Adana Türkiyənin cənubunda Aralıq dənizindən 30 km məsafədə, Çukurova bölgəsində axan məşhur Seyhan çayının üstündə yerləşən gözəl bir şəhərdir. İki milyona yaxın əhalisi olan bu qədim şəhər müxtəlif vaxtlarda Het, Asur, Pars, Makedoniya, Rum, Ərəb, Səlcuq hökmranlıqları altında yaşamış, nəhayət, Yavuz Sultan Səlimin zamanında Osmanlı torpaqlarına qatılmışdır. Bu günkü Adana, sənayesi və kənd təsərrüfatı çox inkişaf etmiş bir bölgənin inzibati mərkəzidir. İstanbul, Ankara, İzmir və Bursa şəhərlərindən sonra ölkənin beşinci böyük şəhəridir.
Əslində Adana deyəndə ilk yada düşən “Adana kababı” olur: bu kababın dadı və ətri həqiqətən bütün dünyada tanınır. Ancaq Adana daha çox bir mədəniyyət mərkəzi, sənət ocağı olaraq önəmli mahiyyət daşıyır. Adananı məşhur edən dəyərlər arasında elmə, sənətə yüksək qiymət verən insanların olması xüsusi diqqətə layiqldir. Bu il yanvarın 16-dan 19-dək Adanada keçirilən mədəniyyət festivalı da məhz belə insanların şərəfinə düzənlənmişdi.
Tərkibində çoxlu sayda sənətsevər insanları birləşdirən Türkiyə Cümhuriyyəti “Altın Oran (Qızıl Nisbət) Düşüncə və Sənət Dərnəyi” Adana şəhərində “Adanaya Güc Verənlər-I” layihəsini reallaşdırırdı. Adanada fəaliyyət göstərən “Altın Oran Düşüncə və Sənət Platformu” (AODSP) bir növ bölgənin mədəniyyət lobbiçiliyini aparmağı öhdəsinə götürən özəl qurumdur. Məqsədi mədəniyyət və sənət vasitəsilə Adananı tanıtmaq, şəhərin ilginc dəyərlərini ön plana çəkmək, sənətdə yeni qüvvələrin və əsərlərin yaranmasına kömək etməkdir. Qurum əsasən elm-sənət bilikləri yayan bir məktəb kimi fəaliyyət göstərərək müxtəlif layihələr reallaşdırmaqla Adananın mədəni həyatında mühüm yer tutur.
“Adanaya Güc Verənlər-I” layihəsinin Sənətkarlıq məsələləri üzrə Baş Məsləhətçisi Haluk Uyğurun, əlaqələndiricisi Nazan Gökkayanın təşkilatçılığı ilə maraqlı bir tədbirə start verilmişdi. Layihənin əsas məqsədi mədəniyyətə xidmət edən elm, sənət adamlarını, ziyalı insanları bir araya gətirməklə örnək timsallı tədbir keçirməkdən, gənc nəsli yaradıcılığa, sənətə ruhlandırmaqdan ibarət idi. Müxtəlif məkanlardan dəvət olunmuş çoxlu sayda türkdilli mədəniyyət, incəsənət nümayəndələrinin qatıldığı tədbirə Azərbaycan ziyalıları da dəvət olunmuşdu.
“Adanaya Güc Verənlər-I” Adana tarixində qalacaq düşündürücü layihələrdən idi. Yanvarın 16-da AODS Platformu əməkdaşlarının bir il ərzində üzərində çalışdıqları tədbirin
təntənəli açılışı oldu. Açılış mərasimində Adana Böyük şəhər Bələdiyyə Başqanı Zihni Aldırmaz, Ceyhan Bələdiyyə Başqanı Hüseyin Sözlü, Adana Valiliyi nümayəndələri, Azərbaycandan dəvət olunmuş kulturoloq-yazıçı Akif Əli, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Kənan Murtuzov, Amerikada yaşayan Azərbaycan diasporunun nümayəndələri - Nyu-York “Meridian” İnternational Media Şirkətinin Prezidenti Pərvanə Abbaspur, araşdırmaçı-musiqiçi Nailə Beydulla Əziz, İstanbulda yaşayıb-işləyən azərbaycanlı əməkdar rəssam Teymur Rzayev, Adanadakı Azərbaycan Mədəniyyət Dərnəyinin başqanı Yaqub Bulud və b. iştirak edirdilər.
