Ramin Quluzadə “Bakutel-2017”nin açılış mərasimində iştirak edib

ramin-quluzade-bakutel-2017nin-acilis-merasiminde-istirak-edib
Oxunma sayı: 1811

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 23-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2017” sərgi-konfransının açılış mərasimində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, R. Quluzadə tədbirin ölkəmizdə İKT-nin müxtəlif istiqamətləri üzrə əldə olunan mühüm nailiyyətlərin nümayişi, yeni texnologiyalar və həllərlə tanışlıq, iştirakçı xarici ölkə və şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

O qeyd edib ki, “Bakutel” sərgi-konfransı müxtəlif ölkələri təmsil edən dövlət və ictimai xadimlərin, aparıcı biznes rəhbərlərinin, mütəxəssislərin, eləcə də, İKT sektorunun nümayəndələrinin yeni əməkdaşlıq əlaqələri, qlobal əhəmiyyətli müzakirələr və gələcək inkişaf perspektivlərini müəyyən etməsi üçün əlverişli platformadır: “Ölkəmiz hazırda sürətli iqtisadi inkişaf tempinə, müasir və dayanıqlı infrastruktura, geniş kommunikasiya imkanlarına və əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb etməkdədir. Bu gün ölkədə İKT potensialının gücləndirilməsi, vətəndaşlara daha keyfiyyətli, rahat və müasir innovasiyaları tətbiq etməklə xidmət göstərilməsi, elektron xidmətlərin təşkili prosesinin surətləndirilməsi,  tranzit və regional informasiya magistrallarının yaradılması istiqamətində davamlı işlər görülür”. 

“Caspian Event Organisers” şirkətinin baş direktoru Edvard Stroon bu ilki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkətin iştirak etdiyini deyib. O, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə xarici ölkələrin milli pavilyonlarla təmsil olunduğunu qeyd edib. 

Daha sonra sahə üzrə beynəlxalq təşkilatların rəhbərləri, xarici ölkələrin nazirləri sərgi ilə tanış olub.