“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmədə də Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin adı hallanır.
“Qafqazinfo”nun məlumatına görə, Şərurlu İsfəndiyarı məhkəməyə verən “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovun vəkili Asim Abbasov bu məsələdən söz açıb.
Əvvəlki iclasda İ.Axundovun xüsusi ittihamçıya qarşı işlətdiyi sözlərində təhqir əlamətlərinin olub-olmadığını müəyyən etmək üçün ekspertiza keçirilmişdi. Həmin ekspertizanın rəyi hazır olsa da, müdafiə tərəfi nəticə ilə razılaşmır.
Vəkil Asim Abbasov iddia edir ki, bu rəyi verən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyeva sabiq AMEA prezidenti Ramiz Mehdiyevin vaxtında, onun əmri ilə təyin edilib.
Vəkilin dediyinə görə, həmin institut direktorunun Ramiz Mehdiyevlə, Ramiz Mehdiyevin isə İsfəndiyar Axundovla əlaqəsinin olması barədə məlumatlar var. Ehtimal olunan mümkün təsir imkanlarını nəzərə alaraq ekspert rəyinin sübutlar siyahısından çıxarılması xahiş edilib.
Müdafiə tərəfi isə bununla razılaşmayıb. Təqsirləndirilən iş adamının vəkili Ülvi Nəsibli isə qarşı tərəfin dediklərinin həqiqətə uyğun olmadığını deyib: “Kimin kimdən xoşu gəlmirsə, Ramiz Mehdiyevlə bağlayırlar. Müvəkkilimin onunla heç bir əlaqəsi olmayıb”.
Şərurlu İsfəndiyar isə “Əgər Ramiz Mehdiyevlə bir əlaqəm varsa, dövlət mənim cəzamı verəcək” deyə vəsatətə münasibət bildirib.
Hakim ekspert rəyinin sübutlar siyahısından çıxarılıb-çıxarılmayacağına yekunda özü qiymət verəcəyini deyib. Bununla da məhkəmə istintaqı yekunlaşıb.
Növbəti iclasda hökm çıxacağı gözlənilir.
Qeyd edək ki, şikayətçi Emil Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, İ.Axundov verilişlərin birində onu dələduz adlandırıb. E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər