“İranla bağlı yeni sülh təşəbbüsü ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Netanyahu arasında gərginliyə səbəb olub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında İran məsələsi ilə bağlı keçirilən son telefon danışığı gərgin keçib.
Qeyd edilir ki, ABŞ və İsrail İranla mümkün razılaşma və müharibənin gələcəyi barədə ciddi fikir ayrılığı yaşayır.
Məlumata əsasən, ABŞ və İran arasında vasitəçilik səyləri yenidən intensivləşib. Qətər, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir kimi regional ölkələrin iştirakı ilə yeni sülh memorandumu üzərində iş aparılır. Məqsəd Tehran və Vaşinqton arasındakı əsas fikir ayrılıqlarını aradan qaldırmaqdır.
Mənbələrin sözlərinə görə, Donald Tramp İranla diplomatik razılaşmanın hələ də mümkün olduğuna inanır. O bildirib ki, danışıqlar uğursuz olarsa, hərbi variant yenidən gündəmə gələ bilər.
“Yeganə məsələ budur ki, bunu razılaşma ilə həll edəcəyik, yoxsa başqa yolla. Görək nə olacaq”, – deyə Tramp ABŞ Sahil Mühafizəsi Akademiyasında çıxışı zamanı bildirib.
İsrail Baş naziri Benyamin Netanyahu isə İranla aparılan danışıqlara skeptik yanaşır. O hesab edir ki, Tehran üzərində hərbi təzyiq davam etdirilməli və İranın strateji infrastrukturu daha da zəiflədilməlidir.
ABŞ və İsrail mənbələri “Axios”a bildirib ki, çərşənbə axşamı keçirilən telefon danışığı olduqca çətin atmosferdə keçib. Tramp Netanyahuya bildirib ki, vasitəçilər ABŞ və İran arasında “niyyət sazişi” hazırlanması üzərində işləyirlər. Bu sənəd mümkün atəşkəs və İranın nüvə proqramı ilə bağlı 30 günlük danışıqların başlanmasını nəzərdə tutur.
Danışıqlardan xəbərdar olan bir ABŞ rəsmisi vəziyyəti belə təsvir edib: “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı”.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi yenilənmiş təklifin nəzərdən keçirildiyini təsdiqləsə də, Tehran tərəfdən ciddi güzəşt siqnalları verilməyib.
İran rəsmiləri bildiriblər ki, danışıqlar “İranın 14 maddəlik planı” əsasında davam etdirilir. Tehran ABŞ-dən İranın dondurulmuş vəsaitlərinin mərhələli şəkildə azad edilməsi, İran gəmilərinə qarşı sanksiya və məhdudiyyətlərin aradan qaldırılması, İsrailin Livandakı hərbi əməliyyatlarının dayandırılmasını tələb edir.
Ərəb diplomatların sözlərinə görə, Qətər son günlər Tehrana nümayəndə heyəti göndərərək, yeni layihə üzərində müzakirələr aparıb. Pakistanın daxili işlər naziri də bir həftə ərzində ikinci dəfə İrana səfər edib.
Yeni təşəbbüs çərçivəsində İranın nüvə proqramı ilə bağlı daha konkret öhdəliklər götürməsi, ABŞ tərəfinin isə iqtisadi güzəştlərlə bağlı daha aydın yol xəritəsi təqdim etməsi gözlənilir.
Donald Tramp isə bildirib ki, əgər danışıqlarda irəliləyiş əldə olunmasa, hərbi qarşıdurma “çox qısa müddətdə” yenidən başlaya bilər. Bununla yanaşı, o əlavə edib ki, insan itkilərinin qarşısını almaq üçün diplomatiyaya bir neçə gün daha şans verməyə hazırdır.
İsrail mediası isə Benyamin Netanyahunun yaxın həftələrdə Vaşinqtona səfər etməyi və Trampla üzbəüz görüş keçirməyi planlaşdırdığını yazır.
Son xəbərlər
Son Xəbərlər