Azərbaycanın görkəmli dövlət xadimi, diplomat və yazıçı Hidayət Orucov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
1944-cü il təvəllüdlü Hidayət Orucov uzun illər ərzində dövlət idarəçiliyi, diplomatik xidmət və ədəbi yaradıcılıq sahələrində fəaliyyət göstərib.
27 dekabr 2012-ci ildə ona Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Həmin gün Prezident sərəncamı ilə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
2019-cu ilin iyul ayında Hidayət Orucov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, 2021-ci il oktyabrın 6-da Qırğızıstandakı səfir vəzifəsindən geri çağırılıb.
Hidayət Orucov həmçinin ədəbi yaradıcılığı ilə də tanınıb. Onun poeziya, nəsr, publisistika və tərcümə sahələrində 60-dan çox kitabı nəşr olunub. Əsərləri bir çox dillərə tərcümə edilərək xarici ölkələrdə də maraqla qarşılanıb.
Onun “Mən belə yaşayıram”, “Nura qovuşacağıq”, “İntizar”, “Sənsiz”, “Sabaha çox var”, “Dağlar nəğməsi” kimi əsərləri müxtəlif dillərdə işıq üzü görüb və geniş oxucu auditoriyası qazanıb.
Son xəbərlər
Son Xəbərlər