Qatil qadınlar, yoxsa çarəsizliyin qurbanları?

qatil-qadinlar-yoxsa-caresizliyin-qurbanlari
Oxunma sayı: 3652

Ötən ilin son günlərində Bakı Ağır Cinayətlər Məhkəməsi ərini öldürməkdə ittiham olunan Sevda Babayevanın azadlığa buraxılması barədə qərar verdi.

Böyük marağa səbəb olan həmin qərarla bağlı xatırladaq ki, hadisə 2021-ci ilin aprelində baş vermişdi. Əri Sevda Babayevanı boğmağa çalışarkən, qadın özünü müdafiə məqsədilə həyat yoldaşını bıçaqlayıb öldürmüşdü. Həmin hadisədən sonra həbs olunan qadın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilmişdi. Məhkəmə isə onun əməlini 123-cü (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif etdi və cinayətin özünü müdafiə məqsədilə törədildiyi qənaətinə gəldi. Nəticədə Babayeva yüngül cəza alaraq 1 il 6 ay azadlıqdam məhrum edildi. Həmin müddətin 8 ayını təcridxanada keçirən qadının qalan cəza müddəti də amnistiyaya düşdü və o məhkəmə zalından azadlığa buraxıldı.

Azərbaycanda arvadın əri öldürməsi ilə nəticələnən hadisələr adətən bənzər situasiyalarda baş verir. Kişi qadına fiziki, mənəvi şiddət göstərir, zorakılıq edir, qadını öldürmək istəyir. Bu məqamda "öldürməsəm, öləcəm" instinkti ilə davranan qadın vəziyyətdən çıxış yolunu qarşı tərəfi öldürməkdə görür. Situasiyalar bənzər olsa da, bu cür cinayətlərlə bağlı heç də həmişə bənzər qərar çıxarılmır.

“Qafqazinfo” son illər analoji hadisələrin fonunda qadınların azadlığa buraxılması ilə nəticələnən halları xatırladır.

19 noyabr 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ərini öldürməkdə təqsirləndirilən Gülər Mirzəyevanı məhkəmə zalından azadlığa buraxmışdı. 2 uşaq anası olan ali təhsilli qadın 2016-cı ildə həyat yoldaşı Şəmsi Babayevlə mübahisə zəminində ona bir neçə bıçaq zərbəsi vurmuşdu. Zərbələrdən biri ərinin şah damarına dəymiş və kişi qan itirmədən dünyasını dəyişmişdi. Gülər həbs edilmiş və ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham elan olunmuşdu. Lakin məhkəmə onun əməlini 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəyə tövsif edərək 1 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası vermişdi. G.Mirzəyeva həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılmışdı.

2018-ci ilin aprelində isə 1989-cu il təvəllüdlü Cəlilabad sakini Nuridə Kərimova Bakıda həyat yoldaşını öldürmüşdü. İstintaq orqanının gəldiyi nəticəyə görə, Vüqar Kərimovun meyiti üzərində zorakılıq əlamətləri aşkarlanmışdı. Qadın ərinin gecələr evə sərxoş vəziyyətdə gəldiyini və ailəsinə baxmadığını vildirmişdi. Hadisə günü Nuridə ilə dalaşan Vüqar onu öldürmək üçün bıçaq götürüb. Qadın cəld tərpənərək özünü müdafiə üçün bıçaqla ərinə zərbələr endirib. Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, kişinin həyatını xilas etmək mümkün olmamışdı. Bakı Ağır Cinayətlər Məhkəməsi N.Kərimova barəsində bəraət hökmü çıxarmış və qadın məhkəmə zalından azadlığa buraxılmışdı. Belə ki, Nuridə Kərimovanın ittiham olunduğu 120.1 (qəsdən adam öldürmə) maddəsi məhkəmə tərəfindən 123-cü (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif edilmişdi. Prokurorluq qərardan narazı qalıb şikayət vermişdi. Apelyasiya Məhkəməsi Kərimovaya 6 ay həbs cəzası versə də, qadın həmin müddəti istintaq təcridxanasında keçirdiyi üçün məhkumluğu bitmiş sayılaraq azadlıqda qalmışdı.

Amin Nəzərli