“Pandemiya ilə mübarizədə vətəndaş məsuliyyəti çox vacibdir” - Foto+Video

pandemiya-ile-mubarizede-vetendas-mesuliyyeti-cox-vacibdir
Oxunma sayı: 12807

Milli Məclisin deputatı, Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərovanın “Qafqazinfo”ya müsahibəsi:

- Uzun illərdir ki, QHT rəhbəri, prorektorsunuz. Necə oldu ki, deputat olmaq qərarına gəldiniz? 

- Sonuncu Prezident seçkilərindən sonra ölkədə islahat ab-havası başlandı. Mən də bu islahatların gedişini ictimai xadim və universitet müəllimi kimi yaxından izləyirdim. Bu islahatlara dəstək vermək ürəyimdən keçirdi. Parlament buraxılandan sonra qərar verdim ki, mən də islahatçı parlamentə üzv seçilmək üçün namizədliyimi verim və cənab Prezidentin parlament qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsinə öz töhfəmi verim. 

- Təşviqatınız maraqlı məqamlarla yadda qaldı. Rəqiblərinizin sizə münasibəti necə idi? 

- Seçki özü rəqabət deməkdir. Rəqiblərimin əksəriyyəti kişi namizədlərdən ibarət idi. Mən bir məqamı həmişə müşahidə etmişəm ki, kişi rəqiblər həmcinslərindən daha çox qadınlara qarşı güclü mübarizə aparmağa çalışırlar. Mən də öz rəqiblərimin mənə qarşı olan rəqabətini hiss edirdim. Ancaq onların heç bir cəhdinə cavab vermirdim. Öz seçki təşviqatımla məşğul olurdum və güman edirəm ki, düzgün mövqe tutmuşdum. Heç bir diskusiyaya getməmişəm. 

- Kampaniyanız zamanı kəndlərdən birində uzunqulağın üstündəki yaşlı adama buklet təqdim edən zaman çəkilən foto böyük marağa səbəb oldu. Həmin şəkil təsadüfi çəkilmişdi? 

- Seçki vaxtı Şamaxının bütün kəndlərində olmuşam. Həmin şəklin çəkildiyi yer Keçmədin kəndidir. Çox əsrarəngiz təbiəti olan bir kənddir. Təəssüf ki, mənə bildirdilər ki, o kənddə cəmi beş ailə yaşayır. Qərara gəldim ki, hər hansı kənddə bir ailə də yaşasa belə ora gedəcəm. Çünki hər bir vətəndaş bir seçicidir. 10-12 nəfər vətəndaş yığıldı və biz görüş keçirdik. Daha sonra gördük ki, ulağın üstündə bir kəndli gəlir. Köməkçilərim istədilər ki, özləri yaxınlaşıb haqqımda olan bukleti yaşlı adama təqdim etsinlər. Düşündüm ki, özüm yaxınlaşıb görüşsəm, daha məqsədəuyğun olar. Yaxınlaşıb özümü təqdim etdim. Dedi ki, mənim şəklimi görüb və tanıyır. Dedim ki, bukletdə haqqımda olan məlumatları oxuyub daha yaxından tanıyarsınız. Belə bir gözəl dialoqumuz oldu. Səhəri gün öyrəndim ki, həmin foto sosial şəbəkələrdə böyük marağa səbəb olub. 

- Şamaxılılar sizi necə qarşıladı, tanıyanlar çoxluq təşkil edirdimi? Bildiyimə görə, atanız Şamaxıda tanınmış şəxs olub.

- Yaşlı nəsil babamı, atamı tanıyırdı. Getdiyim kəndlərdə camaaat biləndə ki, mən filankəsin nəvəsiyəm və ya qızıyam, onlar bunu xoşluqla qarşılayırdılar. Deyirdilər ki, babanız, atanız yaxşı insanlar olub, xeyriyyəçilik ediblər. Yaşlı nəslin nümayəndələri onlardan ağız dolusu danışırdılar. Cavan nəsil arasında təbii ki, tanımayanlar çox idi. Onlar tərəddüdlə yanaşırdılar ki, mən şamaxılı olsam da, orada yaşamamışam. Deyirdilər ki, nə üçün gəlib Şamaxıdan namizədliyinizi vermisiz? Çalışırdım ki, özümü onlara təkcə şamaxılı kimi yox, 40 illik pedoqoji təcrübəsi olan müəllim, ziyalı və həmçinin vətəndaş cəmiyyətinin, qadın hərəkatının təcrübəli bir nümayəndəsi kimi tanıdım. Görüşlər zamanı qadınlar mənə daha çox suallar verir, qadınlarla bağlı planlarımla maraqlanırdılar. Qadın namizəd onlar üçün daha maraqlı idi.

