Şamaxıda YAP-la bağlı dəyirmi masa - Fotolar

samaxida-yap-la-bagli-deyirmi-masa
Oxunma sayı: 534

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə YAP Şamaxı rayon təşkilatında “Yeni Azərbaycan Partiyasının yaranması siyasi zərurətdən irəli gəlib” adlı dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantıda Yeni Azərbaycan Partiyasının fəalları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin hörmətlə anıblar.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, 09 saylı ƏPT sədri Şasəddin Mikayılov və Şamaxı Ağsaqqallar Şurasının üzvü Nəzakət Abdulrazaqova çıxışlarında qeyd ediblər ki, YAP Azərbaycanın müasir tarixində mühüm rol oynayan siyasi təşkilatdır.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya qısa müddətdə xalqın etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ölkəmizin sabitliyinin qorunmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və vətəndaşların rifahının yüksəldilməsinə mühüm töhfələr verir.

Tədbirin sonunda bir qrup partiya üzvünə Fəxri fərman və Təşəkkürnamələr təqdim olunub, həmçinin partiya sıralarına yeni qəbul olunan üzvlərə YAP-ın üzvlük vəsiqələri təqdim edilib.