“Özünüzə gəlin” demişdi - Gəldik! - Video

ozunuze-gelin-demisdi
Oxunma sayı: 10196

Xəbər verdiyimiz kimi, Qarabağda qondarma rejimin “prezident”i olmuş Arayik Harutyunyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, onun barəsində Azərbaycan ərazisində təcavüzkar müharibənin aparılmasında iştirak etməsinə, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Harutyunyan, həm də Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunur. 2020-ci il oktyabrın 4-də o özü də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi: “Mənim sərəncamımla “Artsax” silahlı qüvvələri bölmələri yaylım raket atəşi sistemi vasitəsilə Gəncə şəhərini vurub. Özünüzə gəlin! Özünüzə gəlin, çünki daha böyük şəhərləri vurmağa ehtiyac olarsa, digər şəhərləri vurmağa davam edəcəyik....”

“Özünüzə gəlin!” mesajından qısa müddət sonra Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Harutyunyanı öz torpağımızda – Xankəndidə həbs etdi. Oktyabrın 3-də Xankəndi şəhərində tutulan A. Harutyunyan Bakıya gətirildi.

Ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.