- Seçkinin nəticələri elan olunana qədər qərargahınızın üzvlərinə bunu bayram etməməyi tövsiyə etmişdiniz. Necə düşünürdünüz, deputat olmaya bilərdiniz? 

- Əlbəttə, hər şey ola bilərdi. Bu, seçkidir. Son anı gözləmək çox həyəcanlıdır. Seçki günü ofisimdən heç hara çıxmadım. Səlahiyyətli nümayəndələrim, vəkillərim məntəqələri gəzirdilər, seçkinin gedişini izləyirdilər. Axşam 8-9 arası “exit- poll” elan olundu. Nəticələrdə mənim öndə getdiyim görünürdü. Təbii ki komanda üzvlərim çox sevindi. Amma qərargah üzvlərimə bir irad bildirdim ki, sevinmək hələ tezdir. Mərkəzi Seçki Komissiyasının ilkin rəyini gözləyək, bundan sonra sevinərsiniz. Səhər 6-ya qədər biz o qərarı gözlədik. Məndən çox komandamın üzvləri sevinirdilər. Fürsətdən istifadə edib seçki komandamın bütün üzvlərinə, xüsusən şamaxılı könüllülərimizə bir daha təşəkkür edirəm. 

- Azərbaycanda seçicilər deputatın vəzifəsinin nədən ibarət olduğunu bəzən bilmir. Deputata daha çox maddi yardım edən, yolçəkən, iş düzəldən kimi baxırlar. Bu streotipləri aradan qaldırmaq üçün sizcə, nə etmək lazımdır?

- “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda deputatların vəzifələri qeyd olunub. Bu vəzifələrdən biri seçicilərlə işdir. Qanuna görə “deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər və seçicilərinin müraciətləri, ərizələri və şikayətləri əsasında müvafiq qurumlara müraciət edə bilər. Amma çox təəssüf ki, bir çox vətəndaş bunu dəqiq bilmir. Təbii ki, deputatın vəzifəsi heç də yardım paylamaq deyil. Onun birinci vəzifəsi parlamentdə qanunların qəbul prosesində fəal iştirak etməkdir. İkincisi isə, seçildiyi dairədə vətəndaşlarla işləməkdir. Xüsusilə qeyd etmək istəyirəm ki, martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev Milli Məclis və deputatlar qarşısında vəzifələr qoydu və deputatlara da tövsiyə etdi ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar.

Mən də çalışıram ki, Cənab Prezidentin deputat kimi bizim qarşımıza qoyduğu vəzifələri yerinə yetirim. Bildiyiniz kimi, VI çağırış parlamentin iş dönəmi pandemiya dövrünə təsadüf etdi. Biz öz fəaliyyətimizi karantin rejimi qaydaları çərçivəsində qurmağa məcbur olduq. Belə ki, seçicilərlə əsasən onlayn görüşlər keçirirəm. Vətəndaşlar problemləriylə bağlı Milli Məclisə də müraciət edirlər. Müraciətlərlə bağlı aidiyyatı orqanlara sorğular göndəririk. Yerində həll etmək mümkünsə aidiyyatı qurumlara zəng edib həll etməyə çalışırıq. Pandemiya başlayan dövrdə ən çox müraciətlər yardımla bağlı idi. Bu da gözlənilən idi. Mən də imkanım daxilində mənə müraciət edən seçicilərimə vaxtaşırı olaraq maddi yardımlar edirdim.

Bundan əlavə, təmsil etdiyim Şamaxı rayonunun bəzi kəndlərində, məsələn Bağırlı, Göylər kəndində qızları 15-16 yaşında nişanlayırlar. Erkən nikahlar baş verir. Xahiş ediblər ki, buna qarşı kompleks mübarizə aparaq. Pandemiya qurtaran kimi ilk işim bütün məktəbləri bir-bir gəzmək və bu istiqamətdə maarifləndirmə tədbirləri aparmaq olacaq. Həmin iki kənddə isə valideynlərlə görüş keçirəcəm. 

- Tələbələrin təhsil haqqıyla bağlı problemlərinə həssas olduğunuzu bilirəm. 

