Şirvanda da iftar süfrəsi açıldı - Fotolar

sirvanda-da-iftar-sufresi-acildi
Oxunma sayı: 4019

Aprelin 9-da Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, iftar süfrəsində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, din xadimləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub.

İftar mərasimi Qurani Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb, müqəddəs kitabımız “Qurani-Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışılıb.

Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirakçıları və şəhər sakinlərini qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib və xoş arzularını çatdırıb. Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini söyləyib.

Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söz açıb.

Sonra çıxış edən Millət vəkili İltizam Yusifov Ramazan ayının milli-mənəvi dəyərlərimizdə xüsusi yeri olduğunu bildirərək, qarşıdan gələn Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, şəhidlərimizə rəhmət diləyib, qazilərə can sağlığı arzulayıb.

İftar məclisində Qurani-Kərimdən ayələr oxuyub, dualar səsləndirib.