“Paşa Holdinq”dən koronavirusla mübarizəyə dəstək - Yeni laboratoriya+Video

pasa-holdinqden-koronavirusla-mubarizeye-destek
Oxunma sayı: 7435

Prezident İlham Əliyev dəfələrlə Azərbaycanda fəaliyyət göstərən şirkətlərə, özəl sektora həmrəylik və sosial məsuliyyət nümayiş etdirərək cəmiyyətdə baş verən proseslərə dəstək olmaqla bağlı çağırış edib. Dövlət başçısının sözügedən çağırışına “Paşa Holdinq” şirkəti də dəstək olub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Paşa Holdinq” bütün dünyada yayılan koronavirusun yayılmasına qarşı Azərbaycanda aparılan profilaktik işlərə öz töhfəsini verib. 

Belə ki, “Paşa Holdinq”in dəstəyi ilə koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkəmizdə yeni molekulyar-diaqnostik laboratoriya yaradılıb. Müasir avadanlıqla təchiz olunan laboratoriyada virusologiyaya aid nümunələr test ediləcək. Yeni cihazlarla 5-6 saat ərzində 200-dən çox nəticənin analizi mümkün olacaq.

Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) xüsusi laboratoriya otaqları hazırlanıb və avadanlıqlar burada quraşdırılıb.

1 saylı Kliniki Tibbi Mərkəzin Laboratoriya müdiri Taleh Əliyev bildirib ki, bu avadanlıq insan təmasını maksimum azaldır və koronavirus şübhəlilərinin nümunələrinin yoxlanılması üçün vaxtı azaltmaqla bu prosesə cəlb olunan mütəxəssis sayını da kifayət qədər minimuma endirir: “Bu avadanlığın birinə eyni vaxtda 96 nümunə yerləşdirmək mümkündür. Həmin nümunələr 4,5 saat ərzində hazırlanır, daha sonra pipetlənir və sonda nəticələr əldə edilir. 

Eyni zamanda, iki dəst mini avadanlıqlar da var. Bununla ağır vəziyyətdə olan xəstələrin nümunələrini daha az müddətə, təxminən 75 dəqiqəyə əldə etmək mümkündür. Bu mini avadanlıqların hər birinə eyni vaxtda iki nümunə daxil etmək mümkündür. Bununla da, bu laboratoriya gün ərzində 1000-ə yaxın nümunəni test edib nəticələri əldə etmək gücündədir. Bu laboratoriyanın yaradılması Azərbaycanda koronavirusla mübarizəyə böyük dəstək olacaq. Bu gün Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də laboratoriyaya baş çəkərək avadanlqılarla tanış oldular və belə bir şəraitin yaradılmasını təqdir etdilər”.

T.Əliyev bildirib ki, bu gün təlimlər başa çatdıqdan sonra laboratoriya nümunələrin qəbuluna başlaya biləcək: “Bu avadanlıqlardan Azərbaycanda daha bir dəst Cəlilabad rayonundakı xəstəxanada var. Azərbaycanda bu avadanlıqlarla işləyəcək kifayət qədər savadlı və təcrübəli mütəxəssislər var. Bu laboratoriyada bir növbədə 3 əməkdaş işləyəcək”.

Müasir laboratoriyanın yaradılmasını maliyyələşdirən “Paşa Holdinq”in Dövlət qurumları ilə əlaqələr və Korporativ Sosial Məsuliyyət departamentinin direktoru Nazim Səfərov bildirib ki, onlar Holdinq olaraq Korporativ Sosial Məsuliyyətlərini dərk edirlər:

“Heç vaxt sosial problemlərə biganə qalmamışıq. Cari vəziyyəti nəzərə alaraq “Paşa Holdinq” öz adından koronavirusla mübarizəyə maliyyə ayırıb. Bu vəsait ixtisaslaşmış laboratoriyaların və avadanlığın əldə edilməsinə yönəlib. Konkret olaraq deyə bilərəm ki, 1 saylı Klinik Tibbi Mərkəzə koronavirusun aşkarlanması, ilkin müayinəsi üçün avadanlıq gətirilib və avadanlıqlar qurulub. Bu bizim konkret töhfəmizdir. Çox ümid edirəm ki, biz gələcəkdə də bu dəstəyi davam etdirəcəyik və bununla məhudlaşmayacağıq. Biz daim cəmiyyətlə və onun sosial problemləri ilə yaşayırıq. Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən digər iri şirkətlər də bizim kimi hərəkət edəcəklər”.

Murad Əhməd

Video: Pərvin Zeynal