Sobçak Soçidə qəzaya düşdü, ölən və yaralılar var - Video

sobcak-socide-qezaya-dusdu-olen-ve-yaralilar-var
Oxunma sayı: 2083

Rusiyalı məşhur televiziya aparıcısı və jurnalist Kseniya Sobçak Soçidə avtomobil qəzasına düşüb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Sobçak Soçi şəhərində Krasnaya Polyana adlı ərazidə korporativ tədbirdə iştirak edib. Tədbir başa çatdıqda Sobçakı hava limanına aparmaq üçün “Mercedes” markalı avtomobil çağırılıb.

Qeyd olunur ki, aeroporta yollanan avtomobil qarşı zolağa çıxıb və qarşıdan gələn “Volkswagen” ilə toqquşub. Qəza nəticəsində “Volkswagen”də olan 35 yaşlı qadın - Yekaterina Tarasova dünyasını dəyişib.

Eyni avtomobildə olan başqa bir qadın və avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib.

Kseniya Sobçak qəzadan dərhal sonra hadisə yerini tərk edib və hava limanına yollanıb. Məşhur aparıcı qəzadan bir gün sonra Moskva yaxınlığında xəstəxanaya müraciət edib. Burada ona lazımi tibbi yardım göstərilib və buraxılıb. Sobçakın sözlərinə görə, o, çox sayda travma alıb və beyin silkələnməsi yaşayıb.

“Komsomolskaya pravda”nın xəbərinə görə isə, aparıcı qapalı kəllə-beyin travması alıb.

Onunla eyni avtomobildə olan assistenti Yelena Los da sözügedən xəstəxanaya müraciət edib və ona da eyni diaqnoz qoyulub. Sobçak qeyd edib ki, qəzadan sonra huşunu itirib. Özünə gəldikdə isə köməkçisi onu başqa bir avtomobilə yerləşdirib. Lakin bununla yanaşı, İstintaq aparıcını zərərçəkmiş olaraq qiymətləndirməyib. Belə ki, Sobçak Soçidə tibbi yardım üçün müraciət etməyib və polis gəlməzdən əvvəl hadisə yerini tərk edib. 

Qeyd edək ki, qəza oktyabrın 9-u axşam saatlarında baş verib.