“Ruhani Əhmədinejatdan həm hündürdür, həm də gözəldir”- - Əfşar Süleymani

ruhani-ehmedinejatdan-hem-hundurdur-hem-de-gozeldir-
Oxunma sayı: 2434



İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani “Qafqazinfo” nun qonağı olub. Keçmiş səfir İran Azərbaycan münasibətləri, İŞİD problemi, bölgədəki vəziyyət, nüvə silahı istehsalı və.s kimi mövzularda suallarımızı cavablandırıb


-  Əfşar bəy, hazırda nə işlə məşğulsunuz?

-   Mən ixtisasıma və təcrübəmə əsasən siyasi təhlillər və şərhlər yazmaqla məşğulam. Xarici İşlər Nazirliyində, səfir işlədiyim vaxtlarda xeyli təcrübə yığmışam. İranın müxtəlif xəbər agentlikləri mənlə əlaqə saxlayırlar, müsahibələr verirəm. MDB və regionda olan tədqiqatlar mərkəzləri ilə işləyirəm. Təxminəm hər ay ona yaxın yazılarım dərc olunur. Tanınmış xəbər agentliyi olan “xeber online”da mənə web bloq səhifəsi veriblər. Orada da yazılar yazıram.

-  Yəni aktiv siyasətdən uzaqlaşıb elmi fəaliyyətlə məşğulsunuz...

 -  Demək olmaz ki, tam uzaqlaşmışam. Çünki yazılarla adam təsirini siyasətdə göstərir. İndi yeni prezident cənab Ruhani ölkəyə başçılıq edir. Biz onun tərəfdarı idik.  Mən keçmiş prezident Əhmədinejat ilə razı deyildim. Onun xarici, daxili siyasəti ilə bağlı çoxlu tədqiqatlar da yazmışdım.

 -  Elə söz düşmüşkən, yeni hökumətlə köhnə hökumətin fərqləri nədədir?

- Təpədən dırnağa kimi, indiki hökumətlə köhnə hökumət arasında fərqlər var. Cənab Ruhaninin şəxsiyyəti Əhmədinejatdan fərqlənir. Ruhanin savadı, təcrübəsi ondan daha çoxdur. Ruhani ondan həm hündürdür, həm də gözəldir. Baxışları da fərqlidir. Siz görürsünüz ki, Ruhani BMT Baş Assambleyasında çıxış edəndə onu necə dinləyirlər. Amma Əhmədinejat danışanda zalda oturanların yarısından çoxu durub gedirdi. O, ölkəni çox ağır bir vəziyyətdə təslim aldı. İran Əhmədinejatın hakimiyyəti dövründə təkcə neftdən 700-800 milyard  pul əldə edib. Ona baxmayaraq inkişaf prosesi sıfırdan da aşağı idi.

 - Prezidentlə görüşünüz olub?

-  Yox, hələ görüşməmişəm. Amma hökumətlə əlaqələrim var.

- Yeni hökumətdən sizə vəzifə təklif edilib?

- Heç iş məsələsi ilə bağlı müraciət etməmişəm. Mənə müraciət edənlər var. Hökumətdə bir neçə nazir, prezidentin müavinləri məni yaxşı tanıyırlar. Amma demişəm ki, mən təqaüdə çıxmışam. Vəzifə mənim imicimə, əhval ruhiyyəmə uyğun gəlmir. Adam sistemdə işləyəndə məhdudlaşır. Amma mənə nə təklif etsələr, yəqin ki, səfir vəzifəsindən aşağı olmayacaq. Olmayıb da.

 -  Amerika prezidenti Barak Obama BMT Baş Assambleyasında çıxışı zamanı dünyada sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı çağırışlar səsləndirib. Nüvə silahının istehsalının dayandırılması ilə  İrana da bildirib ki, əgər ona verilən tarixi imkandan istifadə etsə, bu, onun üçün yaxşı olacaq. Obama hansı imkanı nəzərdə tutur?

 -  Cənab Obama danışıqlar imkanından  bəhs edir. Yeni hökumətlə 6 aylıq danışıqlar prosesi başlamışdı. İndi danışıqlar noyabr ayında bitməlidir. Hər iki tərəfə də imkan yaranıb ki, məsələni sülh yolu ilə həll etsinlər. Regionda belə qarmaqarışıq məsələlər var. Amerika özü İŞİDİ yaradıb. Heç bunlar imkan vermir ki, Amerika hərbi müdaxiləyə əl atsın. Tutaq ki, İran Obamanın dediyi tarixi imkandan istifadə etmədi. Hərbi hücum ola bilər? Bu məsələnin danışıqdan başqa ikinci yolu yoxdur. Onsuz da İran məsələni beynəlxalq səviyyədə həll etməyə çalışıb. İndiyə qədər çoxlu işlər görülüb.

