Şəkidə şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub - Fotolar

sekide-sehid-aileleri-ucun-iftar-sufresi-teskil-olunub
Oxunma sayı: 2070

Aprel ayının 9-da müqəddəs Ramazan ayı münasibətilə Şəki Şəhər İcra Hakimiyyətin təşkilatçılığı, “Marsol” qrup və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının dəstəyi ilə ölkəmizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə iftar süfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, “Ağ Qaya” restoranında təşkil olunan iftar süfrəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü olan bir qrup sahibkar, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib.

Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu qeyd edib, şəhid ailələrinin üzvlərini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Bildirib ki, şəhidlik- vətənpərvərliyin ən ali məqamıdır. Şəhidlərimizin qanı yerdə qalmadı, uğrunda döyüşdükləri Qarabağ torpaqları işğaldan azad olundu, ölkəmizn ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. İcra başçısı iftar süfrəsinin təşkilində göstərdiyi dəstəyə görə “Marsol” qrup və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının rəhbərliyinə təşəkkür edib.

“Marsol” qrup və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək şəhid ailələrinin üzvlərini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, şəhidlərimizə rəhmət, xalqımıza, dövlətimizə sülh, əmin-amanlıq diləyib.

İftar mərasimində çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid övladlarına hədiyyələr təqdim olunub.