Festivalı çoxlu sayda yerli və dəvətli media nümayəndələri, o cümlədən, xüsusi proqram hazırlamaq üçün Ankaradan dəvət olunmuş İradə Korukluoğlunun rəhbərliyi ilə TRT-“Avaz”ın yaradıcı heyəti işıqlandırırdı.
Müxtəlif peşə və sənət sahibi olan 25 nəfər Adanaya təmənnasız xidmət etmiş örnək şəxs bir il öncədən seçilib müəyyənləşdirilmişdi. Layihədə adları keçən şəxslərin ömür yolunun yazılması və ifadəli fotolarının hazırlanması üçün həm özləri ilə, həm də yaxın çevrələri ilə görüşülmüşdü. Görüşmələrin ardından məlum 25 adamın 25 min ağ-qara fotosu İntibah dahisi Karavaccioya məxsus işıq-kölgə effektləri ilə (“Qaranlığı yaran işıq”) çəkilmişdi. Hər biri üçün 40 səhifəlik ayrıca kitablar hazırlanmış, kitablarda həmin məşhurların həyatı, yaradıcılığı, tanıyanların anlatmaları və portret fotoları yer almışdı.
Açılışda layihə barədə “Altın Oran Düşüncə və Sənət Platformu”nun Başqanı və layihənin rəhbəri Haluk Uyğur çıxış edərək bunları dedi:
“-Öhdəsinə düşən vəzifədən daha artıq çalışaraq, Adananı daha yüksəklərə qaldıran o qədər çox Adanalı var ki... Hamısı da məşhur rəssam Karavaccionun işıqlı tabloları kimi, müxtəlif sahələrdəki qaranlıqları öz ziyaları ilə aydınlatmışlar. Və onların çoxu indi yaşlaşaraq nə zamansa etdikləri yaxşılıqların qiymətləndirilməsinə fərq belə qoymadan sakitcə öz hücrələrinə çəkilib ömürlərini davam etdirirlər. Ancaq biz onların zəhmətinin heç olmasa xatırlanması naminə yola çıxdıq. Bu insanlar hələ həyatda varkən, hələ yaşarkən onların Adanalılar tərəfindən unudulmadıqlarını və heç vaxt unudulmayacaqlarını özlərinə göstərmək istədik. Çoxlu sayda qəhrəmanımız olmasına rəğmən, ilk mərhələdə yalnız 25 nəfərin 25 kitabını hazırlaya bildik. Elə bu üzdən layihəmizə “Adanaya Güc Verənlər-I” adını qoyduq, yəni davamı gələcək demək istədik. Adanaya təmənnasız xidmət göstərmiş hər kəsin qarşısında sayğıyla baş əyirik.”
Bu qeyri-adi, qeyri-ənənəvi festival həftə boyu davam etdi. Böyükşəhər Bələdiyyə Teatrının binasında təntənəli rəsmi açılış törənindən sonra, tədbir “75-ci İl” Sənət Qalereyasında şəhərin məşhur memarlarından Mine Limanın tərtibat verdiyi sərgi salonunda davam etdi. Toplam 250 foto əsərinin sərgiləndiyi həmin qalereyada Adanaya Güc Verən ünlü sənətçilər öz stendləri qarşısında tədbirə gələn qonaqlarla və digər tamaşaçılarla ünsiyyətdə oldular. Uzun müddət açıq qalacağı nəzərdə tutulan foto sərgi üçün məxsusi incəsənət qalareyasının hazırlanması, parça və dəmir qurğulardan istifadə etməklə nəhəng arakəsmə-stendlərin qurulması ekspozisiyaya baxanları məmnun edirdi. 25 məşhurun fotoqraflarını çəkən foto ustalarının yaradıcılığı da burada ayrıca yer alırdı. Sərgiyə qatılan layihə qəhrəmanları oxucularla görüşlər keçirib adlarına hazırlanan foto-bioqrafiya kitablarını imzalayırdılar.
Ertəsi gün Altın Oran Sənət qalereyasındakı “Qaranlığı yaran İşıqlar” adlı foto-sərgidən
başqa, açıq havada Abidin Dino adına salonda da başqa bir sərgi işləyirdi. Bu sərginin də ekspozisiyasında 25 məşhur şəxsin həyat və yaradıcılığına dair eksponatlar əks olunmuşdu. Yanvarın 18-də orada böyük Kitab Bayramı keçirildi və ünlü yazar Müzəffər İzgü oxucularla görüşərək öz kitablarını onlar üçün imzaladı. Tanınmış xəttat, rəssam Hatəm Çalışqan da tədbirə qatılmışdı. Sərgi salonunda Mahmut H. Kısakürəyin məşhur “Hacivat - Qaragöz” tamaşası göstərilirdi.
Qeyd edildiyi kimi, səmərəli zəhməti ilə Adananı tanıtmaq yolunda çalışmış 25 məşhur adamın hər biri haqqında ayrıca kitab-bukletlər hazırlanmışdı və hər kəsin fəaliyyəti barədə yazı mətnləri bol foto-illüstrasiyalarla müşaiyət olunurdu. Çukurova Üniversitetinin Qurucu Rektoru Prof. Dr.Mithat Özhan, Çukurova Universitetinin sabiq rektoru Prof.Dr.Can Özşahinoğlu, qocaman yazar Fevzi Acevit, məşhur İlizarov texnikasını Türkiyəyə gətirən Prof.Dr.Mahir Gülşen, Çukurova Dövlət Konservatoriyasının Qurucusu Prof.Yalçın Remzi Yüregir, İlk özəl Qız Məktəbi kimi fəaliyyət göstərən Ayas Kollecinin Qurucusu xanım Elizabet Ayas, pedaqoq Ferdane Bayıldıran, keçmiş məşhur futbolçu Selami Tekkazançı, qəzetçi-yazar Çetin Yiğenoğlu, keçmiş Fəxri Konsul, Çukurova Avropa Birliyi Çalışmaları Dərnəyinin Başkanı Teyfik Kısacık və digər məşhur Adanalıları bir araya toplamışdılar. Fərəhli və qürurverici idi ki, Adanada mədəniyyətin inkişafına, şəhərin tanınmasına əmək sərf etmiş 25 məşhur şəxs arasında həmyerlimiz, Çukurova Universiteti Dövlət Konservatoriyasının Teatr bölümünün qurucusu, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Prof.Dr.Cahangir Novruzov da var idi. Layihə çərçivəsində onun haqqında “Adanada bir bahar Cahangir Novruz” adlı kitab nəşr edilmişdi.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, teatr və kino aktyoru, istedadlı rejissor Cahangir Novruzovun yaradıcıllığı Azərbaycan sənətsevərlərinə yaxşı tanışdır. Tamaşaçılar sənətkarın ifasında müxtəlif kinofilmlərdən və teletamaşalardan Salman bəy (“Ordan-burdan”), Cahangir (“Yaşıl eynəkli adam”), Milis rəisi (“Bəxt üzüyü”), Dərviş və Qorodovoy (“Ac həriflər”), İzzət Nəfisli (“Bala - başa bəla!” ) və digər obrazları yaxşı xatırlayırlar. Onu da deyək ki, Cahangir Novruzovun sənət aləmindəki uğurları təsadüfi deyildir. O, Azərbaycan mədəniyyətinin inkişafında tarixi xidmətlər göstərmiş iki məşhur teatr xadiminin - aktyor Cahangir Zeynalovun və aktrisa Nəsibə xanım Zeynalovanın ailəsində dünyaya göz açmış, sənət yollarında qazandığı zəngin təcrübə ilə bu uğuru əsaslandırmışdır. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun Rejissorluq fakultəsində böyük sənətkar Mehdi Məmmədovdan teatr sənətinin sirlərini öyrənən Cahangir Novruzov müxtəlif zamanlarda Moskva və Leninqrad (Sankt-Peterburq) teatrlarında təcrübə keçmiş, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Şəki Dövlət Dram Teatrında və Gənc Tamaşaçılar Teatrında baş rejissor kimi çalışmışdır. Şəki teatrı ilə respublikamızdan kənarda - Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərində qastrol səfərlərində olaraq bir sıra beynəlxalq tədbirlərdə mükafatlara layiq görülmüşdür.
