“Oqtay Mirqasımovun başı xarabdır” - Cavab

oqtay-mirqasimovun-basi-xarabdir-cavab
Oxunma sayı: 1210

R.İbrahimbəyov öncə məqalədə adının Oqtay Mirqasımovla birgə hallanmasına münasibət bildirməklə söhbətə başladı. Belə ki, “Yeni Azərbaycan” qəzetinin iddiasına görə, Kinematoqrafçılar İttifaqı Konfederasiyasının yardım olaraq ayırdığı 83 min dollar vəsait Kinematoqrafçılar İttifaqının xəzinəsindən yoxa çıxıb. O.Mirqasımov katiblikdə bu məsələni qaldırdıqda isə R.İbrahimbəyovun hücumlarına məruz qalıb və etiraz əlaməti olaraq Ittifaqı tərk edib:

- Oqtay Mirqasımovun necə adam olduğunu hamı bilir. Vaxtilə rəhbər vəzifədə çalışanda kino təsərrüfatını o dağıdıb, kinoteatrları satıb. Bütün bunları mən bəzən yada salıram. Ona görə məndən intiqam alır. Bu baxımdan “Yeni Azərbaycan” qəzetində dərc olunan yalan informasiya Oqtay Mirqasımovdan gələ bilər. Rəsmi şəkildə söyləyirəm, Oqtay Mirqasımovun başı xarabdır. Kinematoqrafçılar Ittifaqı Konfederasiyasının yardım olaraq ayırdığı 83 min dolların mənimsənildiyi də uydurmadır. On il əvvəl konfederasiyaya üzv olan ittifaqlara Moskvadan vəsait ünvanlamışıq. Moskvada konfederasiyanın mülkiyyəti bölünən zaman bizim ittifaqın payına da müəyyən vəsait düşdü. Özü də bu, 83 min dollar deyil, 90 min dollar idi. Hökumət bizə bir qəpik də pul vermir. Biz bu müddət ərzində ittifaqı saxlamalı, onun işçilərinə əməkhaqqı verməliyik. Bu vəsaitin hara xərcləndiyi rəsmi sənədlərdə var. Amma ötən müddət ərzində mən beşqat bu vəsaitdən artıq vəsaitimi xərcləmişəm. Bu da bunların “çox sağ ol”u. Öz pulumu xərclədiyim təqdirdə nəyə görə 90 min dolları mənimsəməliyəm. Bu, məntiqsizlikdir.

- İttihamlardan birinə görə, ittifaqın balansında olan çoxlu sayda avtomobil sənədlərdə qeydiyyatda qalsa da, əslində satılıb. Sizi hətta ittifaqın “Çayka” qonaq maşınını satmaqda da ittiham edirlər.
- Həmin “Çayka” özü də yerindədir, sənədləri də. Ötən müddətdə həm ittifaqı, həm də onun balansında olan avtomobilləri öz hesabıma saxlamışam. Ittifaqa gələrək dediklərimin həqiqət olduğunu görə bilərsiniz. Bütün bunlar reallıqdan uzaq böhtandır.

- Ən sərt ittihamlardan biri sizin Şəhidlər Xiyabanının ətrafındakı meşə massivini ələ keçirərək, orada restoranlar kompleksini tikmək niyyətinizin olmasıyla bağlıdır...
- Bayılda bizə ayrılan ərazidə kino kompleks tikməli idik. Bu məkan Bayılın qutaracağında yerləşir. Şəhidlər xiyabanı ilə bu ərazi arasında altı kilometr məsafə var. Amma bu ərazini artıq xeyli müddətdir ki, Neft Şirkəti zəbt edib. Bayılda tikmək istədiyimiz kinokompleksin proyekti də təsdiq olunub.

