Priqojinlə təyyarədə həlak olanlar kimlərdir?

priqojinle-teyyarede-helak-olanlar-kimlerdir
Oxunma sayı: 8636

Xəbər verdiyimiz kimi, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin də içərisində olduğu təyyarənin qəzaya uğramasından sonra “Embraer” biznes-jetinin sərnişinləri və ekipaj üzvlərinin tam siyahısını açıqlanıb.

Belə ki, təyyarədə sərnişinlər Yevgeni Priqojin, Dmitri Utkin, Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Tomin, Valeri Çkalov, Nikolay Matuseyev, ekipaj üzvləri isə pilot Aleksey Levşin, ikinci pilot Rüstəm Kərimov və stüardessa Kristina Raspopova olublar.

Təyyarədə olan və hər birinin həlak olduğu bildirilən sözügedən şəxslərin kimliyi marağa səbəb olub.

“Qafqazinfo” Rusiya mediasına istinadən onların bir neçəsi haqda məlumatı təqdim edir:

Həlak olanlardan biri komandir Dmitri Utkin Priqojinin “sağ əli” hesab olunub. O, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının zabiti, eləcə də ehtiyatda olan polkovnik-leytenant olub. KİV-in məlumatına görə, o, 2014-cü ildə Rostovda döyüşçülərin hazırlıq bazasını yaradıb və öz bölməsinin komandiri olub. 

Ukraynanın “Mirotvorets” xidmətinin məlumatına görə, Sergey Propustin “Vaqner” şirkətinin üzvüdür və onun vəzifəsi kəşfiyyatçı-qumbaraatan olaraq göstərilib. Qohumları “İzvestiya” nəşrinə Propustinin sözügedən şirkətlə əlaqəsi olduğunu təsdiqləsələr də, onlara ölümü barədə məlumar verilməyib. 

Təyyarədə həlak olduğu deyilənlərdən biri də “Evro polis” şirkətinin sahibi və Priqojinin tərəfdaşı Valeriy Çekalovdur. Çekalovun dostlarının verdiyi məlumata görə, Çekalov və Priqojini əvvəllər iş bir araya gətirsə də, onlar daha sonradan dost münasibətlərə sahib olublar. Onlar sonuncu dəfə ötən il Krımda şəxsən görüşüblər. 

Siyahıda adları qeyd olunan Yevgeniy Makaryanla Aleksandr Totminin də “Vaqner”lə əlaqəsinin olduğu bildirilir. Bəzi internet resurslarında onlar şirkətin əməkdaşları olaraq qeyd olunublar.

Fotoda: Aleksandr Totmin

Ekipaj üzvlərinə gəldikdə isə, komandir Aleksey Levşinin Sank-Peterburqdan, ikinci pilot Rüstəm Kərimovun Permdən, stüardessa Kristina Raspopovanın isə Yekaterinburqdan olduğu iddia olunur. Rüstəm Kərimovun həyat yoldaşı Anastasiya mediaya pilotun ölümü barədə məlumatı təsdiq edib.

Fotoda: Rüstəm Kərimov