- Mən 40 ildir ki, müəlliməm. Müəllim təkcə dərs demir, həm də tərbiyə edir. Tələbələrimə bir valideyn kimi yanaşıram. Hansısa tələbənin narahatlığını hiss edəndə o deməsə belə, bunun səbəbini ondan soruşuram. Çalışıram ki, həmin tələbə problemini mənlə bölüşsün. Mən həmişə çalışmışam ki, tələbələrimlə dost olum. Prorektor olduğum müddətdə də yaxşı oxuyan, imkansız ailələrdən olan bir çox tələbələrə öz əməkhaqqımdan təqaüdlər təyin etmişdim. Bəzi tələbələrin təhsil haqqının ödənilməsinə kömək etmişdim. Bütün bunları etməyə bilməzdim. Əgər kiminsə probleminin həlli mənim imkanım daxilindədirsə, onu mən həmişə etməyə çalışıram. 

- Kənardan sərt qadın təsiri bağışlayırsınız. Ünsiyyətdə olan zaman isə bunun əksini müşahidə edirik. Sizi daha çox necə tanıyırlar?

- Haqlı olaraq qeyd etdiniz kimi, kənardan məni çox zaman quru, bir az özünüçəkən biri kimi qələmə verirlər. Bəlkə də bu cür təəssürat bağışlayıram, bilmirəm. Amma mənlə tanış olandan, xüsusilə yola çıxandan sonra deyirlər ki, məni tanımayıblarmış. Deyirlər ki, tamam başqa cür təsəvvür edirdik, ancaq başqa adamsınız. 

- Adınızla bağlı bir kompleks yaşamırsınız ki?  

- Mənim adımın bir tarixi var. Adım atamın nənəsinin adıdır. Mənim babam öz ilk qız nəvəsinə, yəni mənə öz anasının adını verib. Ancaq mən uzun illər adımı sevməmişəm. Həmişə düşünürdüm ki, adım çox köhnədir. Məndə bir kompleks var idi ki, başqalarının adı Sevda, Gülnar, Sevinc kimi müasir adlardır. Hətta bir ara deyirdim ki, adımı dəyişəcəm. Babam buna görə məndən incidi. 1978-ci ildə mən Lomonosov adına Moskva Dövlət Universitetinin üçüncü kursunda oxuyurdum. Ümummilli lider o zaman Moskvada oxuyan azərbaycanlı tələbələrlə görüşdü. O zaman mənim adımı eşidəndə soruşdu ki, sənə bu adı niyə veriblər? 

2001-ci ildə Gülüstan sarayında müstəqilliyimizin 10 illiyi qeyd edilirdi. Ümummilli lider qadınların olduğu masaya yaxınlaşdı. Hamıyla görüşdü, hamı da adını deyirdi. Mənimlə əl görüşəndə özümü təqdim etdim ki, Tamam Cəfərova. O zaman Ailə, qadın komitəsinin sədri olan Zəhra Quliyeva dedi ki, Tamam Moskva Dövlət Universitetinin məzunudur. Ümummilli lider dönüb getmək istəyirdi, bunu eşidən kimi dayandı, məni yanına çağırdı və dedi: tələbəliyin necə keçdi? Mən danışandan sonra soruşdu: Hə, de görüm, kişi sənin adını niyə Tamam qoyub? Axırıncı qızsan? Dedim ki, xeyr birinci və axırıncı. Dedi ki, sənin çox gözəl adın var, adını sev. Ad insanın xarakteri deməkdir. Ümummili lider mənə adımı sevdirdi. 

- 61 yaşınız var, amma bunu heç göstərmirsiniz. Cavan qalmağa necə nail olmusunuz? 

- Özüm də yaşımı gizlətmirəm. Mənim üçün yaş kompleksi yoxdur. 

Həmişə deyirəm ki, yaşım 60-ı keçib. Daxilən özümü cavan, güclü, enerjili hiss edirəm. Qadınlara bununla bağlı xüsusi məsləhət verə bilməyəcəm. Çünki cavan qalmaq üçün xüsusi bir iş görməmişəm. Təbii ki, sağlam həyat tərzi sürmək lazımdır. Həmişə olmasa da, vaxtaşırı çalışıram ki, idmanla məşğul olum. Sağlam qidalanmağa çalışmışam. Amma bunu formada və cavan qalmaq üçün etməmişəm. Mənim həyat tərzim belədir. Ailə münasibətləri də buna təsir edən amillərdəndir. Hər bir insan üçün yaşadığı ailənin mühiti çox vacibdir. Əgər o mühit sağlamdırsa, təbii ki, orada insanın əhval-ruhiyyəsi də yaxşı olacaq. Bu isə onun sağlamlığına müsbət təsir edəcək. 

