“Şəhərə ayağı palçıqlı getmək bizi utandırır” - Fotolar

sehere-ayagi-palciqli-getmek-bizi-utandirir
Oxunma sayı: 2410

Abşeron rayonu, şərti olaraq “Nübar” və “At yalı” adlanan qəsəbələrin sakinləri yolların vəziyyətindən şikayətçidir. 

Qəsəbə sakinləri “Qafqazinfo”ya göndərdiyi müraciətdə qeyd ediblər ki, yaşadıqları əraziylə şəhərin arası 10-11 km-dir:

“Qəsəbədə yaşayışın bir neçə il əvvəldən başlanmasına baxmayaraq infrastruktur çox pis vəziyyətdədir. Bu neçə illərdə yaşadığımız qəsəbənin yolları heç vaxt çəkilməyib. Nə çınqıl döşənib, nə asfalt. Hal-hazırda isə həmişə olduğu kimi qəsəbədə qışda palçıqdan, yayda isə toz-torpaqdan hərəkət etmək olmur. Uşaqları məktəbə palçıqda çəkmə ilə aparıb-gətirmək, özümüzün şəhərə ayağı palçıqlı getməyimiz bizə utanıqlıq və əziyyət verir. 

Bundan əlavə, bura kanalizasiya sistemi ümumiyyətlə heç vaxt çəkilməyib və hal-hazırda da yoxdur. Bizdən 500-1000 metr aralıda Ceyranbatan su anbarı yerləşir. Ən azından belə bir dövlət əhəmiyyətli su anbarına yaxın məsafədə yerləşən qəsəbəyə kanalizasiya xəttinin çəkilməsinin qəsəbədən çox Ceyranbatan su anbarına lazım olduğuna görə çəkilməsi mütləq ki, vacibdir”. 

Sakinlər əlavə edib ki, qəsəbədə həmçinin su problemi də var:

“Kiçik bir hissəyə su çəkilsə də, əksər hissədə su yoxdur. Suyu özümüz ordan-burdan çəkib və yaxud da pulla alırıq. Buna görə də əziyyət çəkirik. Burada nə bağça, nə poliklinika, nə aptek, nə bazar var. 10 000 ev olan (hər evdə orta hesabla 4 nəfərin yaşadığın götürəndə) 40 000 əhalisi olan bu qəsəbə belə bir vəziyyətdədir”.

Abşeron rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda  Xırdalan şəhərində su, kanalizasiya sisteminin yenidən qurulması prosesi həyata keçirilir: “Burada işlər bitəndən sonra mərhələ-mərhələ rayonun kənd və qəsəbələrinə keçiləcək. Yol çəkilişi bələdiyyənin səlahiyyətindədir. Bələdiyyə də əraziyə çınqıl töküb. Sadəcə yağan yağışlar çınqılların yuyulmasına səbəb olur.  Həmin əraziyə baxış keçirilib yaranan problem aradan qaldırılacaq. Bundan əlavə, son illərdə rayonda 8 bağça tikilərək istifadəyə verilib. Əhalinin sayı artan yerlərdə də bağça, məktəb tikintisi həyata keçiriləcək”.

Günel Türksoy