“Prezident İlham Əliyev Qoşulmama Hərəkatını gücləndirir”

prezident-ilham-eliyev-qosulmama-herekatini-guclendirir
Oxunma sayı: 1369

"İkinci Qarabağ müharibəsinin nəticələri təkcə Qafqaz regionunda deyil, türk dünyasında yeni reallıq yaratdı. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirdi". 

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamal Cəfərov deyib. O bildirib ki,  Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanan və eyni zamanda hər iki qardaş ölkənin Milli Məclisi tərəfindən ratifikasiya edilən Şuşa bəyannaməsi iki dövlət arasında olan strateji müttəfiqlik münasibətlərindən irəli geosiyasi sənəddir:

"Şuşa bəyannaməsi türk dövlətləri arasında olan münasibətlərin yeni modelini təqdim edir. Şuşa bəyannaməsi bütün türk dünyası üçün yeni bir mərhələnin başlanğıcıdır. Bəyannamədəki türk dünyasına istinadlar təsadüfi deyil. Şuşa bəyannaməsindən sonra Türkdilli dövlətlərin adının dəyişdirilməsi də təsadüfi və texniki məsələ deyil. 

Yeni adı ilə Türk dövlətləri təşkilatının məqsədi nə yayılmaq, nə də imperializmdir. Türk dövlətləri təşkilatının məqsədi Qafqazda, Orta Asiyada, Balkanlarda 4.5 milyon kvadrat kilometrdə, 170 milyon əhalinin yaşadığı, 600 milyard dollar dövriyyənin olduğu coğrafiyada üzv dövlətlərinin rifah boşluğunun aradan qaldırılması və bu dövriyyənin 2 qatına çıxarılmasıdır. 

Azərbaycan və türk dövlətləri əməkdaşlığın yeni səviyyəyə çatdırılması missiyasını isə ən uğurla keçirən lider Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz bu müstəsna fəaliyyətinə görə 2021-ci ilin 12 noyabr tarixində cənab Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi. Bu ordeni də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıblar". 

Deputat əlavə edib ki, 2021-ci ilin 29 noyabr tarixində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsi təsis edilib:

"Qeyd etməliyəm ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük siyasi təşkilatdır. Bu təşkilatın Parlament Şəbəkəsi isə qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaq.

2022-ci ilin 30 iyun tarixində ölkəmizdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı keçiriləcək. “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub. Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirakı gözlənilir. Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, “Bakı Bəyannaməsi” qəbul olunacaq, qurumun sədri və sədr müavinləri seçiləcək.

Bu isə o deməkdir ki, İlham Əliyev sədrlik etdiyi Qoşulmama Hərəkatını gücləndirir. Bununla da Azərbaycanın siyasi rolu regional səviyyədən dünya səviyyəsinə qədəm qoyur".