Ölümə aparan qısa yol... - Fotolar

olume-aparan-qisa-yol
Oxunma sayı: 5346

Avropa Çempionatının açılış günü 17 yaşlı gəncin Bakı Olimpiya Stadionu yaxınlığındakı körpüdən yıxılaraq dünyasını dəyişməsi hələ də sosial şəbəkələrdə müzakirə olunur. Əvvəllər həmin ərazidən yolu düşən şəbəkə istifadəçiləri oranın həqiqətən də təhlükəli olduğunu, kiçik bir ehtiyyatsızlığın ölümlə nəticələnə biləcəyini yazır.

Bu zaman belə bir sual meydana çıxır: Həmin yol bu qədər təhlükəlidirsə, niyə hələ də insanlar buradan istifadə edir?

Qafqazinfo”nun əməkdaşları bu suala cavab tapmaq üçün sözügedən ərazidə olub. Bu gün Olimpiya Stadionunda 17 yaşlılar arasında Avropa Çempionatının qrup mərhələsində son oyunu olduğu üçün həmin yerdən istifadə edənlərin sayı xeyli çox idi. Müşahidələrimizdən belə nəticəyə gəldik ki, sualın cavabı çox sadədir: Atletlər kəndindən, metrodan Olimpiya Stadionuna ən qısa yol məhz budur. Odur ki, stadiona, yaxınlıqdakı Böyük Şor gölünə getmək və ya əksinə həmin ərazilərdən qayıtmaq istəyənlər təhlükəli olsa da, zaman itirməmək üçün bu yoldan istifadə edir.

Metrodan gələn zaman piyadalar qısa yola keçmək üçün əvvəlcə körpünün kənarlarındakı məhəccərləri aşmalıdır. Qayıdanda isə iki seçim olur: dəmir baryerlərin təzə yaşıllıq salınmış sağ tərəfi, ya da aşağısı avtomobil yolu olan daha təhlükəli sol tərəfi. Əfsuslar olsun ki, gənclər daha çox ikinci variantı seçir.

Ərazidə sakinlərin seçdiyi digər bir təhlükəli yol isə Ziya Bünyadov prospektinə qalxmaq üçün istifadə olunan yoldur. Bu zaman piyadalar beton döşəmə ilə dik yuxarı qalxmalı olurlar. Adi bir ehtiyatsızlıqda müvazinətini itirən şəxs aşağı doğru yuvarlana bilər.

Ərazidə müşahidə apardığımz zaman sakinlərlə stadionun mühafizəçilərinin, polislərin də həmin yolu seçdiyinin şahidi olduq.

Məsələylə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Katib bildirib ki, təhlükəsizlik baxımından qabaqlayıcı tədbirlər almağa çalışırıq, ancaq insanlar da həmin ərazinin nə qədər həyati risk daşıdığını dərk etməlidirlər:

“Biz insanları necə məcbur edə bilərik ki, təhlükəli yollardan istifadə etməsinlər?! Bu işə polis nəzarət etməlidir. İnsanlar həyatları bahasına, təhlükəli olsa belə qısa yol seçirlər. Hətta keçid olan yerlərdə belə yolu qaçaraq keçməyə üstünlük verirlər. Artıq bəzi insanlarımızın düşüncəsi dəyişməlidir. Fikirləşməlidirlər ki, bu, onun həyatı üçün təhlükəlidir. Həmin ərazidə yolun layihəsi belədir. Ancaq ehtiyac yaranarsa, gələcəkdə təhlükəsizliyin təmin olunması üçün nəsə fikirləşməyə məcburuq. Onsuz da, bütün layihələrdə nəyisə məcbur qalıb dəyişirik. Məsələn, təhlükəsizlik üçün yollara əyrixətli dəmir tellər quraşdırılmışdı. İndi məcbur qalıb, onu söküb beton düzürük. O dəmirlər təhlükəli deyil, sadəcə bizim bəzi sürücülərin mədəniyyəti çox azdır. Bundan başqa, sürüşmə səbəbilə avtovağzalın qarşısı bağlı olduğu üçün avtobuslar körpünün üzərində saxlayır. Həmin körpünün kənarlarında forsmajor situasiyalarda istifadə etmək üçün yerlər tikilib. İnsanlar ya oradan tullanıb keçirdi, ya da yaşıllıq zonasından istifadə edirdilər. Məcbur olub həmin hissəni hasarladıq. İndi də hasarın üstündən tullanıb keçirlər. Təhlükəsizlik baxımından qabaqlayıcı tədbirlər almağa çalışırıq, ancaq insanlar da nəyin təhlükəli olduğunu dərk etməlidirlər”.

Günel Hacı

Fotolar: Nuran Məmmədov