- Bildiyim qədəriylə həyat yoldaşınızı tez itirmisiniz. Ondan sonra ailənin əsas yükü sizin üzərinizə düşüb.  

- Bəli, həyat yoldaşım çox gənc yaşlarında rəhmətə gedib. Biz bir yerdə 17 il yaşamışıq. Birdən-birə uşaqlarla tək qalmaq çətin idi. O mənim yaxın dostum olub. Mən iki uşaqla aspiranturada oxuyanda da həmişə mənə dəstək verib, qadın hərəkatında fəal iştirak edəndə də. Tez-tez rayonlara tədbirlərə gedirdim. Həmişə mənə dəstək verirdi. Onu qeyd edim ki, işləyən qadınlar evdə işlərini daha planlı aparırlar. Mən işlərimi vaxtında çatdırırdım, evə özüm baxırdım. Uşaqlarım görürdü ki, ataları mənə bu şəraiti yaradıb, sonradan onlar da mənə kömək etdilər. Bu gün övladlarım da mənə kömək edirlər, çox şeydə məsləhət verirlər. Allahımdan razıyam ki, mənim bu cür övladlarım var. Artıq bir nəvəm də var. 

- Övladlarınız nə işlə məşğuldur?

- Oğlum hüquq-mühafizə orqanlarından birində çalışır. Qızım iş adamıdır. Bir nəvəm var, adı Arzudur. Pandemiya dövründən bəri nəvəmlə birlikdə yaşayırıq. Nəvəylə birlikdə yaşamaq çox maraqlıdır. Nəvəmə uşaqlarımdan daha çox vaxt ayırıram. Mətbəxdə mənə kömək etməyi sevir. 1 aydan sonra onun 10 yaşı olacaq. Çox intellektual bir qızdır. Qız olsa da, qız əyləncələrini heç xoşlamır. Üzməyi, futbolu, şahmatı oynamağı xoşlayır. İngilis, rus dilini yaxşı bilir, hazırda Çin dilini öyrənir. Hərdən mənə Çin dilində iki cümlədən ibarət məktublar da yazır.

- Hazırda koronavirusla bağlı situasiya elədir ki, cəmiyyət iki yerə bölünüb: İnananlar və inanmayanlar. Sosial şəbəkələrdə kimin yaxını virusa yoluxursa, bu barədə yazır. Bu da inanmayanlar üçün vacib mesajdır. Hazırkı vəziyyəti necə dəyərləndirirsiniz? 

- Çox təəssüf ki, ilk dövlərdə insanların bir qismində panika, bir qismində də inamsızlıq var idi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülməkdədir. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi tədbiq edildi və mərhələli şəkildə sərtləşdirildi. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır. Cənab Prezident bu mübarizədə öz vətəndaşının sağlamlığını seçdi, bu virusun ölkəmizə verə biləcəyi zərəri minimuma endirmək üçün ciddi siyasi iradə ortaya qoydu və effektiv tənzimləmə mexanizminin formalaşdırılması üçün müvafiq göstərişlər verdi. Yəni dövlət əlindən gələni edib. Karantin dövrü ərzində vətəndaşlara olan bütün müraciətlərdə mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulub. Prezident Cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva da dəfələrlə ölkə vətəndaşlarına müraciət edərək, onları özünüizolyasiya qaydalarına riayət etməyə çağırıblar. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək cənab Prezidentin “Biz birlikdə güclüyük!” çağrışına uyğun olaraq həmrəylik göstəriblər. Və nəticədə biz müsbət statistikanı müşahidə etdik. Pandemiya ilə mübarizənin ilk aylarında böyük nailiyyətlər əldə edildi. Təsadüfi deyil ki, ÜST Azərbaycanın təcrübəsini dəfələrlə yüksək qiymətləndirib.

