Sahil Bağında dəhşətli qətl törətməkdə şübhəli bilinən Elçin Çobanov həbs olunub.
Bu barədə “Qafqazinfo”ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, E. Çobanovun saxlanılması istiqamətində bu gecə də əməliyyat axtarış tədbirləri davam etdirilib. Əməliyyat nəticəsində şübhəli şəxsin Bakı şəhərində gizləndiyi yer aşkar edilib. O, polis tərəfindən saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, yanvarın 6-da paytaxtın Səbail rayonunda yerləşən Sahil bağında Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Nəticədə H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) cinayət işi başlanıb.
***
APA TV-nin məlumatına görə, qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov artıq ilkin ifadə verib. Onun sözlərinə görə, həyat yoldaşı Leyla Çobanova Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alır. İnsident sonuncu kurs tələbəsi olan Leyla Çobanova dərsdən çıxıb rəfiqələri ilə evə qayıdan zaman baş verib. “Sahil” bağından keçərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.
Son xəbərlər
Son Xəbərlər