“Sea Life”da oğurluq edərkən kameraya düşən şəxs 6 aydır tapılmır? - Video

sea-lifeda-ogurluq-ederken-kameraya-dusen-sexs-6-aydir-tapilmir
Oxunma sayı: 3089

Ötən il Sumqayıtda məşhur istirahət mərkəzi olan “Sea Life”da baş verən və kameralarda anbaan qeydə alınan oğurluğu törədən şəxslərin saxlanılmadığı deyilir. Zərərçəkmiş şəxs cinayəti törədənin tapılaraq polisə təhvil verildiyini, amma həmin adamın bölmədən qaçdığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən Vüqar Süleymanov bildirib ki, 2021-ci il iyulun 7-də şəhərin Sahil küçəsində yerləşən “Sea Life” istirahət mərkəzinə 99 AN 149 nömrəli maşınla gələn 2 kişi və bir qadın ona məxsus bir mobil telefonu hovuzun yanındakı stoldan götürərək, digərini isə kottecin pəncərəsini sındıraraq oğurlayıblar: “Daha sonra avtomobilə əyləşib qaçıblar, oğurluq anı və onların ərazidən maşınla uzaqlaşmasının görüntüləri “Sea Life” istirahət mərkəzi tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə təqdim edilib. Həmin şəxslər iyulun 14-də istirahət mərkəzinə təkrar gələrkən əməkdaşlar tərəfindən tutularaq polisə təhvil verilib. Onlar telefonları oğulayıb “20 Yanvar” metrosu ərazisində satdıqlarını etiraf ediblər və yaxın zamanda telefonu qaytaracaqlarını deyiblər. Biz məsələ ilə maraqlananda 1-ci polis bölməsinin əməkdaşları dedilər ki, iyulun 15-də həmin şəxslər bölmənin inzibati binasından qaçıblar. Bizim israrımızdan sonra material üzrə cinayət işi açılaraq iş istintaqa göndərildi”.

V.Süleymanovun sözlərinə görə, mobil telefonları oğurlayan şəxslərin ad, soyad, ata adları, ünvanları və onlara məxsus minik avtomobilinin seriya nömrəsi polisə məlum olmasına baxmayaraq, bu günə kimi tapılaraq məsuliyyətə cəlb olunmayıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya bildirdi ki, Sumqayıt şəhəri ərazisində qeyd edilən istirahət mərkəzində baş verən oğurluq hadisəsi ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində əməliyyat-axtarış tədbirləri keçirilib: ““Samsung” markalı telefonu oğurlayan Sumqayıt şəhər sakini Ramin Rzayev qısa zamanda saxlanılıb. O, hadisəni etiraf edib. R.Rzayevin Sumqayıt şəhərində başqa mənzil oğurluğu və digər cinayətlər törətdiyi məlum olduğundan onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstirahət mərkəzində "Xiomi" markalı telefonu oğurlayan şəxsin axtarışları davam etdirilir.

Həmin hadisə ilə bağlı guya Polis Bölməsinə gətirilən saxlanılan şəxsin sonradan oradan qaçması ilə bağlı səsləndirilən iddialar isə tamamilə əsassızdır və həqiqəti əks etdirməyən məlumatdır. İstirahət mərkəzində baş verən oğurluqla bağlı qeyd edilən tarixdə Polis Bölməsinə bir nəfər şübhəli şəxs qismində gətirilib. Lakin, onun əməli sübuta yetirilmədiyindən sərbəst buraxılıb”.

Murad Əhməd