“Qətərdə Azərbaycan xalçalarının sərgilənməsi olduqca önəmlidir” - Fotolar

qeterde-azerbaycan-xalcalarinin-sergilenmesi-olduqca-onemlidir
Oxunma sayı: 1362

Məlum olduğu kimi, Qətərdə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq Dohada silsilə tədbirlər baş tutur.

Belə ki, ötən gün şəhərin ən məşhur məkanlarından hesab olunan “Souq Waqif” bazarında “Azərxalça” ASC-nin istehsal etdiyi xalçaların sərgisi və konsert proqramı həyata keçirilib.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli, nazirliyinin rəsmi şəxsləri və Qətər Dövlət Mədəniyyət Nazirliyinin nümayəndə heyəti iştirak edib.

Həm də mədəniyyət mərkəzi sayılan “Soyuq Waqif” bazarında xalçaların satışı həyata keçirilən köşədə baş tutan tədbirdə Azərbaycanin xalq musiqiləri səsləndirilib.

Tədbirdə iştirak edən “Azərxalça” ASC-nin korporativ satış mütəxəssisi Asim İbadov bildirib ki, sərginin məqsədi Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənətinin tanıdılmasıdır: “Burada həm müasir, həm də ənənəvi xalçalardan ibarət 14 ədəd sənət nümunəsini nümayiş olunur. Məkan olaraq buranın seçilməsində səbəb isə məkanın İçərişəhəri xatırlatması və ərazidə xalça satışlarının həyata keçirilməsidir. Burada olduğumuz müddət ərzində gətirdiyimiz xalçaların satışını da həyata keçirməyi planlayırıq”.

Tədbirdə Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının nəzdində fəaliyyət göstərən Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Ansamblın direktoru Elçin Abbasov bildirib ki, Azərbaycan mədəniyyəti və incəsənətinin nəinki respublikamızda, onun hüdudlarından kənarda da, dünyanın dörd bir yanında təbliğ olunmasının böyük əhəmiyyəti var: “Bu konsertlərdə Azərbaycan bəstəkarlarının yazdığı əsərlər bizim milli alətlərdə, tar, kamança, kanon və balabanda ifa olunur. Qədim musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Bu milli alətlərin təbliği böyük önəm kəsb edir. Burada bizim milli musiqilərimizlə yanaşı milli rəqslərimiz də təbliğ olunur. Ümid edirəm ki, Azərbaycan mədəniyyəti və incəsənəti Qətər xalqında böyük maraq oyadacaq”. 

Əməkdar artist, Dövlət Rəqs Ansamblının direktoru Elçin Qədimov isə qeyd edib ki, bu kimi konsertlərin təşkili komandaya motivasiya verir: “Bu gün burada “Ağ çiçəyim” və “Naz eləmə” rəqsləri nümayiş olunacaq. Azərbaycan Mədəniyyəti Günlərində çıxış etmək bizim üçün böyük əhəmiyyət daşıyır. Çünki bu həm komandamıza motivasiya verir, həm də gələcəkdə başqa ölkələrdə də çıxış etmək baxımından olduqca önəmlidir”. 

Qətər Dövlət Mədəniyyət Nazirliyinin mədəniyyət və incəsənət departamentinin direktoru Marriam Yaseen Al-Hammadi bu layihələrin əhəmiyyətindən danışaraq bildirib ki, bu tədbir də Qətərlə Azərbaycan arasında mədəni münasibətlərin intensivləşməsində böyük rol oynayır: “Mədəniyyətlərimiz fərqlidir, amma bizi də elə bu birləşdirir. Xalçaların hər iki dövlətin mədəniyyətində xüsusi rolu var. Burada sərgilənən həm qədim, həm də müasir xalçalar göz oxşayır. Qətərdə Azərbaycan Mədəniyyəti Günlərində məhz xalçaların da sərgilənməsi olduqca önəmlidir”.

Qeyd edək ki, Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı tədbirlər fevralın 24-nə qədər davam edəcək.

Lamiyə Məmmədova