 - Obama çıxışında nüvə silahı istehsalı məsələsinə xüsusilə toxunur. Bununla da İranı işarə edir...

 -   İran nüvə silahı istehsal etmək istəmir. Dünyada sülhü pozanlar da nüvə silahına malik olan dövlətlərdi. O silaha arxalanaraq sülhü pozurlar.  İranda nüvə silahı yoxdur. İran ona görə danışıqlar prosesinə qoşulub ki, silahın olmadığını göstərsin. MAQATE də İranda nüvə silahının olmadığını təsdiqləyib. İraqda, Əfqanıstanda, Suriyada sülhü kim pozur? Suriyada İŞİD-i kim yaradıb? Xanım Klinton öz kitabında özü yazıb ki, İŞİD-i onlar yaradıb.

 -  Obama da etiraf edib...

 -  Bəli. Niyə siz bunu yaradırsınız ki, indi də başınıza bəla olur. Əl-Qaidəni, Əl- Nüsranı kim yaradıb. Əlbəttə ki, Amerika. Yüzdən çox terror qruplaşması var ki, onların yaranmasında Amerikanın və regiondakı ölkələrin əli var.

 -  Belə bir fikirlər var, İran radikal dövlət olsa da, əslində demokratik dövlətdir. Çünki bu gün Qərbin sanksiyaları qarşısında ona boyun əymir. İran bu prosesdə təkdirmi?

-  İran siyasi mübarizə aparır. İstəmir ki, Amerikanın, Qərbin istədiyi əsasda onlara hə desin. Ancaq bu o demək deyil ki, İran tam şəkildə Qərbə qarşıdır. İran xarici siyasətində millətlərlə dövlətləri ayırır. Deyir ki, mənim Qərb milləti ilə problemim yoxdur. Sadəcə dövlətlərə deyir ki, ölkələrin daxili işlərinə qarışmayın. Qarşılıqlı danışıqlar aparmaq, ticarət, mədəniyyət sahələrində İran əməkdaşlıq edir. İran Qərb ölkələri ilə əlaqəsi var, sadəcə Amerika ilə yoxdur.

-  İranın əsas dəstəkləyicisi Rusiyadırmı?

-  Rusiyanın Qərbə olan münasibəti başqadır. İranla bəzi məsələlərdə bir-birinin yanında ola bilərlər. Amma bu tam şəkildə mümkün deyil. Ruslar Qərbin onun ətrafında yığışmasını istəmir. Ona görə narahatdır. Amma İranın qonşuları ilə münasibətləri yaxşıdır.

 -   Hazırda bölgəni narahat edən əsas məsələ İŞİD-lə mübarizədir. İran üçün hazırda bu terror qruplaşmasının təhlükəsi nə qədərdir?

- İran İŞİD-dən özü üçün təhlükə görmür. Amma qonşusu İraqın istəyi əsasında İŞİD-lə mübarizədə onlara  köməklik edir. Söhbət silah-sursatdan getmir. Danışıqlar yolu ilə tövsiyə edir ki, İraq milləti özü İŞİD-in əleyhinə çıxsın. İŞİD-in İranda gəlib nəsə etməsi üçün zəmin yoxdur. İŞİD Amerikanın, Ərəbistanın, Qətərin pulları ilə yaranan qruplaşmadır. Suriyada Bəşər Əsədi devirmək üçün yaradılıb. Sonra gəlib İraqa giriblər. İŞİD-ə pulu kim verir? Pul kəsilən kimi İŞİD batacaq.

 -   Sizcə, nə vaxt İŞİD təhlükəsindən xilas olmaq mümkün olacaq? Ümumiyyətlə, terror təşkilatlarından dünyanın xilas olması mümkündürmü?