- Başqa bir iddiada vurğulanır ki, “Şərq-Qərb” festivalı üçün Içərişəhərdə qonaq evi kimi tikilən evi sonradan özəlləşdirmisiniz.
- Bu ev mənə 1986-cı ildə verilib. O zaman “Şərq-Qərb” festivalı heç planda da yox idi. Həmin ev veriləndə, demək olar, tamamilə dağılmış vəziyyətdə idi. Mən onu yenidən tikib, bərpa etdim. Sovet vaxtı bu ev mənim emalatxanam idi. Indi də şəxsi mülkümdür. “Şərq-Qərb” festivalı keçirilən zaman yer problemi yaşanırdı. Ona görə “Şərq-Qərb” festivalının qərargahı kimi mənim evimdən istifadə edirdik. Hazırda da Ziyalılar Forumu mənim evimdə toplaşır. Çünki başqa yerdə buna imkan yaratmırlar. Eyni zamanda evdə tamaşalar da qoyuram. Ikinci mərtəbədə isə yaşayıram. Bu məkan mənim 30 ildən artıqdır ki, evimdir. Bunu da sənədlərlə çox asanlıqla yoxlamaq olar. “Şərq-Qərb” festivalına ayrılan maliyyəni məniməsəmk üçün firma yaratdığım da yalandır. Bu festivalın təşkilati işlərin başqa bir firma qururdu. “Şərq-Qərb” restoranı da həmin şirkətin şəxsi restoranıdır. Biz müqavilə ilə həmin restorandan istifadə edirdik. Bundan başqa, digər restoranlarla da işləyirdik. Bu restoranın adı sadəcə “Şərq-Qərb” idi və festivalın rəsmi proyekti deyildi. Tamamilə başqa adamlara aid restoran idi. Ona görə bu restoran mənə aid olmadığından, onun söküntüsü zamanı da fəhlələrə pul verilməməsi də mənlə əlaqəli deyil.

- İddia olunur ki, 2002-ci ildə Moskva meriyası Ümumrusiya Azərbaycanlıları Konqresinə Tverskoy-Yamskoy küçəsində torpaq sahəsi ayırıb. Moskva meriyasının sərancamına uyğun olaraq ərazidə Azərbaycan Evinin tkitintisi olmalı imiş və guya siz rəsmi məktub yazaraq həmin ərazini satmısınız...
- Bu torpaq heç kimin adına ayrılmamışdı. Putinin adına məktub yazmışdım və şəxsən mənə torpaq sahəsi ayrılmışdı. Həmin torpağı bir milyon dollara Moskva meri Lujkov əlli illiyinə icarəyə vermişdi. Mən o zaman Konqressdəki imkanlı azərbaycanlılarla görüşdüm. Araz Ağalarova, Isgəndər Xəlilova dedim ki, bir milyon dollar vəsait lazımdır. Moskva meriyası belə bir torpaq sahəsini mənə ayırmağa hazırdır. Mənim orada Azərbaycan Evi tikmək niyyətim var. Amma bunun üçün maliyyə imkanım yoxdur. Görüşdüyüm şəxslər bu təklifdən imtina etdilər. Daha sonra əlacsız qalıb bir bankla müqavilə imzaladım. Həmin müqavilədə vurğulanırdı ki, bank həmin ərazidə ev tikəcək və həmin evin iki mərtəbəsini Azərbaycan Mədəniyyət Evinə verəcək. Hazırda bu məsələ yerindəcə qalıb. Hələ bank bu müqaviləni icra edə bilmir. Bu torpaq heç kimə satılmayıb.

- Başqa bir ittiham ittifaqın Şəkidə və Mingəçevirdə yerləşən sanatoriyalarının ərazilərinin bir hissəsinin satılması ilə bağlıdır.
- Şəkidə bizim yaradıcılıq evimiz var. Onun ərazisini vaxtilə keçmiş sovxoz, kolxozlardan alaraq bir yerə toplamışam. Nazirlər Soveti isə bu ərazinin maliyyəsini ödəyib. Bütün bunlar sovet dövründə baş verib. Həm sovet hökumətindən ayrılan maliyyədən, şəm də öz vəsaitimlə bu ərazini abadlaşdırmışıq. Bu istirahət evi indiyə qədər də yerindədir və orada insanlar istirahət edirlər. Yalanın da gərək dərəcəsi olsun. Başqa dövlətlər, hökumət bu cür istirahət mərkəzlərinə qayğı göstərir. Azərbaycanda isə biz bunu yalnız öz vəsaitimiz hesabına edirik. Mingəçevirdə isə Kürün ən səfalı yerində torpaq sahəsi almışam. Biz bu ərazini bərpa etsək də, həmin yerdə qaçqınlar yaşayır. Ötən müddət ərzində neçə hakimiyyət qoçuları bu ərazini ələ keçirməyə çalışsalar da, məhkəmə vasitəsilə buna imkan verməmişik.

