Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarında dəyişiklik ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əməkhaqqı saxlanılır.
Layihəyə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaqla orta əməkhaqqı saxlanılacaq.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
***
İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr ediləcək.
Layihəyə əsasən, işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər veriləcək:
əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində;
əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
***
Əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik ediləcək.
Mövcud qanunvericiliyə görə, işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.
İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
Layihəyə əsasən, işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda veriləcək.
İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda veriləcək.
İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçiriləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
***
Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması qaydasında dəyişiklik ediləcək.
Layihəyə əsasən, işəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndəriləcək.
Yuxarıda müəyyən edilmiş hal istisna olmaqla bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdiriləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
***
Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydasında dəyişiklik ediləcək.
Mövcud qanunvericiliyə görə, işçinin eyni vaxtda Əmək Məcəlləsinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.
Layihəyə əsasən, işçinin eyni vaxtda Əmək Məcəlləsinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyət hüququ olduqda hər iki maddənin hər biri üzrə əldə etdiyi əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdiriləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı