“Qazilərin sağlam həyata qayıdışı daim ölkə başçısının marağındadır” - Təmraz Tağıyev

qazilerin-saglam-heyata-qayidisi-daim-olke-bascisinin-maragindadir
Oxunma sayı: 633

“Bu gün şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin prioritet vəzifəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin ən başlıca vəzifəsi şəhid ailələrinin və müharibə əlillərinin sosial ehtiyaclarının yüksək səviyyədə təmin edilməsidir. Qazilərin sağlam həyata qayıdışı, onların sosial-məişət qayğıları daim ölkə başçısnın maraq dairəsindədir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Belediyye.info-ya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Dünən Nərimanov rayonunda müvəqqəti məskunlaşan, hazırda Azərbaycan Tibb Universitetinin Tədris-Cərhaiyyə Klinikasında müalicə alan, birinci dərəcəli Vətən müharibəsi əlili Yusif Ağarzayevi Milli Məclisin üzvü İlham Məmmədov, klinikanın direktoru Əsədulla Sultanov və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev ziyarət ediblər.

Ziyarətdə iştirak edən Milli Məclisin üzvü İlham Məmmədov diqqətə çatdırıb ki, qazilərin sağlamlığının bərpası ilə bağlı təsdiq edilən dövlət proqramına uyğun addımlar atılır. Bu gün müalicəyə ehtiyacı olan qazilərin səhiyyə müəssisələrində yüksək keyfiyyətlə müalicə kursu davam etdirilir. 

Hazırda qazi Yusif Ağarzayevin sağlamlıq durumu qeydiyyatda olduğu Yevlax RİH-nin başçısı Anar Tağıyevin də daim diqqətdədir.

Təmraz Tağıyev görüşdə qeyd edib ki, qazi Yusif Ağarzayevə Nərimanov bələdiyyəsi tərəfindən maddi-mənəvi dəstək göstərilir.

Qazi Yusif Ağarzayev ona göstərilən diqqətə görə təşəkkürünü bildirməklə yanaşı, müalicə kursunun uğurla başa çatacağına inandığını bildirib.

Qeyd edək ki, Yusif Füzuli oğlu  Ağarzayev Yevlaxda anadan olub. Füzuli, Cəbrayıl, Xocavənd və Hadrutun azad olunmasında şücaət göstərib, bir sıra medallarla təltif edilib. Hadrutun azad edilməsi zamanı gedən döyüşlərdə ağır yaralanıb. Beş güllə yarası alan Yusif Ağarzayevin hazırda aşağı ətrafının fəaliyyəti üçün müalicə kursu davam etdirilir.