“Sənəddə yer alan “siyasi məhbuslar, təqiblər” kimi ifadələri rədd edirik” - Yenilənib

senedde-yer-alan-siyasi-mehbuslar-teqibler-kimi-ifadeleri-redd-edirik
Oxunma sayı: 906

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyi dəyişib.

“Qafqazinfo” xəbər verir ki, gündəliyə Milli Məclisin Bəyanatının təsdiq edilməsi haqqında məsələ daxil edilib.

Bəyanat Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi əsassız qətnamə ilə bağlıdır. 

***

Spiker Sahibə Qafarova bu haqda danışıb: “Avropa Parlamentində Azərbaycana qarşı daha bir ədalətsiz qətnamə qəbul edilib. Təəsüflə qeyd olunmalıdır ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanda real vəziyyəti əks etdirməyən və beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib.

Bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə etinasız münasibətini əks etdirir. Sənəddə yer alan “siyasi məhbuslar, siyasi təqiblər, akademik və mədəni hüquqların pozulması” kimi ifadələr və digər ittihamları biz qətiyyətlə rədd edirik. Azərbaycan qanunun aliliyi, dövlət müstəqilliyi və öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə əməl edir”.

***

Məsələyə vitse-spiker Əli Əhmədov da münasibət bildirib: “Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi nəinki onun xoşagəlməyən mərəzinə, həmçinin fəaliyyət formasına çevrilməkdədir.

Həqiqət ondan ibarətdir ki, Avropa Parlamenti uzun illər Azərbaycana qarşı qərəzli mövqeyi ilə ölkəmizi tənqid etmək hüququnu itirib. 30 il ərzində Azərbaycanın haqlı mövqeyini müdafiə etmək üçün söz tapa bilməyən, vətəndaşlarımızın 30 ildə məşəqqət içində yaşamağına göz yuman bir qurumun indi Azərbaycan haqqında tənqidlər səsləndirməsinə mənəvi haqqı yoxdur”.

***

Deputat Vüqar Bayramov əlavə edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamədə yer alan müddəalar qərəzli olmaqla yanaşı, Cənubi Qafqazda formalaşmaqda olan sülhə təhdiddir: “Son qətnamə bir daha təsdiq edir ki, Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini davam etdirir.

Azərbaycan dövləti istənilən xarici təhdidlərə cavab vermək gücündədir. Bu güc sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin xalq-iqtidar birliyinin yaratdığı üstünlükdür. Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirməklə yanaşı, yenə də bəlli dairələr tərəfindən idarə olunduğunu göstərir.

Saxta dəyərlərlə regionda sülhə töhfə vermək olmaz. Digər tərəfdən, Avropa Parlamentinin son qərəzli qətnamələri nəinki Azərbaycanla Ermənistan arasında formalaşmaqda olan sülhə kölgə salır, həmçinin regionun inkişafında maraqlı olmadığını bir daha təsdiq edir”.

Nuranə Daxilqızı