“Ora MTN nümayəndələrinin tapşırığı ilə getmişdik”

ora-mtn-numayendelerinin-tapsirigi-ile-getmisdik-
Oxunma sayı: 782



Oktyabrın 23-də keçmiş döyüşçü, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş İbad Hüseynov “Media forum” saytının suallarını cavablandırıb. Son günlər ölkə mediasında müzakirə olunan məsələlərdən biri də 1993-cü ildə Qarabağda məhv edilmiş “Avo” ləqəbli erməni terrorçu Monte Melkonyanı kimin öldürməsidir. Bəzi hərbçilər Melkonyanı müharibə vaxtı kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş İbad Hüseynovun öldürmədiyini iddia edir. İbad Hüseynovla müsahibədə bu məsələlərə toxunulub.


- Monte Melkonyanı sizin öldürmədiyinizi deyənlərə cavabınız nədir?

- “Monte Melkonyanı İbad Hüseynov məhv etməyib” deyənlərdən soruşmaq lazımdır ki, bəs onda mənim əlimdəki kəsilmiş baş kimin başıdır? Bununla bağlı fotolar və video dəfələrlə yayımlanıb və hamı görür ki, mən əlimdə Monte Melkonyanın kəsilmiş başını tutmuşam. Mən döyüşçü, kəşfiyyatın komandiri olmuşam. Məni Monte Melkonyanı məhv etmək üçün göndərmişdilər, ora komandanlığın, Milli Təhlükəsizlik Nazirliyi nümayəndələrinin tapşırığı ilə getmişik. Bizim ora hansı yollarla, hansı əziyyətlə getdiyimiz həmin prosesin iştirakçısı olmuş hər kəsə məlumdur. İndi bu haqda danışanların birinin cəsarəti vardımı cəbhəni yarıb ermənilərin arxasına keçəydi, bir əməliyyat keçirəydi? İndi danışmağa nə var? Biz döyüş bölgəsini keçib ermənilərin içərisinə doğru on beş kilometr irəliləmişik, orada üç gün qalıb Monte Melkonyanı tutub məhv etmişik.

Bundan başqa, Qarabağda müharibə başlanan ilk günlərdən döyüşmüşəm. Monte Melkonyan kimi yüzlərlə Melkonyanlar məhv etmişəm. Onu öldürdüyüm əməliyyat mənim keçirdiyim ən asan, sadə, adi döyüşdür. Ona qədər ermənilərin yüzlərlə daha yüksək vəzifəli, əsas döyüşçülərini məhv etmişəm. Bunu ermənilər də yazırlar, təsdiqləyirlər. “Monte Melkonyanı İbad Hüseynov məhv etməyib” deyənlər bunu niyə nəzərə almırlar?!

- Siz həmin əməliyyata neçə nəfərlə birlikdə getmişdiniz?

- Biz on dörd nəfər olmuşuq. Həmin əməliyyatda iştirak edənlərdən bir nəfər dünyasını dəyişib, qalanları sağdır. Bundan başqa əməliyyatı hazırlayan, tapşırıq verən komandirlər var. Bu, adi bir əməliyyat deyildi ki, mən özbaşına bunu edim. Bəyəm dəliydim ki, durduğum yerdə gedib ermənilərin içərisinə daxil olam, ölümə gedəm?! Bunların deməyindən belə çıxır ki, guya bir neçə “Avo” varmış. Biz Monte Melkonyanı məhv edəndən sonra əməliyyat yerinə dörd tank, iki hərbi avtobus gəldi. Tanklardan, avtobuslardan erməni döyüşçüləri düşdülər, hər tərəfi gəzib “Avo, Avo” deyib qışqıra-qışqıra Monte Melkonyanı axtardılar. Adi bir əsgəri bu formada axtarmazdılar. Erməni əsgərləri arasında elələri vardı ki, indi Monte Melkonyanı mənim öldürmədiyimi iddia edən Talib Məmmədovu diri-diri yeyərdi. Biz əməliyyat yerindən böyük əziyyətlə çıxa bildik. İndi kimlərsə boş-boş, əsassız yerə danışırlar.

- Sizcə, niyə 20 ildən sonra bu məsələ gündəmə gəlib?

- Bunu deyənlər mənim etdiyim qəhrəmanlıqlara paxıllıq edirlər, xainlikləri tutur. Kimin nə deməsindən asılı olmayaraq Monte Melkonyanı mən məhv etmişəm, bu döyüş mənim taleyimə, qismətimə yazılmış bir əməliyyatdır. Onu məhv etdiyimizə dair bütün sübutlar, dəlillər var. Monte Melkonyanın şəxsi əşyalarını da gətirmişdim. Onun qələmi indi də məndə qalır. Qələmin üzərində erməni dilində Montenin arvadının adı yazılıb. İndi bunu müzakirə obyekti etmək dövlətə, millətə xəyanətdir. Bunu edənlər ermənilərə mövzu verirlər, ermənilərin sözünü təsdiqləyirlər. Amma mən çox rahatam. Monte Melkonyanı öldürmüşəm, bu mənim canım-qanım bahasına başa gəlmiş qəhrəmanlıqdır.

- Sizin Monte Melkonyanı məhv etdiyinizə dair dövlət orqanlarında hansısa sənədlər, sübutlar varmı? Siz gətirdiyiniz dəlilləri dövlət orqanlarına vermisinizmi?

- Bir neçə il əvvəl Monte Melkonyanın məhv edilməsi haqda filim çəkilməsi məsələsi gündəmə gəlmişdi. Onda Milli Təhlükəsizlik Nazirliyi üç ay araşdırma aparıb, bunu təsdiqləyib və bundan sonra filim çəkilib. İndi kimsə iddia edir ki, mən nə vaxtsa özümü “Vüqar Həsənov” kimi təqdim etmişəm. Ola bilər ki, kimsə mənim haqqımda yazı yazanda belə bir şey edib. Keçmiş döyüşçü-kəşfiyyatçı kimi bunu başa düşürəm. Bunu ona görə ediblər ki, ermənilər mənim izimə düşməsinlər. Amma özünü general, polkovnik sayanlar bunu başa düşmürlər.