“Qursalı sakini kimi kəndimə qayıdacağım günü səbirsizliklə gözləyirəm” - Təmraz Tağıyev

qursali-sakini-kimi-kendime-qayidacagim-gunu-sebirsizlikle-gozleyirem
Oxunma sayı: 2491

“Ermənistan bir dövlət olaraq özünü həm də barbar qonşu kimi tanıdıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının sədri Təmraz Tağıyev bildirib.

Təşkilat sədri qeyd edib ki, Ermənistan Azərbaycanın iyirmifaizlik ərazisini işğal etməzdən əvvəl - 1988-ci ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıları ölkəsindən didərgin saldı: “Bununla ürəyi soyumayan erməni millətçiləri Azərbaycan əhalisinin yaşadıqları ərazilərdə maddi-mədəni irs nümunələrini dağıdaraq coğrafi məkanda izlərini silməyə çalışdılar. Bununla da dayanmadılar. Otuz altı il ərzində Ermənistan tərəfindən bu torpaqlardakı xalqımıza aid mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talan edilıb, hətta qəbir daşlarını belə yerindən çıxarılaraq öz məqsədləri üçün istifadə ediblər”. 

Təmraz Tağıyev daha sonra bunları qeyd edib: “Ermənilərin bu soyğunçuluq siyasəti kəndimizdən də yan keçməyib. 500-dən artıq evi olan Qursalı kəndində 1988-ci ilin zəlzələ vaxtı çatlamış məscidi ümumiyyətlə dağıdıblar. Hadisələr zamanı qədim Qursalı kənd qəbiristanlığı da dağıdılmış, qəbiristanlıqdakı mərmərdən düzəldilmiş onlarca məzar daşlarının hər biri sökülərək qəbiristanlıqdan daşınmış, ərazidə olan dəmir məhəccərlər belə sökülərək ərazidən aparılmışdır.

Təəssüf ki, bu faktları etiraf etmək əvəzinə bəzi erməni blogerlər guya Qursalı kənd qəbiristanlığında hər hansı dağıntı olmadığını, ermənilərin guya “humanistlik numayiş etdirərək” qəbirstanlıqda heç nəyə əl atmadğını belə desələr də, çəkdikləri süjetlərlə özləri özlərini ifşa ediblər. Qəbiristanlığı dağıdasan, məzar daşlarını daşıyıb aparasan, sonda da həyasızcasına özünü heç nə olmamış kimi göstərəsən. Bunu yalnız barbar qonşularımız edə bilərdi və etdilər də.

Beləliklə, erməni bloger öz çəkdiyi süjetlə həm də erməni faşizmini daha bir faktla təsdiq edib. Biz otuz altı il müddətində heç nəyi unutmamışıq, heç unutmarıq da. Hər bir Qursalı kimi mən də səbirsizliklə kəndimə qayıdacağım günü gözləyirəm. İnanıram ki, Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu arzumuz da gerçəkləşəcək”.