- H.Seyidbəyli küçəsində kinematoqrafçılar üçün tikilən binanın satılmasını da sizin adınıza çıxırlar. Iddia olunur ki, siz və podratçı həmin binanı satmısız.
- H.Seyidbəyli küçəsində bir kinotetar tamamilə dağılıb, zibilliyə çevrilmişdi. Bu ərazini ittifaq arendaya götürdü və orada kooperativ bina tikildi. Bu evdən hər bir kino işçisi kvadrat metri 400 dollara olmaqla mənzil sahibi ola bilər. Hamı kimi mən də özümə 6-cı mərtəbədə mənzil aldım. Bu kooperativ evdən qazanılmış vəsait hesabına həmin ərazidə kinoteatr və teatr tikildi. Hər ikisi yerindədir və on ildən artıqdır camaat ora gedir.

- Sizə məxsus olan “Ibrus” şərab firmasında çoxlu sayda maliyyə oğurluqları və vergidən yayınma halları baş verdiyi bildirilir. Bundan başqa, sizin üzüm plantasiyalarınızın yerləşdiyi Şamaxı rayonundakı torpaq sahələrini qanunsuz özəlləşdirdiyiniz də iddia olunur...
- Bu da yalandır. Şamaxıda şəxsi torpaqlarım var. Ildə iki ton çaxır istehsal edirəm və onun bir hissəsini hədiyyə edir və istifadə edirəm. Bu, artıq mənim şəxsi işimdir. Bütün dünyada tanınmış şəxslər, kinorejissorlar bu cür fəaliyyətlə, hobbi ilə məşğuldurlar. Mən də həmin çaxırları “Ibrus” nişanı ilə istehsal edirəm. Özü də bu ittihamları ünvanlayanlar “Yeni Azərbaycan”ı da idarə edən hökumətin oğru başçılarıdır. Onlar ölkəni talan ediblər. Milyardlarla pulun hara getdiyi bilinmir. Evlər, adalar alanlar məni ittiham edirlər. Şamaxıdakı 2 hektar torpağı öz puluma almışam. Köhnə və son zəlzələ zamanı dağılmış evdir.

- Kino Evi nəzdində Kinematoqrafçılar Ittifaqı üçün 1994-cü ildə ayrılan ərazini mənimsəməkdə, həmin ərazidə ailə üzvlərinizə gizli şəkildə koteclər tikməkdə də ittiham olunursunuz.
- Bu da yalandır. Şamaxıda mən pulla camaatdan torpaq almışam və orada yaşayıram. Mənim iki hektar torpağım var. Ittiham irəli sürənlərin isə minlərlə hektar torpağı var. Hazırda da Bayıldakı 54 sot torpağımı zəbt ediblər və iddia edirlər ki, Şəhidlər xiyabanının yanındadır. Bütün ittihamlar reallıqdan uzaqdır. Bu kampaniya mənim ölkədəki reallıqları açıq şəkildə deməyimdən sonra başladı. Hökumət yaşlı bir insanla ona görə mübarizəyə başlayıb ki, həqiqəti danışıram. Başqa mübarizə imkanları olmadığı üçün, böhtan kampaniyası aparırlar.

