“Risklər qapının kandarındadır”- - İlham Əliyev+Fotolar

riskler-qapinin-kandarindadir-
Oxunma sayı: 4033

Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, iki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbirdir. 

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.

Dövlət başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşüblər. 

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış edib: “Əvvəlcə Sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısını Bakıda qəbul etməkdən böyük şərəf hissi duyuruq”.

İlham Əliyev bildirib ki, Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaratdı: “Yeri gəlmişkən, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyimiz çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. 

Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur”. 

İlham Əliyev qeyd edib ki, eyni zamanda, Azərbaycan zəngin təbii ehtiyatlara malik olan ölkədir: “Avropa İttifaqı ilə əlaqələrimizi ortaq dəyərlərə, qarşılıqlı hörmətə və marağa əsaslanan, proqnozlaşdırılan, çox güclü əlaqələr hesab edirik. Buna görə, fikrimizcə, bu münasibətlər sivilizasiyaların dialoqunda mühüm rol oynaya bilər. Çünki bu, coğrafi mövqeyimiz, tariximiz və irsimizdən gəlir. Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir. Mədəniyyət, çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyət baxımından Azərbaycan sivilizasiyalar dialoqunda mühüm rol oynayır.

Biz Avropa təsisatlarının üzvüyük. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüyük. Əslində, dünyada nadir ölkələrdən biriyik ki, iki yüzdən artıq ölkəni əhatə edən hər iki təşkilatın üzvüyük. Avropa ilə münasibətlərimiz sırf enerji təhlükəsizliyi ilə bağlı deyil. Əməkdaşlığımızın daha geniş əhatə dairəsi var. Hesab edirəm ki, bu əlaqələr, artıq qeyd etdiyim kimi, regionumuzda, Avropa və Asiyada sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın gücləndirilməsində çox mühüm rol oynaya bilər. Bizim buna ehtiyacımız var. Bizə potensial riskləri azaltmaq üçün əməkdaşlıq lazımdır. Əfsuslar olsun, risklər hələ ki, burada mövcuddur, qapının kandarındadır”.

Daha sonra İlham Əliyev olimpiya dəyərlərinin təşviqi üçün görülən işlərdən söz açıb: “Bunlar dostluq, sülh və əməkdaşlıq dəyərləridir. Eyni zamanda, biz praktiki olaraq, müasir idman infrastrukturunun yaradılmasına böyük sərmayələr qoyuruq. Son 10-15 il ərzində Azərbaycanda 50-dən artıq müasir Olimpiya Mərkəzi tikilib. Yeri gəlmişkən, ilk Olimpiya-İdman Mərkəzi Azərbaycanda 2000-ci ildə tikilmişdir və Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti, o vaxt Avropa Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqq həmin ilk idman mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Bu il Nankində Yeniyetmələrin Olimpiya Oyunlarında gənc idmançılarımız təxminən 200 ölkə sırasında 10-cu yeri tutmuşlar. Bu, müstəqilliyini yalnız 23 il öncə qazanan, əhalisi o qədər də çox olmayan ölkə üçün tarixi nailiyyətdir. Onuncu yer o deməkdir ki, biz dünyanın aparıcı idman ölkələri sırasındayıq. Bu, Azərbaycanda idmanın təşviqi, lazımi infrastrukturun qurulmasının bariz nümunəsidir. London və Nankində medal qazanmış bütün atletlər müstəqillik illərində formalaşmış idmançılardır. Müstəqillik bizim üçün ən böyük dəyərdir. Bu gün Azərbaycan xalqı nəinki müstəqil olmaqdan, BMT-də bayrağını qaldırmaqdan fərəhlənir. O, həmçinin fərəhlənir ki, bu müstəqillik ölkəyə uğurlar, sosial rifah və xalqımıza çiçəklənmə gətirdi”.

Dövlət başçısı deyib ki, Azxərbaycanın Avropa və dünya çempionatlarının keçirilməsində təcrübəsi var: “Bu tədbirlər Azərbaycanda dəfələrlə keçirilib. Lakin əlbəttə ki, gələn il keçiriləcək Avropa Oyunları bizim üçün ən yüksək səviyyəli idman hadisəsinə çevriləcək. Fərəhlənirik ki, ilk Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək. Fürsətdən istifadə edərək, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına qəbul etdiyi bu qərara görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, biz sizi sevindirəcəyik və bu Oyunların ən yüksək səviyyədə hazırlanması və keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Baxmayaraq ki, vaxtımız azdır. Hazırlıqlar üçün cəmi iki il yarım vaxt ayrılmışdır. Lakin xoşbəxtlikdən əvvəlki illərdə idman infrastrukturuna qoyulmuş sərmayələr bir neçə ay ərzində hazır olmaq imkanı yaratdı. Əlbəttə ki, bu, Avropada və bütün dünyada nadir hadisə olacaq”.