Pakistanda bu iki məsələni müzakirə edəcəklər

pakistanda-bu-iki-meseleni-muzakire-edecekler
Oxunma sayı: 304

İran və ABŞ nümayəndə heyətləri arasında Pakistanda keçirilən tarixi görüşdə Hörmüz boğazının statusu və İranın nüvə proqramı əsas müzakirə mövzuları olacaq.

“Qafqazinfo” “GeoTV” telekanalına istinadən xəbər verir ki, aprelin 8-də əldə olunmuş ikihəftəlik atəşkəs razılaşmasından sonra tərəflər ilk dəfə birbaşa tələblərini masaya qoyublar.

Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp strateji əhəmiyyətli Hörmüz boğazının qeyd-şərtsiz və dərhal beynəlxalq gəmiçilik üçün açılmasını tələb edir. Tehran isə Livanın da atəşkəs razılaşmasına daxil edilməsində israr edərək İsrailin Livandakı hücumlarına kəskin reaksiya verib. İran rəsmiləri İsrailin zərbələrinin Pakistandakı danışıqları “mənasız” etdiyini açıqlayıblar.

Eyni zamanda, görüşdə İranda uranın zənginləşdirilməsi məsələsinə də toxunulacağı bildirilir. ABŞ vitse-prezidenti Cey. Di. Vens isə Pakistana səfərdən öncə xəbərdarlıq edib ki, əgər İran ABŞ-ni aldatmağa cəhd etsə, dialoq müsbət nəticə verməyəcək.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Bu hücumlar nəticəsində İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Buna cavab olaraq İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdəki hədəflərə zərbələr endirib.