“Qarabağ Zəfəri Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi döyüş yolunun zirvəsidir”

qarabag-zeferi-azerbaycan-silahli-quvvelerinin-kecdiyi-doyus-yolunun-zirvesidir
Oxunma sayı: 3069

“Bu gün bütün Azərbaycan Zəfər Gününün ikinci ildönümünü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 44 gün ərzində Ermənistanın ordusunu darmadağın edərək tarixi Qələbə qazandı. Bu möhtəşəm Qələbə - Qarabağ Zəfəri Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi döyüş yolunun zirvəsidir”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki, Vətən müharibəsi iştirakçısı Firdovsi Umudov deyib.

Ordu quruculuğunun Azərbaycan üçün ən başlıca, ən prioritet məsələ olduğunu deyən polkovnik bu məqsədlə son illər bu sahəyə çox böyük diqqət göstərildiyini, güclü hərbi-texniki potensial yaradıldığını, ən müasir silahlar, sursatlar, texnikaların ölkəmizə gətirildiyini və hərbçilər tərəfindən bu texnikanın layiqincə istifadə olunduğunu vurğulayıb. İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm Qələbənin, tarixi Zəfərin bunun əyani sübutu olduğu bildirilib.

“Azərbaycan xalqı 2020-ci ilin sentyabrın 27-də səhəri müharibə xəbəri ilə açdı. Silahlı Qüvvələrin Ali Baş Komandanı xalqa ilk müraciətində səsləndirdiyi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikirləri xalqımızı qəti qələbəyə köklədi. Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək xalqımıza böyük qələbə sevincini yaşatdı”, - deyə o əlavə edib.

Prezident İlham Əliyevin 44 günlük müharibə dövründə həm də informasiya hücumlarının qarşısının alınmasında vacib işlər gördüyü qeyd olunub, onun müharibə dövründə verdiyi müsahibələrin, beynəlxalq mediada tirajlanan fikirlərinin, tvitlər və bəyanatlarının diplomatik arenada mövqelərimizi daha da gücləndirdiyi vurğulanıb. Zəfərin əldə edilməsində şəxsiyyət faktoru, “Güclü lider – güclü dövlət” ideyasının vacib əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb və bunun sayəsində Azərbaycanın bir güllə belə atmadan Ağdam, Laçın və Kəlbəcəri işğaldan azad etdiyi bildirilib.

“Müharibə zamanı dövlət başçımız hər dəfə xalqa müraciətində Azərbaycan xalqının böyük intizarla gözlədiyi xoş xəbərləri çatdırır, demək olar ki, hər gün öz tviter hesabında işğaldan azad edilmiş yeni kəndlərimizin, şəhərlərin adlarını çəkir, eyni zamanda, hər kəndin, hər yüksəkliyin götürülməsinin böyük rəşadət tələb etdiyini, torpaqlarımızın işğalçılardan qarış-qarış azad edildiyini bildirirdi. Həmin günlər hamı Azərbaycanın şanlı və tarixi günlərinin şahidi olur, Prezidentimizin ətrafında bir yumruq kimi sıx birləşib ona öz dəstəklərini ifadə edirdilər. Azərbaycanın igid oğul və qızları həm ön cəbhədə, həm də arxa cəbhədə - informasiya müharibəsində düşmənin layiqli cavabını verirdilər.

2020-ci il noyabrın 8-i - Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər Günündə Prezident İlham Əliyevin xalqa “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan!” müraciəti qəlbimizi qürur, iftixar hissi ilə doldurdu. Prezident İlham Əliyev qalib Sərkərdə kimi adını Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazdırdı”, - deyə o əlavə edib.

Zəfər savaşından sonra Azərbaycanın bütün platformalarda sülh sazişinin imzalanması üçün öz humanist mövqeyini ortaya qoyduğunu qeyd edən Firdovsi Umudov Ermənistanın həm Qarabağ ərazisində, həm də sərhəd bölgəsində təxribatlarına rəğmən ölkəmizin daim sülhün əldə olunması üçün bütün vasitələrdən istifadə etdiyini vurğulayıb.

“XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir”, - deyə sözlərinə davam edən polkovnik xalqımızın otuzillik həsrətinə son qoyan, doğma torpaqlarımızı işğaldan azad etməklə ölkəmizin hərbi qüdrətini bütün dünyaya nümayiş etdirən ordumuzun qəhrəman, mübariz əsgər və zabitlərinin bu gün işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsində “Dəmir yumruq” kimi dayandıqlarını deyib: “Xalqımız ona Zəfər sevinci yaşatmış rəşadətli Ordusu, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı ilə qürur duyur!”