“Ölüm-qalım mübarizəsi olacaq” - Teo Uiks

olum-qalim-mubarizesi-olacaq
Oxunma sayı: 841

"Qəbələ"nin yarımmüdafiəçisi Teo Uiksin "Qafqazinfo"ya müsahibəsi

- Sabah "Qarabağ"a qarşı sizi ağır oyun gözləyir. Bu matç haqqında nə düşünürsünüz?

- Mövsümün ən vacib matçıdır. Bizim seçimimiz yoxdur. Əgər çempion olmaq istəyiriksə, sabah mütləq qələbə qazanmalıyıq. 

- Qələbə qazansanız da, rəqib yenə sizdən öndə olacaq...

- Əgər bu oyunda xal itirsək, təəssüflə deməliyəm ki, çempionluq şanslarımız bitəcək. Çünki növbəti turlarda rəqiblərin "Qarabağ"dan bu qədər xal alması çətin görünür. 

- Hazırki vəziyyətdə çempionluq şanslarınız nə qədərdir?

- Bu matç finaldır. Şanslardan sabahkı qarşılaşmadan sonra danışarıq. 

- Son 3 oyunda vacib xallar itirmisiniz. Səbəb nədir?

- Futbol budur. Bəzən çətin vəziyyətə düşürsən və və bəxt də səndən qaçır. Bizim hazırki vəziyyətimiz bu cürdür. Uğursuzluq zolağındayıq. Amma çempion olmaq üçün belə çətin anlarda toparlanmaq və vacib nöqtəni qoymaq lazımdır. Əgər çempion olmaq istəyirsənsə, bu anları geridə qoymalısan.

- Qol epizodlarını boşa verməyinizin səbəbi nədir?

- Bəli, qol şanslarımızı boş veriirik və fərqlənə bilmirik. Burada fərdi fərqlər var. Hazırda şanslarımız qalır. Lakin əgər çempionluq itirilsə, həmin epizodlar bizim üçün kabus kimi olacaq. Növbəti oyunlarda eyni səhvləri etməməliyik. Şanslarımızı dəyərləndirib sona kimi mübarizə aparmalıyıq. 

- Avropa Liqasında sizin və Baqali Dabonun dueti məhsuldar alınırdı. Bəlkə yenidən eyni şeyi sınamaq lazımdır?

- Əgər Avropa Liqasında çıxış etdiyim mövqedə oynasam, daha çox qol vuracağıma əminəm. Vurduğum qolları rəqib səhvlərindən deyil, öz keyfiyyətli oyunumla bacardım. Çünki öz bacarığıma  inanıram. Əgər hücum xəttində çıxış etsəm, əlimdən gələni edərəm ki, qol vurum. 

- Yarımmüdafiənin mərkəzində əvvəllər də çıxış etmisiniz. Amma "Qəbələ"də hücumda başladınız. Çətinlik çəkirsiniz?

- Yox, heç bir halda çətinlik olmur. Çünki əvvəllər bu mövqedə oynamışam. 

- Amma irəli xətt sizin üçün daha rahatdır?

- Təbii ki...

- Kubokda da rəqibiniz "Qarabağ"dır...

- Ümid edirəm ki, biz orada da qalib gələcəyik. Futbolda finallar həmişə çətin olur. Əminəm ki, biz ordan üzüağ çıxacağıq. Mən komandama inanıram. 

- Sabah rəqibə nisbətən hücum xəttində daha inamlı təsir bağışlamalısınız...

- İndiki vəziyyətdə heç nə demək olmaz. Sabah nə olacağını birlikdə görəcəyik. Heç kim deyə bilməz ki, hansı komanda sabah daha inamlı oynayacaq. 

- Matçın referisi 19-cu turda "Qəbələ" - "Qarabağ" oyununu idarə edən Fariz Yusifovdur...

- O, yaxşı hakimdir. Sabahkı oyun ölüm-qalım mübarizəsi olacaq. Bu səbəbdən təcrübəli referinin təyinatı lazım idi.