Şirvanda Novruz bayramı qeyd edilib - Fotolar

sirvanda-novruz-bayrami-qeyd-edilib
Oxunma sayı: 2065

Şirvan Şəhər İcra Hakimiyyətinin, şəhərin mədəniyyət və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş ümumşəhər bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhid ailələri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən Zəfər abidəsinin önündə keçirilən tədbirdə öncə İlqar Abbasov şəhid övladları ilə birlikdə bayram tonqalını alovlandırıb.

Sonra Şirvan idmançılarının cəngi sədaları altında müxtəlif idman növləri üzrə nömrələrinə, şəhər ümumtəhsil məktəblərinin hazırladıqları Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri, əl işləri və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

İcra başçısı çıxış edərək xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini təbrik edib, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb.

Sonra Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə bir qrup şəxsin o, cümlədən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Namaz oğlu Abbasovun, Şirvan şəhər sakinləri - şəhid atası Alim Səməd oğlu Zülfüqarovun və YAP veteranı Paşa Sədi oğlu Nəbiyevin “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edildiyi diqqətə çatdırılıb. ŞİH başçısı təltif olunmuş şəxslərə medalları təqdim edib. 

Daha sonra bayram tədbiri respublikamızın və şəhərimizin tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.