Övladının toyunda söz deyə bilməyən ata...

ovladinin-toyunda-soz-deye-bilmeyen-ata
Oxunma sayı: 9670

“Allah xoşbəxt eləsin”.

Niyə bir ata övladının toyunda bundan artıq söz deyə bilməsin?

Axı o bunu deyib ardınca hamının başından büküm-büküm pul tökür... Qoltuğuna bu qədər pul yığan ata, necə olur ki, qoltuğunun altına beşcə kəlmə söz yığa bilmir?

Demək, məsələ sözü dəyərli saymamaqdır, sözə görə əziyyət çəkməməkdir.

Nazim Hikmətin təbirincə desək, bu insanlar “sol məməsinin altındakı cəvahir”i bəsləməyən, ancaq cibini bəsləyənlərdir.

Əvvəllər belə adamları da normal qəbul edirdim, indi kəskin qınayıram. Övladının toyunda danışa bilməyən, ancaq hamının başından küllən pul tökənlərə içimdə ayıb edirəm.

Bu adamlar, adətən, “uşağına gün ağlayan”lar kateqoriyasına aid olur. Onlar ömürlərini nə qədər övladları varsa, o sayda ev almaq qədər ağır işə sərf edirlər. Əksərinin ürəyi 50-60 yaş arası bu ağırlığa dözmür.

Bu insanların əksəri bu işi, təbii ki, öz halal zəhmətləri hesabına edirlər. Əks halda, 3 ev almaqda nə əziyyət var?

Halal zəhmətləri ilə etdikləri üçün ömürlərinin ən gözəl, həyatdan qat-qat ləzzət ala biləcəkləri illəri qurban gedir.

Uşaqları da hər şeyə hazır nail olduqları, onların həyat yolunun bütün tikanlarını ataları süpürdüyü, yolları hamar olduğu üçün tez addımlayır. Yol bitdikdən sonra məşəqqət başlayır; uzun illər hazır evdə yaşayan, əlini ağdan qaraya vurmayan ətcə balalar ömürlərinin orta yaşında çətinlik gördükdə işə içki, nəşə, oğurluq və başqa “çıxış yolları” gəlir. Və bu yerdə bir zamanlar uşaqlarına gün ağlayan həmin valideynlər uşaqlarının gününə ağlayırlar.

Toylar elimizin öz gücü ilə fırladığı yeganə dəyirman olduğu üçün ən səmimi qənaətlərə də bu mərasimlərdə gəlmək olur. Elə, toyla ona görə başladım ki, söz açdığım insan tipini görmək üçün ən uyğun yer toydur!

Ey valideynlər, çıxış etmək üçün xüsusi çalışmağa, mikrofon aşiqi olmağa ehtiyac yoxdur! Ancaq əmin olun ki, siz kitab oxusaydınız, könlünüzdə, illah da, belə xoş gündə gözəllərin ən gözəli - ümid, arzu özünə taxt-tac qurardı və belə gündə o taxt-tac sahibi sizi şeydaca ötdürərdi. Yoxsa sizin ən əziz gününüzdə, məsələn, bircə qızınızın (!) toyunda sıs-sıss sısıldayan ofisiant, ansambldan fərqiniz nə olur?

Övladın və onun pərəstiş etdiyi insan üçün qoya biləcəyiniz yeganə miras elə budur; söz.

Sən ona balıq vermə, balıq tutmağı öyrət.

Sən ayrısı deyilsən, mənim qardaşımsan, qardaşım.

Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün.