“Paşinyan sabah deyər ki, ərazilərimizi azad etmək üçün marslıları gətirmişik”

pasinyan-sabah-deyer-ki-erazilerimizi-azad-etmek-ucun-marslilari-getirmisik
Oxunma sayı: 7901

"Bu, Paşinyanın növbəti yalanıdır. Onu da deməliyəm ki, Ermənistanın əvvəlki prezidentləri ilə mənim ünsiyyətim zamanı buna oxşar heç bir hal olmayıb. Bəli, biz düşmənlərik, biz bir-birimizə qarşı müsbət əhvalda ola bilmərik, lakin danışıqlar masası arxasında heç vaxt belə ağ yalan olmayıb. Sadəcə, belə insunasiyalar da olmayıb. Bunlar hamısı yalandır. Burada Türkiyənin heç bir xüsusi təyinatlısı yoxdur. Bu barədə dəfələrlə demişəm, buna ehtiyac da yoxdur. İndi onun ağzı o qədər qızışıb ki, guya hansısa pakistanlı xüsusi təyinatlılar var. Yeri gəlmişkən, buna görə məncə etiraz notası da alıb. Bu, cəfəngiyatdır, belə şey yoxdur"

"Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu, əvvələn, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, münaqişəni beynəlmiləlləşdirmək və özünün alçaldılmış vəziyyətini ört-basdır etmək cəhdləridir:

"Guya döyüş meydanında vuruşan Azərbaycan deyil, Türkiyənin və Pakistanın xüsusi təyinatlılarıdır. O, cəfəngiyat danışır. Bu yaxınlarda deyib ki, guya Azərbaycanın Suriyadan gətirdiyi terrorçular Rusiya ərazisinə soxulub və Qroznıda terror aktı törədiblər. Başa düşün, bu ki, tamamilə cəfəngiyatdır. Rusiyanın xüsusi xidmət orqanları bu terror aktını kimin təşkil etdiyini yəqin ki, bilirlər. Bundan əvvəl Paşinyan deyirdi ki, Türkiyənin F-16 təyyarəsi Ermənistana məxsus Su-25 təyyarəsini vurub. Hamı bilir ki, bu, yalandır. Bütün bunları həm Rusiya, həm də digər həmsədr ölkələr izləyirlər. İndi biz texnologiyalar əsrində yaşayırıq. Heç nəyi gizlətmək mümkün deyil. O deyəndə ki, Gəncəyə ballestik raketləri Ermənistan atmayıb, bu, sadəcə, axmaqlıqdır. Ona görə ki, hər hansı ballestik raketin buraxılması izlənilir. Bu raketin haradan buraxılmasını, ona hansı döyüş tapşırığı verilməsini Rusiya da çox gözəl bilir, Amerika da, Fransa da. Bu döyüş tapşırığının hədəfi yaşayış məhəlləsi idi. İkinci dəfə də yaşayış məhəlləsi oldu. Gəncədə bizim heç bir hərbi bazamız, heç bir hərbi şəhərciyimiz yoxdur. Axı, o, yalan deyir. Bu dəhşətli dağıntı kadrlarını biz yox, yüzlərlə xarici jurnalist çəkəndə, xarici diplomatlar birbaşa dağıntılar yerindən müsahibə verəndə də Paşinyan yalan deyir. Deyir ki, bunu edən Ermənistan deyil. Bəs kimdir? Biz özümüz Gəncəyə zərbə endirmişik? Yalançılığın, ən başlıcası, axmaqlığın dərəcəsini təsəvvür edirsinizmi? Bunu hər bir adekvat insan başa düşməli idi, bunu gizlətmək mümkün deyil. Buna görə də onun pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir. Sabah deyər ki, biz ərazilərimizi azad etmək üçün buraya marslıları gətirmişik. Ondan nə desəniz gözləmək olar".