Prezidentin köməkçisi Qriqoryanla birgə “Euronews”a müsahibə verdi - İlk dəfə

prezidentin-komekcisi-qriqoryanla-birge-euronewsa-musahibe-verdi
Oxunma sayı: 387

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dohada ilk dəfə “Euronews”a birgə müsahibə veriblər.

“Qafqazinfo” xəbər verir ki, onlar 2020-ci ildən start götürən sülh prosesindən və onun gələcək istiqamətlərindən danışıblar.

Siyasilərin sözlərinə görə, iki ölkə arasında əsas dialoq kanalları 2020-ci ildə Avropa İttifaqının (Aİ) dəstəyi ilə formalaşıb. Prosesin kulminasiyası ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda paraflanan sülh sazişi olub.

Bundan əlavə Hikmət Hacıyev bildirib ki, Brüsseldə aparılan danışıqlar bu prosesə xüsusi təkan verib:

“Brüsseldə yaxşı imkan yarandı və liderlər sülhə doğru irəliləmək barədə qərar verdilər”.

Qriqoryan vurğulayıb ki, hazırda hər iki ölkə nümayəndələrinin qarşısında duran başlıca məqsəd regionda davamlı sabitlik və etimad quruculuğu yaratmaqdır. O, bunun çətin period olduğunu desə də, həmin istiqamət üzrə addım-addım irəliləyişlərin əldə olduğunu bildirib:

“Bütün münaqişələrdə tərəflər bir-birinə etimad etmirlər. Bunun üzərində işləyirik. Məşhur mahnıda deyildiyi kimi - divara daha bir kərpic əlavə edirik. Bu dəfə müsbət mənada. İndi etimad divarını qururuq”.

Hikmət Hacıyev isə öz növbəsində sülh prosesini dünya miqyasında uğurlu model kimi qiymətləndirib:

“Münaqişə səhifəsi bağlanıb. İndi real sülh və yeni regional əməkdaşlıq imkanları var”.

Müsahibədə ABŞ-də əldə olunmuş böyük razılaşmanın tərkib hissəsi olan TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi də müzakirə olunub.

Prezidentin köməkçisi bildirib ki, layihə materikin nəqliyyat xəritəsini kökündən dəyişərək regionu yeni tranzit mərkəzinə çevirəcək:

“Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi Avrasiyanın nəqliyyat xəritəsini tamamilə dəyişəcək”.

“Ümid edirik layihənin icrası tezliklə başlayacaq. Bu, regionda tarixi dönüş nöqtəsi deməkdir”, - Qriqoryan bildirib.

Ermənistan nümayəndəsi əlavə edib ki, regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı maraqları artıracaq, sülhü və hər iki cəmiyyət üçün iqtisadi mənfəəti gücləndirəcək:

“Biz bu istiqamətdə irəliləyirik və bunun sübutu da odur ki, mən Hikmət Hacıyevlə Dohada sizin studiyanızda oturmuşam”.

Rəsmilər yekunda müharibənin bitdiyini, sülhün gələcək nəsillər üçün əbədi olması və hər iki ölkənin indi birgə gələcəyə baxmalı olduğunu vurğulayıblar:

“Müharibə keçmişdə qalıb. Sülh isə əbədi olmalıdır”.