-  Azala bilər, amma məhv olmaz. Çünki dünyada nə qədər ki ədalətsizlik davam edir, terror qrupları da ondan yararlanacaq. Qərb ölkələrindən, Suriyadan, hətta Türkiyədən və.s kimi ölkələrdən İŞİD-in tərkibinə qatılanlar var. Düzdür, onlara pul silahlar verirlər, amma adamlar niyə ora qoşulurlar? İŞİD-i kimlər yaradıb? İraqda Səddam rejimi devrildikdən sonra, onun partiyadaşlarına iş verilmədi. Həmin şəxslər də qruplaşmanın yaradıcısı olublar. Nuri Əl Maliki də baş nazir olaraq o müddət ərzində İraqda 50 faiz də olsa ədaləti təmin etsəydi, İŞİD oradan sıralarına adam cəlb edə bilməzdi. Əgər dövlətlər xalqların razılıq alsalar, o xalqlar heç zaman terrorist qruplarına qoşulmazlar. İŞİD zəifləşəcək. Çünki onları dəstəkləyənlər koalisiya yaradıblar. Şəhərləri işğal etmək imkanı onlardan alınacaq.

 -  İranın dəstəklədiyi terror qruplaşması yoxdur ki?

-  Yox

-  Hizbullah nədir bəs?

-  Siz regiona baxsanız, görərsiniz ki, İran ən sakit yerdir. İran həmişə terrorizmin əleyhinə çalışır. Düzdür, Qərb Hizbullahı Livanda terrorçu adlandırır. Amma onlar terrorçu deyillər. Terrorçu odur ki, başqa ölkələrdə yaradılıb orada terror edə. Amma Livan Hizbullahı İsrailə qarşı öz ölkəsini qoruyur. Yaxud Həmas öz torpağını qoruyur. Obama  da etiraf edib ki, İran tərəfindən terror təhlükəsi görünmür. Özü də ki şiədən terrorçu çıxmayıb. Radikal sünnilər terror edir. Mən öz ölkəmi qoruyuramsa, terrorist deyiləm. Sakitlik, sabitlik İrandadır.

-  Amerika İrandan nüvə silahına görə ehtiyat edir?

-  Bunlar bəhanədir. İran onları inandırmağa çalışır ki, nüvə silahı istehsal etmək istəmir.

 -  Əfşar bəy istəmir başqa, amma edib başqadır.

 - İran uranın zənginləşməsinin 20 faizini dayandırıb. Daha nə istəyirsiniz? Beş faizi də onun haqqıdır da. İran Amerikaya deyir ki, nə vaxt istəyirsənsə, gəl yoxla. Siz də gərək bütün sanksiyaları götürəsiniz.

 -  Siz bir dönəm Ukraynada da səfir olmusunuz. Orada gedən proseslərə də münasibət bildirməyinizi istəyirəm. Belə fikirlər var ki, Ukraynadakı proseslər Qərbin istədiyi kimi yekunlaşsa, növbə İrana yetişəcək...

 -  Əvvəla Rusiya Ukrayna məsələsində səhv addım atdı. Krımı referendum adı altında özlərinə qoşması, Ukraynanın Şərqində baş verən proseslər bunlar gələcəkdə ruslara ziyan verəcək. Rusiya eyni zamanda paradoksal siyasət apardı. Ruslar öz içərisində olan millətlərə azadlıq vermirlər. Qərb hərbi müdaxilə etməz. Çünki onun xərcləri də çoxdur. Amma embarqo məsələsində ciddi olacaqlar. Hazırda atəşkəs olmasına baxmayaraq, Ukraynadakı proseslərin bitməsi uzun çəkəcək. Qərb bəhanə gözləyirdi, Putin də onu verdi. Sanksiyalar təsirini göstərəndə Rusiyada narazı kütlə çoxalacaq.

İrana gəldikdə isə,  danışıqların nəticə verməsi ehtimalı böyükdür. Hər iki tərəf bir-birini başa düşür. Nəticəsiz qalsa da, müharibə olmaz. Çünki bu qədər məsələlər var, hələ onları həll etsinlər. İraq, Suriya, Livan, Misir, İsrail Fələstin məsələləri var. Bu vəziyyətdə yeganə sabit olan yerə hücum çəkmək istəyirsən? Hələ o qarışıq olan yerləri sakitləşdir. Dolayısı yolla İŞİD məsələsində İran Amerika ilə əməkdaşlıq etməsə də, bir-birinə informasiyalar ötürürlər.

 - Yuxarıda sünni-şiə məsələsinə vurğuladınız. Niyə bu qədər ayrıseçkilik edirsiniz? Elə  buna görə də İslam alimləri çox vaxt İranı radikal islamçılığı yaymaqda günahlandırırlar...

