“Qadınlar ərlərinin maaş almasını gözləyirlər” - Fotolar+Video

qadinlar-erlerinin-maas-almasini-gozleyirler
Oxunma sayı: 5310

“Müştərilər hamısı “salon nə vaxt açılacaq? Biz pis gündəyik” yazırdı. Gözəllik salonlarının fəaliyyətə başlamasını onlarla birgə bayram kimi qeyd etdik”.

Bu sözləri “Qafqazinfo”ya gözəllik salonu işlədən sahibkar, eyni zamanda stilist- vizajist Lalə Şixəliyeva deyib. O, artıq 14 ildən çoxdur ki, Zığ qəsəbəsində xudmani bir gözəllik salonu işlədir. 

Hamıya məlumdur ki, xüsusi karantin qaydaları yüngünləşdirilməyə başlayanda xanımların açılmasını həsrətlə gözlədiyi 1 əsas məkan var idi: gözəllik salonları. Hətta bununla bağlı çoxsaylı zarafatyana paylaşımlar da edilirdi. 

Elə Lalə xanımla söhbətimizdən də görünür ki, edilən zarafatların çoxunun yarısı gerçək imiş:

“14 il ərzində belə bir situasiya ilə qarşılaşmamışdım. Bu, ilk oldu. Demək olar ki, tam iki ay işsiz-gücsüz evdə qaldıq. Müştərilər də hər gün yazıb maraqlanırdı. İnanın, salonun açıldığı gün məndən çox onlar sevinirdi. Karantindən sonra əsas tələbat lazer epilyasiyasına idi. Hətta ilk günlərdə növbə var idi, çatdıra bilmirdik”. 

- Karantin qaydaları yüngülləşdirilib. Hazırda salon xidmətlərinə tələbat necədir?

- Ötən illə müqayisədə bu il qazancımız çox zəifdir. İcarə pulu ödəyirik, işçilərimiz var. Yerin sahibi vəziyyətlə bağlı müəyyən güzəştlər edib, sağ olsun. Mən də işçilərimə güzəşt edirəm. Demək olar ki, başa-baş olur. 

Gün ərzində əvvəllər bütün stullar dolu olurdu, növbələr yaranırdı, müştərilər oturub gözləyirdi. İndi ancaq tək-tük gələn olur. Günə bir-iki müştəri yola salırıq. Ona da sevinirik.

- Bəs toy nişan məclislərinin təxirə salınması qazancınıza necə təsir göstərib?

- Toylar, nişan məclisləri də yoxdur. Həm Ramazan ayıdır, həm də mövcud vəziyyətlə bağlı təxirə salınıb. Gəlinlərimin çoxu yazıldıqları tarixləri sentyabr, oktyabr ayına dəyişib.

Hamı kimi biz də qanuna tabe olmalıyıq. Açılandan sonra da hamı işsiz-gücsüz olduğundan iş yeri, maaşların alınmasını gözləyir. İndi də yazırlar ki, gəlmək istəyirlər, amma yoldaşlarının maaş almasını gözləyirlər. 

- Operativ Qərargahın salon və bərbərxanalarda fəaliyyətin təşkili ilə bağlı tələb və tövsiyələri var. Əməl edirsiz?

- Karantin qaydalarına riayət edirik. Mütləq olaraq maska və əlcəkdən istifadə olunur. Bundan başqa, stullar, istifadə olunan ləvazimatlar hər müştəridən əvvəl və sonra spirtlə dezinfeksiya olunur. Müştərilərdə əvvəl qorxu var idi. Hətta evdən çıxmağa qorxurdular. İndi qorxu hissi azalıb.

- Sahibkar olaraq dövlət dəstəyindən yararlana bildiz?

- Yox, görmədim. Aktiv VÖEN hesabım var, ancaq keçən ilin ödəyicisi olmadığıma görə düşmədi. 

- Karantin müddəti sizin üçün necə yadda qaldı?

- Bu karantin müddətində ehtiyacı olan şəxslərin nə qədər çox olduğunu gördük. Bacardığımız köməkliyi etməyə çalışdıq. 

- Qəsəbələrdə fəaliyyət göstərən salonlar mərkəzdəkilərdən fərqli olaraq müştəri problemi yaşayır?

- Salonumuz şəhərdən xeyli kənarda, Zığ qəsəbəsində olsa da, artıq 14 ildir fəaliyyət göstərdiyimiz üçün qadınların rəğbətini qazana bilmişik, özümü tanıtmışam. Hətta şəhərdən qohumları vasitəsilə sorağımı eşidib gələnlər də var. Şəhərə getmək istəsəm belə qoymurlar. 

- Bəs sizcə bu vəziyyətdə yayı necə başa vuracaqsız?

- Allah Kərimdir.

Günel Hacı

Fotolar - Video: Nuran Məmmədov