Son 10 gündə sərnişin qatarlarına 5 dəfə daş atıldı - Yenilənib

son-10-gunde-sernisin-qatarlarina-5-defe-das-atildi
Oxunma sayı: 1250

Son 10 gündə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, Bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib.

“Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır. 

Atılan hər daş təkcə qatara yox, həm də qatar heyətinə və evə, işə, dərsə, görüşə gedən sərnişinə - insan həyatına atılır. 

Bir daha bu cür vandallıqları törətməkdən çəkinməyə, hamımızın sərvəti olan qatarları qorumağa çağırırıq”, - məlumatda deyilir.

***

Cari il ərzində hərəkətdə olan qatarlara daş atılma halları ilə bağlı polisə daxil olan 11 məlumat üzrə müvafiq tədbirlər görülüb. Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.

Araşdırmalarla müəyyən edilib ki, hadisələr əksər hallarda azyaşlılar tərəfindən törədilir və qatara daş atan şəxslər aşkarlanaraq valideynləri ilə birlikdə polisə dəvət edilirlər. Onlarla profilaktik söhbətlər aparılır, vurulan zərərin ödənilməsi təmin edilir və qanunvericiliyə uyğun tədbirlər görülüb.

Nəzərə alınmalıdır ki, qatara daş atılan zaman bu sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bir çox hallarda isə qrafikdə gecikmələr yaşanır və bu da sərnişinlərin mənzil başına gecikməsi ilə nəticələnir.