdır.

Fatma adlı gənc qadın başına gələnləri deməklə xanımları gözüaçıq olmağa çağırır. Yəqin ki, onun dedikləri təəccüb yaratmaya bilməz. Bu xanımın məsələsində həm həkim, həm də ailədən qaynaqlanan problemlər rol oynayıb.
“ Qaynanamın rəhbərliyi ilə Əhmədlidə yeləşən qadın məsləhətxanasına getdim. Orada işləyən Həsənova Məleykə adlı ginekoloqun yaxşı həkim olduğunu deyirdilər. Hamiləliyimin hələ başlancığı, hardasa altıncı həftəsi idi. Bir az gözləyib, qayda üzrə hamiləliyin üçüncü ayından qeydiyyata düşməyi və bundan sonra həkim nəzarətində olmağı istəyirdim. Amma qaynanam israrla Məleykə həkimlə danışıb hər məsələni özü həll edirdi. İlk vaxtlar həkim mənə yüngül müalicə kursları təyin etdi. Hər görüşümüzdə o, məni saysız müayinələrə göndərirdi. Özəl xəstəxanalara gedirdim, orada da hər dəfə xeyli pul verməli olurdum. Bu qədər qan müayinələrinin məqsədi vardı. Sonradan da öyrəndim ki, Məleykə doktor məni yox cibinə gələn, hesabıma qazandığı pulu fikirləşirmiş.

Həkim hər dəfə vəziyyətim barədə heç bir problemin olmadığını deyirdi. Hər qan müayinələrinin cavabına baxdıqca, hamiləliyim qaydasında getdiyini bildirirdi. Qaynanam isə həkimi tərifləyirdi. Vəziyyətimlə əlaqədar mən heç bir təklif verə bilməzdim və ya kiminləsə məsləhətləşmək ixtiyarım yox idi. Səsimi çıxaran kimi həyat yoldaşımın anası ağzımdan vururdu. Ailədə söz-söhbət olmasın deyə qaynanama tabe olmuşdum. Sonuncu dəfə artıq dörd aylığında(bu ilin yanvarında) həkimin qəbuluna getdim. Həkimə son vaxtalar özümü pis hiss etdiyimi, ağrılarımın olduğunu dedim. Yenə də analizlər verməyimi məsləhət gördü, öz əli ilə qarın nahiyəmi yoxladı. O, xüsusi tibbi alətlə guya dölün ürək döyüntüsünə qulaq asdı, artıq xeyli böyüdüyünü dedi. Mən bir neçə dəfə həkimimə, eləcə də qaynanama ultrasəs müayinəsi(USM) etdirmək istədiyimi dedim. Qaynanam israrla “lazım deyil, həkim özü bilir”, cavabını verdi. Heç həkimim də lazım bilmədi. Özüm də təəccüb edirdim ki, axı ən azı bu vaxta qədər heç olmasa bir dəfə USM etdirməliydim. Qaynanamı nə əcəbsə gələcək körpəmin cinsiyyəti də heç maraqlandırmırdı.

Elə son görüşümdə də həkimə dedim ki, mənə USM üçün göndəriş yazın. Qaynanam imkan vermədi. Artıq hamiləliyimin beşinci ayında idim. Hətta anam da məni görəndə rəngimin, dodaqlarımın qaraldığını dedi və təşvişə düşdü. Qaynanamla məsləhət edib məni başqa həkimə aparmağı təklif etdi. Qaynanam isə ona qışqırdı, anama “bizim işimizə qarışmayın” dedi. Bir neçə gün keçdi, halım lap pisləşdi, qaynanama dedim ki, axı mən özümü pis hiss edirəm. Güldü mənə, “nə istiyirsən ki , hamiləsən də”. Həyat yoldaşımın təkidi ilə nəhayət başqa yerdə həkimə getməli olduq. İlk növbədə USM üçün kabinetə daxil oldum. Ultrasəs müayinəsi mütəxəsisi həkim “ay qız sənin qarnındakı döl hələ on həftəlik də deyil və artıq inkişafdan qalıb, tələf olub, təcili abort olunmalısan” dedi.

