Prezident niyə hədəfdədir? - Şərh

prezident-niye-hedefdedir
Oxunma sayı: 6226

Xəbər verdiyimiz kimi, ötən gün Respublika Günü münasibətilə keçirilən rəsmi tədbirdə ölkə prezidenti tərəfindən bir sıra qətiyyətli fikirlər səsləndirilib. “Qafqazinfo”nun məlumatına görə, prezident İlham Əliyev tədbirdə çıxışı zamanı müəyyən qüvvələrin hədəfində olduğunu açıqlayıb:

“Əlbəttə ki, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir. Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır”- deyə bildirib.

Ölkə prezidentinin sözügedən fikirləri ilə bağlı Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail AğamalıQafqazinfo”ya açıqlama verib.

Onun sözlərinə görə, ölkə prezidentinin Respublika Günü münasibətilə keçirilən qəbulda söyləmiş olduğu fikirlər yenilik baxımından diqqəti xüsusilə cəlb edib: “Bunlardan biri də Azərbaycan dövlətinin müstəqil siyasət aparmasına qarşı bir sıra dövlətlərin göstərmiş olduğu mənfi münasibətdir. Azərbaycanın müstəqil siyasətinin onlar tərəfindən qəbul edilməməsi dilə gətirildi. Cənab prezident ilk dəfə qeyd etdi ki, bu müstəqil siyasəti aparan biri kimi hədəfə alınıb. Onun söyləmiş olduğu növbəti cəsarətli fikirləri, qətiyyəti, prinsipiallığı, tutmuş olduğu xətdə və mövqedə axıra qədər qalmaq niyyəti görüş iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Təbii ki, bu mövqe ölkə prezidentinin Azərbaycan xalqının iradəsinə söykənərək onun maraqlarına xidmət edən mövqe kimi qəbul edilməlidir. Prezident tərəfindən nəhayət bu kimi qüvvələrə qarşı ikili standartlara son qoymaq çağırışı ümidvaram ki, özünün konkret nəticələrini göstərəcək. Uzun illərdən bəri Azərbaycana bu cür münasibət var. Bəzi dövlətlər, bir sıra qüvvələr, beynəlxalq təşkilatlar, dünyanın ayrı-ayrı ölkələrini, xüsusi olaraq ciddi şəkildə inkişafı olan, təbii sərvətlərlə zəngin olan ölkələrini idarə oluna biləcək bir səviyyəyə salmaq istəyirlər. İllərdən bəri Azərbaycana da bu cür münasibət var. Lakin ölkə prezidentinin qətiyyətli mövqeyi onların bu niyyətlərinin reallaşmasına imkan vermir.

Düşünürəm ki, bu Azərbaycanın müstəqilliyinə, dövlətimizin və xalqımızın milli maraqlarına tamamilə xidmət edən bir xətdir. Azərbaycan xalqının iradəsinə söykənərək ölkə prezidenti bundan sonra da bu mövqeyini davam etdirəcək.

Çox yaxşı haldır ki, Azərbaycan idarəolunan deyil, idarəedən bir ölkədir. Biz bütün imkanlarımızın, müstəqilliyimizin, sərvətlərimizin sahibiyik. Bundan qürurverici heç nə ola bilməz. Adı müstəqil olub özü müstəqil olmayan ölkələrdən fərqli olaraq Azərbaycan sözün əsl mənasında dövlət müstəqilliyini qazanıb onu qoruyub saxlayan, yüksək zirvələrə doğru aparan, inkişaf etdirən bir ölkədir. Bunu da ölkə prezidenti edir”.

Millət vəkili həmçinin bildirib ki, ölkə prezidenti çıxışında işğal edilmiş torpaqlarımızın azad edildikdən sonra ermənilərin yaşamış olduğu yerlərdə onlara yüksək səviyyədə qayğı ilə əhatə olunan bir vətəndaş kimi münasibət göstəriləcəyini də dilə gətirdi:

“Bu da Ermənistanın illərdir dediyi ermənilərlə azərbaycanlıların bir arada yaşaması mümkün deyil fikirlərini də alt-üst etdi. Həmin tədbirdə Azərbaycanda akkreditasiya olunmuş bütün ölkələrin səfirləri iştirak edirdilər. Ölkə prezidentinin söyləməli olduğu bütün fikirlər hər zaman dünya miqyasında beynəlxalq təşkilatlar və azad ölkələr səviyyəsində dinlənilir, qəbul edilir. Bu Ermənistana vurulmuş daha bir diplomatik zərbə idi. Təbii ki, ölkə başçısı torpaqlarımızın işğaldan azad olunması ilə bağlı da qətiyyətli mövqeyini bir daha ortaya qoydu. Prezident Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyi fikrini də önə çəkdi”.

Günel Türksoy