Otabek Umarov Asiya Olimpiya Şurasının Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti seçildi - Fotolar

otabek-umarov-asiya-olimpiya-surasinin-merkezi-asiya-regionu-uzre-vitse-prezidenti-secildi
Oxunma sayı: 871

Hindistanın Nyu-Dehli şəhərində Asiya Olimpiya Şurasının (OCA) 44-cü Baş Assambleyası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Baş Assambleya çərçivəsində təşkilatın rəhbər vəzifələrinə seçkilər baş tutub.

Seçkilərdə təşkilata müvəqqəti rəhbərlik edən Raca Randhir Sinqh OCA-nın prezidenti vəzifəsinə seçilib. Bundan başqa, 5 region üzrə vitse-prezident seçkiləri keçirilib.

Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, İran və Əfqanıstanın daxil olduğu Mərkəzi Asiya regionu üzrə təşkilatın vitse-prezidenti vəzifəsinə Otabek Umarov seçilib.

Buna qədər Otabek Muhammadalieviç Daşkənddə keçiriləcək 2025-ci il Asiya Gənclər Oyunlarının vitse-prezidenti vəzifəsində çalışıb.

Hazırda icra etdiyi vəzifə müvəqqəti olsa da, onun yeni seçildiyi vəzifə daimidir. Bu isə onun qitənin 5 regionundan birində olimpiya hərəkatının inkişafına rəhbərlik edəcəyini deməyə əsas verir.

Tədbirdə çıxış edən Otabek Muhammadalieviç dünyada Asiya idmanının nüfuzunun artdığını bildirib. O bunun əyani sübutu kimi Paris-2024 Yay Olimpiya Oyunlarında idmançıların layiqli çıxış etməsini və 4 Asiya ölkəsinin medal sıralamasında ilk 15-liyə daxil olmasını göstərib.

Bundan əlavə, o, Fransada keçirilmiş dördilliyin zirvə yarışlarında Özbəkistan nümayəndə heyətinin qazandığı tarixi nailiyyətin dövlət başçısının idman sahəsinə verdiyi dəstəyin nəticəsi olduğunu vurğulayıb.

Otabek Umarov, həmçinin ona inananların etimadını doğruldacağını, olimpiya hərəkatının saf və nəcib ideyalarının regionda daha geniş yayılması üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

olympic.uz