Rus diplomatların ölkədən çıxarılması Bolqarıstanda etiraza səbəb oldu

rus-diplomatlarin-olkeden-cixarilmasi-bolqaristanda-etiraza-sebeb-oldu
Oxunma sayı: 1722

Bolqarıstanda istefa edən Baş nazir Kiril Petkovun Rusiya Federasiyasının Sofiya səfirliyində çalışan 70 əməkdaşını “persona non qrata” elan etməsi ölkədəki moskvayönlü sol siyasi dairələrin sərt reaksiyasına səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ən sərt reaksiya parlamentdə Petkovun həmsədri olduğu Dəyişikliyə Davam Et (PP) partiyasının rəhbərlik etdiyi hakim koalisiyanın üzvü olan Bolqarıstan Sosialist Partiyasından (BSP) gəlib.

1989-cu ilə qədər ölkəni idarə edən keçmiş Kommunist Partiyasının varisi, rusiyayönlü BSP-nin lideri Korneliya Ninova Petkovun yenidən Baş nazirliyə namizəd olacağı təqdirdə PP ilə görüşməyəcəklərini bəyan edib. Ninova mətbuata açıqlamasında bunları deyib:

“70 rus diplomatının ölkədən çıxarılması Bolqarıstan diplomatiyası tarixində heç vaxt görülməmiş bir hərəkətdir. Bu hərəkətin nəticələri uzunmüddətli olacaq. Belə bir qərar hökumətdə heç vaxt müzakirə olunmayıb. Kimin qəbul etdiyini bilmədiyimiz bu qərarın qəti əleyhinəyik”.

240 nəfərlik Parlamentdə 12 nəfərlik qrupa malik populist-solçu Dirçəliş Partiyasının lideri Kostadin Kostadinov da rus diplomatlarla bağlı qərarı tənqid edib. Rusiyanın rəsmi siyasətini qeyd-şərtsiz dəstəkləyən Kostadinov, “İşini bilən bir dövlət prokurorumuz olsaydı, Kiril Petkov saxlanılardı. Petkov bir müddət hakimiyyətdə qalsaydı, Rusiya ona qarşı şərti müharibə elan edərdi”, - qeyd edib.