“Ramiz Mehdiyevin 17 milyonu tapıldı, bu, 10 film deməkdir”

ramiz-mehdiyevin-17-milyonu-tapildi-bu-10-film-demekdir
Oxunma sayı: 766

“Mədəniyyətimizdə kino çox mühüm rol oynayır. Türkiyə filmləri ilə bu gün dünyada Osmanlıdan daha çox yer tutub, eləcə də başqa ölkələr. Çox təəssüf ki, bizdə film çəkmək ancaq Mədəniyyət Nazirliyinin üzərinə düşür”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kinematoqrafiya haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib. 

“Amma ölkədə nə qədər təşkilat var. Futbola sponsor olurlar, amma film çəkilişinə yox. Qurumlar bir-biri ilə yarışır, öz filmlərini çəkirlər. Bəs niyə film çəkməyə sponsorlar, şirkətlər yoxdur? Bizim də tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl haqqında film çəkilmir?

Düzdür, Babək haqqında filmimiz var, Koroğlu haqqında var. Amma Koroğlu tarixi şəxsiyyət deyil. Ramiz Mehdiyevin 17 milyon pulu tapıldı. Bu, 10 dənə tammetrajlı film deməkdir. Bunu niyə evdə saxlayıb? Film çəksinlər, kino çəksinlər. İstəyirəm bizim filmlər də dünyaya çıxsın. Seriallar çəkilir, amma istədiyimiz kimi alınmır”, - deputat qeyd edib. 

Spiker Sahibə Qafarova isə deputatın çıxışının üçüncü oxunuşun tələblərinə uyğun olmadığını bildirib: “Aqil müəllim, çox danışdınız, amma bu qanun haqqında heç nə demədiniz. Bu, üçüncü oxunuşdur. Bu çıxışı siz birinci oxunuşda etməli idiniz, axı üçüncü oxunuşun öz tələbləri var.

İkincisi, deyirsiniz ki, filan ölkədə hansısa nazirliklər kino çəkirlər. Rusiya Azərbaycan deyil. Azərbaycanın öz qanunları var, xahiş edirəm, burada heç bir müqayisə aparmayın. Bu qanunun predmeti ilə siz deyənlər uyğun gəlmir. Ümumi danışmaq istəyirsinizsə, çıxış edin, məqalə yazın. Polad Bülbüloğlunun komitəsinin üzvüsünüz”.

Nuranə Daxilqızı