Amma çox təəssüf ki, aprelin 27-dən həyata keçirilməyə başlayan karantin rejiminin mərhələli yumşaldılması insanların bir çoxunda arxayınlıq hissi yaradıb. Təəssüflə bildirməliyəm ki, karantin qaydalarının vətəndaşlar tərəfindən pozulması, bir qrup insanın məsuliyyətsizliyi, pandemiyaya inanmaması virusa yoluxanların sayının sürətlə artmasına gətirib çıxarıb. Son 10 gündə virusa yoluxanların gündəlik sayı 300-ü keçdi və son həftədə bu rəqəm 1000 nəfərə çatdı. Məsuliyyətsizliyin nəticəsi göz qabağındadır. Bu templə gedərsə, virus qarşısıalınmaz həddə çatacaq. Bu baxımdan əlavə tədbirlərin görülməsinə çox böyük ehtiyaclar var idi. Və hökumət təkrarən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul etmək məcburiyyətində qaldı. Sevindirici haldır ki, vətəndaşların böyük əksəriyyəti şənbə və bazar günü qadağalarına riayət etdi. Çünki başa düşürdülər ki, bütün bunlar vətəndaşların sağlamlığının qorunması üçündür.

- Sərt karantin rejimində polisin vətəndaşlara qarşı hərəkəti, yəni onların evinə o şəkildə daxil olması, təhqiredici ifadədən istifadə etməsi geniş müzakirə edildi. Sizcə, polis vətəndaşa qarşı bu cür davranmalı idimi? 

- Artıq iki həftədən çoxdur ki, yoluxanların sayı 350-dən yuxarıdır. Halbuki iki ay bundan qabaq bu rəqəmlər qat-qat aşağı idi. Bu cür sürətlə yoluxma hökuməti məcbur etdi ki, həftəsonu sərt karantin rejimi tətbiq edilsin. Bizdə tətbiq edilən qaydaların hamısı beynəlxalq təcrübədən götürülür. Həftəsonu evdən çıxmamaq təcrübəsi Türkiyədə tətbiq edilib və çox müsbət nəticə verib. Bizdə də belə qərar verildi və nəzarət Daxili İşlər Nazirliyinə tapşırıldı. Polisin vəzifəsidir ki, bu qaydalara nəzarət etsin. Biz müşahidə etdik ki, polis iş başında olan zaman binanın balkonlarından 12 nəfərə yaxın şəxs onun başına zibil, butulka atdı. Beləliklə, polis iş başında təhqir olundu. Çox təəssüf ki, polisi təhqir edən insanları qınayan çox az adam oldu. Polis vətəndaşı evdən çıxaranda onlardan biri səlahiyyətini aşdı, buna görə də cəzalandırıldı və işdən çıxarıldı. Bir polisin səhvinə görə sosial şəbəkələrdə Azərbaycan polisinə qarşı məqsədli qarayaxma kampaniyası başlandı. Mən soruşuram ki, polisi təhqir edənlərə qarşı niyə bu cür ictimai qınaq başlamadı? Hiss olunurdu ki, Azərbaycan polisinə qarşı bu kampaniya kənardan idarə olunur. Amerikada polisin vətəndaşa olan davranışını heç kim müzakirə etmir. Yaxud Avropada polis etirazçıları su şırnağı, gözyaşardıcı qazlarla dağıtmağa çalışır, üstlərinə maşın, at sürür. Amma hamı susur. Ancaq bizdə bir səhv olan kimi beynəlxalq təşkilatlar da bundan hay-küy yaradırlar. Amerikadakı son hadisəyə heç bir beynəlxalq təşkilat reaksiya vermədi. Azərbaycan polisinə qarşı qarayaxma kampaniyası yolverilməzdir. Polisimiz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirir, xüsusilə pandemiya ilə mübarizə dövründə polisimiz ön cəbhədə pandemiya ilə “vuruşub”.

- Siz 10 il MSK üzvü olmusunuz. Həmkarlarınızın çoxunu elə əvvəldən tanıyırsınız. Yaxın münasibətdə olduqlarınız varmı? 

- 2006- 2016- cı illərdə MSK üzvü olmuşam. Həmin müddətdə iki parlament, iki Prezident seçkisi, iki bələdiyyə, iki referendum keçirilməsində iştirak etmişəm. Parlamentdə əvvəldən tanıdıqlarım çoxdur. Onların bir qismini ictimai-siyasi həyatdan, elm sahəsindən və qadın hərəkatından tanımışam. Şəxsən tanıdığım deputatlar da çox olub və indiki tərkibdə də belə həmkarlarım var. 

Günel Türksoy

Fotolar-Video: Nuran Məmmədov