Artıq xeyli vaxtdır qardaş ölkədə yaşayıb-yaradan Cahangir Novruzov bu gün Türkiyədə də istedadlı yaradıcı şəxs kimi tanınır. Adana şəhəri Çuxurova Universitetində Teatr bölməsinin təməlini qoyaraq orada professor kimi səmərəli fəaliyyət göstərən, gənc teatr kadrlarının hazırlanmasında var qüvvəsi ilə çalışan Cahangir Novruzov Heydər Əliyevin təbirincə desək, eyni bir doğma xalqın hər iki ölkəsi arasında mənəvi-mədəni bağların daha da möhkəmlənməsi,
əlaqələrimizin inkişafı üçün xidmətlərini əsirgəmir. Adanada düzənlənən beynəlxalq festivalda onun yaradıcılığının da əksini tapması buna bariz sübut idi.
"Adanaya Güc Verənlər-I" layihəsinin möhtəşəm final tədbiri Çukurova Universitetinin Mithat Özsan Amfiteatrında gerçəklışdirildi. Layihə qəhrəmanları ilə yanaşı çoxlu sayda qonaqların da qatıldığı tədbirdə Çukurova Universitetinin Rektoru Prof. Dr. Mustafa Kibar səhnəyə qalxaraq Sənət Məsləhətçisi Haluk Uyğura və bəlli 25 şəxsə gül dəstələri təqdim etdi.
Sonra çıxış üçün ilk söz hörmət əlaməti olaraq Azərbaycanı təmsil edən ziyalılara verildi. Tanınmış yazıçı-publisist, fəlsəfə doktoru, kulturoloq Prof. Dr. Akif Əli Azərbaycan nümayəndələri adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, həmyerlimiz professor Cahangir Novruzovu böyük yaradıcılıq uğuru münasibətilə təbrik etdi, ona Azərbaycan Teatr Xadimləri İttifaqının rəsmi təşəkkür məktub-Ünvanı və müxtəlif hədiyyələr təqdim etdi. Akif Əli çıxışında xüsusi vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə peşəkar teatrımızın 140 illiyinin qeyd olunduğu bir dönəmdə məşhur Azərbaycan rejissorunu və aktyorunu dost, qardaş ölkədə təbrik etmək həqiqətən xoşdur. Sonda o, Türk dünyasının iki dahi şəxsiyyəti, ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürk barəsində “Böyük ömrün anları” illüstrativ kitabını sənətkara hədiyyə edəndə salonu gurultulu alqışlar bürüdü. Professor Cahangir Novruzovu təbrik edən digər həmyerlimiz, Nyu-Yorkda fəaliyyət göstərən “Meridian” İnternational Media Şirkətinin Prezidenti xanım Pərvanə Abbaspur şirkət tərəfindən nəfis tərtibatla hazırlanmış xüsusi plaketi sənətkara təqdim etdi. Pərvanə Abbaspur qardaş Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı naminə göstərdiyi səmərəli fəaliyyətində Cahangir Novruzova yeni uğurlar arzuladı.
Çıxışlar bitdikdən sonra təkrar səhnəyə qalxan Çukurova Universitetinin Rektoru Prof. Dr. Mustafa Kibar tədbirə qatılan bütün qonaqlara və tədbirin təşkilatçılarına, onun yüksək səviyyədə keçirilməsində əməyi olan hər kəsə təşəkkür etdi.
Təntənəli bağlanış gecəsinin sonunda səhnə Toktay Sökmen ve Bekir İvakın idarə etdiyi xor kollektivinə verildi. İnstrumental ansamblın müşaiyəti ilə Türk Sənət Musiqisindən ibarət maraqlı konsert proqramı gecəyə toplaşanlara duyğulu anlar yaşatdı. Çukurova Universitetinin Dövlət Konservatoriyasının tələbələri konservatoriyanın qurucularından olan Yalçın Yüregirin bəstələrini ilk dəfə səsləndirdilər. Konsert bitincə bütün layihə qəhrəmanları birlikdə səhnəyə çıxıb kollektiv şəkil çəkdirdilər və alqış sədaları altında tamaşaçılarla səmimi sağollaşdılar.
...Bəli, beləliklə, bir-birindən mənalı keçən, maraqlı tanışlıqlar və bol təəssüratlarla yadda qalan bənzərsiz Adana festivalı günləri sanki çox böyük sürətlə ötüb keçdi. Xoş əhvalla başa çatan festival eyni bir doğma xalqın müxtəlif məkanlardan gəlmiş övladları arasında ruh və amal birliyinin əyani nümayişi kimi xatirələrdə həzin təəssüratlar buraxaraq mülayim bir Adana gecəsində tarixə qovuşdu.
P. AZƏR