- Mən, əlbəttə, iddia etmirəm ki, İran dövləti tam şəkildə İslam qaydalarını yerinə yetirir. Bu iddianı İranın hakimləri də etmir. Heç mən ayırmıram da sünni-şiə məsələsini. Mənim təfəkkürüm odur ki, insan, insan olaraq dəyərlidir. Mən qeyri-müsəlman düz adamı əməli saleh olmayan, müsəlman olan şiədən üstün tuturam.

 Nuri Əl Maliki şiə idi. Sünni hesab edirdi ki, Nuri onun hüquqlarını pozub. Ona görə də sünnilər İŞİD-in sıralarına qoşulub. İranın Sistan, Bəlicistan tərəflərində bəzi qruplar var ki, onlar terror qruplaşmasıdır. Cundullah terror qruplaşmasının başçısı Reygi edam edildi. İŞİD onsuz da şiənin əleyhinə idi. Şiə istəsə də, ona qoşula bilməz. Dünyada bir milyarddan çox müsəlmanın əksəriyyəti sünnidir. Allah buyurur ki, bir olmaq lazımdır. Niyə bir-birinizi qırırsınız? Təəssüf ki, müsəlman aləmində qırğındır. Ya özləri bir-birini qırır, ya da başqası gəlib onu qırır.

 - Ruhani çıxışında qeyd etmişdi ki, qadınlara hicab taxıb- taxmamaq məsələsində azadlıq verəcək...

-  Kim istəsə, taxa bilər deməmişdi. İstəsə də, belə deyə bilməzdi. Demişdi ki, başqa məsələlər var ki, onlar hicabdan da önəmlidir. Qeyd etmişdi ki, onun üçün bir iranlının ac qalması, acından hansısa yollara əl atması ona pis təsir edir.

 -  İran qadını sizcə, İslam dininin gərəyi olaraq, dərk edərəkdən hicab taxır, yoxsa qorxudan bunu edir?

 -  Demək olmaz ki, İranda hamı əqidəsinə görə hicab bağlayır. Elə olanlar da var, olmayanlar da.

 -   İranın radikal addımlarından biri də edam məsələsidir. Bununla bağlı nə düşünürsünüz?

 -  Qarşılıqlı olaraq biri başqasının adamını öldürürsə, qarşı tərəf onu bağışlayırsa, edam olmur. Məsələn, narkotik daşıyıbsan, ya da silah götürüb hakimiyyətə qarşı çıxırsan, hökumət sənin haqqında edam qərarını verir. Ya da biri gedib bir neçə qadına təcavüz edib. Daha bu adam edam olunmalıdır da. İslam qaydalarında da bu var .Mən özüm isə edama haqq qazandırmıram.

 -  Qurani-Kərimdə edamla bağlı məqam yoxdur, Əfşar bəy. Bayaq qeyd etdiyim kimi, bunlar radikal islamçılığın təzahürləridir...

 -  Mən İslamşünas deyiləm. Qurani-Kərimdə qətli nəfs məsələsi var. Amma narkotik məsələsində kimisə edam edirsənsə, o Quranda yazılmayıb ki.

 -  İran-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirirsiniz?

 -  Ruhani gəldikdən sonra münasibətlərdə irəliləyiş baş verib. Müştərək komissiya yaradılıb. Səfərlər olur. Əldə olunan razılıqlara əməl olunsa, təbii ki əlaqələr daha da genişlənər. İki ölkə gərək öz əməlləri bir-birinə inam yaradalar. Etimad olmasa, əlaqələr də güclənməz.

-  Kim kimə inanmır? İran Azərbaycana, yoxsa əksinə? Hazırda toqquşan maraqlar nə ilə bağlıdır?

-   Məsələn, İran-Azərbaycan münasibətində İran Ermənistan məsələsinin təsiri var.  Eyni olaraq da Azərbaycanın İsraillə əlaqələri var. Tərəflər gərək hər şeyi dərindən düşünülər. İran Azərbaycan-İsrail əlaqlərini binokldan baxaraq izləyir. Məsələn, son zamanlar Azərbaycanda DAK adlanan qurum bir yerə yığışıb Azərbaycan-İran münasibətlərini müzakirə edib. İran səfirliyi də bununla bağlı bəyanat yayıb. Yaxud buradakı islamçıların İranla əlaqəsi olduğunu məsələsini dilə gətirirlər. Bu məsələlərə İran həssasdır. İnam yaranmalıdır ki, İran şübhələnməsin ki Azərbaycan onun  əleyhinə nəsə edir.

 Günel Türksoy