Prezident xanımı ilə “Ağ Şəhər”də- - Fotolar

prezident-xanimi-ile-ag-seherde-
Oxunma sayı: 4953


Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”in inşası başa çatan ofis binası və “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində görülən digər işlərlə tanış olublar.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlət başçısına layihə çərçivəsində həyat keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, “Bakı Ağ Şəhər”in ilk landmarkı və giriş qapısı sayılan yüksək səviyyəli ofis binası artıq istifadəyə hazırdır. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb. Layihə çərçivəsində yol və kommunikasiya infrastrukturları da inşa olunmaqdadır. Tikintisi gedən 45 metr enində Xəqani Rüstəmov küçəsi Neftçilər prospektini Nobel və Babək prospektləri ilə birləşdirəcək. Metropolitenin Ağ Şəhərin ərazisindən keçəcək xəttinin tikintisinə də başlanıb. Layihədə nəzərdə tutulan 6 yeraltı piyada keçidindən 3-nün inşası davam edir. Ofis binasının yanında 360-dan çox avtomobil üçün ən müasir standartlara cavab verən parkinq də inşa olunub. “Bakı Ağ Şəhər” ofis binasının cazibədar, estetik xətləri müasir memarlığın mükəmməl nümunələrindəndir.

Prezident İlham Əliyevə xəritə, maket və digər əyani vasitələr əsasında layihə çərçivəsində reallaşdırılan silsilə tədbirlər barədə məlumat verilib. Qeyd edək ki, yeni yaradılan “Mənzilim” monitorinq xidməti vasitəsilə əmlakın alınmasına dair müqavilələrin bağlanması və digər məsələlər operativ qaydada həllini tapacaq. Layihənin reallaşması zamanı Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələri, həmçinin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” da əsas götürülüb. Layihənin həyata keçirilməsində əsas məqsəd çirklənmiş torpaqların təmizlənməsi, ərazidə beynəlxalq standartlara uyğun sosial infrastrukturun formalaşdırılması, paytaxt sakinləri və qonaqlar üçün yeni yaşayış, iş və istirahət məkanlarının yaradılmasıdır. Müxtəlif memarlıq üslublarını, ekoloji məsələləri və Ağ Şəhərin paytaxtın digər hissələri ilə üzvi şəkildə qovuşmasını özündə ehtiva edən layihənin reallaşması sırf peşəkarlara etibar edilib. Yerli şirkətlərlə yanaşı, “Atkins”, “Un studio”, “Foster and Partners”, “F and A Architects” və digər dünya şöhrətli şirkətlər bu layihəyə cəlb edilib. “Bakı Ağ Şəhər” layihəsi nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə tanınan layihədir. Ötən müddətdə bu layihə “Cityscayp Global”, “MİPİM Asia” və digər nüfuzlu beynəlxalq sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” və “Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi” nominasiyalarında mükafatlara layiq görülüb. “Bakı Ağ Şəhər”də müxtəlif xidmət, ticarət və əyləncə növlərini özündə birləşdirəcək Ticarət-Əyləncə Mərkəzi də nadirliyi ilə yanaşı, eyni zamanda, regionda sahəcə ən böyük belə obyekt olacaq və respublikamızda turizmin daha da genişlənməsinə əlavə imkanlar yaradacaq.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ofisdə iş adamları üçün yaradılan şəraitlə tanış oldular. 

Prezident İlham Əliyev Ağ Şəhərin sahil boyunca yerləşən hissəsindəki tikililəri və Ağ Şəhər bulvarını da seyr edib. 

Prezident İlham Əliyevə inşası davam edən və tikintisi nəzərdə tutulan layihələr barədə də xəritə və eskizlər əsasında məlumat verilib. Artıq Ağ Şəhərdə müasir və klassik üslublu 7 mərtəbəli yaşayış komplekslərinin tikintisinə başlanıb. Ağ Şəhərin ərazisini qərb və şərq hissələrinə ayıran, mərkəzi prospektin ortasında yerləşən meydan da füsunkar görkəmi ilə fərqlənəcək. Ağ Şəhərin mərkəzi rayonu sayılan Fəvvarələr meydanında da inşaat işlərinin miqyası artmaqdadır. Burada müasir üslublu yaşayış binalarının tikintisinə başlanıb. Fəvvarələr meydanının mərkəzində 1 hektar ərazini əhatə edəcək park sakinlərin sevimli istirahət guşəsinə çevriləcək.

Dövlət başçına Nobel prospekti boyunca və sahil rayonunda görüləcək işlər barədə də məlumat verilib.

Prezident İlham Əliyev layihə ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Dövlət başçısı ofis binasının arxa hissəsində salınan yaşıllıq və memarlıq nümunələri ilə də tanış olub. Dünyadakı müasir şəhərsalma meylini maksimum ehtiva edən və bitkinliyi ilə seçilən “Bakı Ağ Şəhər” layihəsi tezliklə reallığa çevriləcək və paytaxtımızın gözəlliyini daha da artıracaq.