Elə bil başımdan qaynar su tökdülər. Həkimə “nə danışırsız, mən artıq beşinci aydayam ki”-dedim və bu vaxta qədər olanları ona danışdım. USM mütəxəsisi dəhşətə gəldi və “o hansı vicdansız həkimdir elə, sən bu vaxta qədər ölmüş dölü gəzdirmisən. Sən ölə də bilərdin, təcili qurtul bundan”, dedi. Qaynanam həkimlə bir az da mübahisə etdi və məni danlamağa başladı, hətta şər atdı. Dedi ki, bu vaxta qədər onu aldatmışam, bəlkə də əvvəldən hamilə olmamışam və “körpə” də yenicə ölüb.
Oradakı həkimsə dölün artıq çoxdan öldüyünü bildirdi.

Ardınca başqa həkimə getdim və abort zamanı həmin həkim də dəhşətə gəldi. Dölün çoxdan tələf olduğunu əyani şəkildə etiraf etdi. Bütün həkimlər möcüzə nəticəsində sağ qaldığımı dedilər. Qaynanam isə mənim halıma yanmaq əvəzinə, əksinə əleyhimə həyat yoldaşıma sözlər deyirdi. Mənsə ona ginekoloqun bizi aldatdığını və Məleykə həkimi şikayət edəcəyimi dedim. Biz ona zəng edəndə, həkim baş verənlərə heç inanmadı. Ginekoloq əvvəlcə qaynanam kimi mənə şər atdı, o da guya mənim əvvəldən hamiləlilik barədə yalan söylədiyimi dedi. Bir neçə gündən sonra özü zəng edib dedi ki, “bir işdir olub məni şikayət etmə, növbəti dəfə gələrsən sənə yaxşı baxacam.” O, artıq günahkar olduğunu, məsuliyyətsizliyini boynuna almışdı. Sonradan biz maraqlandıq ki, həkimim təcrübəli insandır. Sadəcə hər qəbulunda o pul gözləyirmiş, qaynanam isə ona “hörmət” etmirmiş. Bu səbəbdən o məni tezbazar başından edirdi. Qaynanam isə durmadan həkim əvəzinə oğluna mənim günahkar olduğumu deyirdi. Həyat yoldaşım isə günahsız olduğumu başa düşdü və məni ailəsindən ayırdı. İndi artıq ayrı yaşayırıq. O, da mənə dəstək verməsəydi, vəziyyət heç yaxşı olmayacaqdı.”

Səhlənkar ginekoloq cəzasız qalıb

Ekspert qismində həkim Almaz xanım Fatmanın başına gələnlərdə daha çox həkimin məsuliyyətsiz davrandığını deyir. “Ginekoloq nəzarətə götürdüyü hamilə qadını doqquz ay ərzində ən ayı üç aydan bir, üç dəfə USM-nə göndərməlidir. Çünki bəzən normal gedən hamiləliklərdə də gözlənilməz vəziyyətlər meydana gəlir. Dölün normal inkişafını izləmək mütləqdir. İndi hansı zəmanədir ki, hamiləlik dövrü USM-siz keçir. Fatmanın vəziyyəti isə lap təhlükəli olub. Ana bətnində tələf olmuş döl qadını zəhərləyib öldürə də bilərdi. Nadir hadisə olub ki, o bu müddət ərzində salamat qalıb. Ailə üzvündən hər hansı bir nəfər, elə qaynanalar da həkimin işinə müdaxilə edə bilməz.”

Hüquqşünas İlahə xanımın fikrincə, konkret hadisədə həkim böyük səhlənkarlığa yol verib. Həm sağlamlığa xətər yetirilib, həm də ginekoloq yalan danışıb, dörd aya qədər bir müddətdə xəstəsini aldadıb. Pasiyent istənilən halda bu gün də həmin həkimin məsuliyyətə cəlb edilməsini tələb edə bilər. Bu onun hüquqlarından biridir. Fatma xanımın dediyinə görə, həkim də öz səhvini boynuna alıb. Ginekoloq Məleykə həkim tutduğu vəzifəsində yol verdiyi səhlənkarlığa görə, bir necə formada cəza ala bilər. Bu iddianın qiymətləndirilməsindən və məhkəmə qərarından asılıdır. Səhlənkar həkim ən azı vəzifəsindən kənarlaşdırmalı, tibb sahəsindən uzaqlaşdırılmalıdır. Təəssüf ki, pasiyentlər bu cür hallarda həkimi şikayət etməkdən çəkinirlər. Belə həkimlər növbəti xəstəni qurbanı çevirə bilər. Bir neçə həkimin layiqli cəzalandırılması isə bir qisim həkimlər üçün yaxşı dərs olar.”

Raminə Eyvazqızı