- Məqalədə eyni zamanda siz ermənipərəstlikdə ittiham olunursunuz...
- Qələt edirlər. Çünki bu sözü deyənlər axmaqdır və siyasətdən anlamırlar. Biz istəyirik ki, Qarabağ bizim olsun. Hazırda Qarabağda yüz minlərlə erməni yaşayır. Biz deyəndə ki, onların hamısını qıracağıq. Ermənilər də soruşur ki, biz necə Azərbaycanın tərkibinə birləşə bilərik? Qarabağda yaşayan ermənilər bizim vətəndaşlardır və onları millətpərəstlər, daşnaklar, erməni hökuməti yoldan çıxarıb. Erməni hökumətinin böyükləri bizim düşmənimizdir və biz ya sülh, ya da müharibə yolu ilə torpaqlarımızı qaytarmalıyıq. Amma biz deməməliyik ki, biz erməniləri bir millət kimi qırmalıyıq.

- Sizin daha sonra “Oskar” mükafatı qalibi olmadığınız iddia olunur və bildirilir ki, bu mükafatı rus rejissor Nikita Mixalkov alıb. Və bu mükafatın sizə aidiyyəti yoxdur.
- Dünya şöhrətli kinorejissor Zanussi bu yaxınlarda Bakıda idi. Hər halda o belə şeylərdən daha yaxşı anlayır. O dedi ki, ölkənizə “Oskar”ı gətirən yeganə sənətkar Rüstəm Ibrahimbəyovdur. Əksini yazanlar savadsızdır. Aldığım “Oskar” əcnəbi dilində çəkilən ən güclü, yaxşı filmə verilib. Bu nə Mixalkova, nə Ibrahimbəyova verilib. “Oskar” komitəsinin qanunlarına görə, bu mükafat filmin müəlliflərinə aiddir. Müəlliflər də ssenarist, rejissor, bəstəkar, prodüsserdir. Biz mükafatı bölməli deyildik ki?

- Sizin hazırkı dövlət başçısı ilə münasibətləriniz hər zaman yaxşı olub. O zaman sizə qarşı aparılan bu kampaniyanın arxasında kimlər dayanır?
- Mənim İlham Əliyevlə münasibətim yaxşı olub, indi də ona normal yanaşıram. Çünki ittifaqın evi tikilərkən bəziləri buna mane olmaq istəyirdi. O zaman Ilham Əliyevə müraciət etdim. O da Heydər Əliyevə söylədi və nəticədə problem aradan qalxdı. Mənim Ilham Əliyevlə görüşümdən sonra onun kino sahəsinə qayğı ilə bağlı bir sərəncamı da olmuşdu. Amma bu sərəncamdan dərhal sonra kimsə “Dalğaların birləşməsi” əsərimi ona təqdim edərək, həmin kitabda hökuməti sərt tənqidə məruz qoyduğumu deyib. Elə bu ərəfədə də mətbuatda tənqidi çıxışlarım yer alırdı. Görünür, bütün bunlar üst-üstə qoyulub. Mənə qarşı kampaniyanın arxasında konkret kimin dayandığını deyə bilmərəm və ya prezidentin münasibəti mənə qarşı dəyişib, yoxsa yox. Baş verənlərlə bağlı Ramiz Mehdiyev, Fatma Abdullazadə, Əli Həsənov, Əli Əhmədovun adını çəkə bilərəm. Lakin Bayıldakı torpağın zəbt olunması ilə bağlı bir bir neçə dəfə prezidentə müraciət edəndə cavab gəlib ki, o torpaqların boşaldılması və sahiblərinə qaytarılması barədə göstəriş verilib. Rövnəq Abdullayevlə danışanda o da buna etiraz etməyib. Amma yenə vurğulayıb ki, bu, şirkətin torpağıdır. Ona görə mən məhkəməyə müraciət etdim. Məhkəmələrin isə necə işlədiyin hamı bilir. Dövlət başçısı deyir torpaqlar qaytarılsın, amma şirkət başqa şey deyir. Dəfələrlə mənə deyilib ki, dövlət başçısı sizin tərəfinizdədir. Indi nə etmək olar ki, o, Neft Şirkətinin rəhbəri ilə bacarmır. Bu, artıq mənlik deyil. /Azadliq.info/