Şahdağ Milli Parkında 3-cü zubr balası dünyaya gəlib - Foto

sahdag-milli-parkinda-3-cu-zubr-balasi-dunyaya-gelib
Oxunma sayı: 3314

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib. Artıq zubr balalarının sayı üçə çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

“İDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılıb”, - deyə A. Səmədova vurğulayıb.

Arzu Səmədovanın sözlərinə görə, artıq zubrların sayı 15-ə çatıb.