Sonuncu dəfə at belində... - Fotolar

sonuncu-defe-at-belinde
Oxunma sayı: 14446

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Daşkəsənin icra başçısı Əhəd Abıyev vəzifəsindən azad olunub. 

“Qafqazinfo” xəbər verir ki, Əhəd Abıyev 12 il vəzifədə olduğu müddətdə zaman-zaman atdığı qeyri-adi addımlarla mətbuatın gündəminə gəlib.

65 yaşlı sabiq başçı son olaraq sakinlərlə görüşə atla getməsi ilə diqqət çəkmişdi. Daşkəsən İcra Hakimiyyətinin rəsmi feysbuk hesabında paylaşılan, daha sonra silinən məlumatda qeyd olunurdu ki, Əhəd Abıyev seldən zərər görən, avtomobilin hərəkət edə bilmədiyi ərazilərə atla gedib. 

İcra hakimiyyətinin guya yolsuzluq avtomobilinin olmaması müzakirələrə səbəb olmuş, icra başçısının bu addımı özünü reklam etməsi kimi qiymətləndirilmişdi. Çünki Əhəd Abıyev at belində fərqli, sakinlərlə görüşdə isə başqa paltarda - kostyum, qalstukda idi.

Əhəd Abıyevin uzun illərdir unudulmayan addımlarından biri də tədbirlərin birində yumruğu ilə üzərinə guya Ermənistan bayrağı çizilmiş “şifer”i sındırması idi. 7 il əvvəl keçirilən tədbirdə “şifer”in əslində, Kolumbiya bayrağının rənglərinə boyandığını anlayanda isə artıq gec idi. Dövrün başçısının bu “şücaəti” Kolumbiya mətbuatına qədər yayılmışdı.

Əhəd Abıyev həm də, boksa olan marağı ilə diqqət çəkirdi. O, dəfələrlə rayon tədbirlərində əlinə boks əlcəyi geyinib rinqə çıxmışdı. İcra başçısının kostyumda boks əlcəyi ilə rinqə çıxması, özündən aşağı vəzifədə çalışan məmurlara “yumruq atması” birmənalı qarşılanmamışdı. 

Əhəd Abıyev bir ara hətta sabiq səhiyyə naziri Əli İnsanovu yumruqla vurduğunu deməsi ilə də gündəmə gəlmişdi:

“Respublika sarayı qarşısında böyük bir tədbir idi. O tədbirdə də Azərbaycanın ayrı-ayrı rayonlarından Əli İnsanova yaxınlaşıb söz dedilər, xahiş etdilər, bu da onları təhqir etdi. Orada Azərbaycanın ziyalıları, parlament üzvləri, nazirlər də var idi. Mən ona dedim ki, sən niyə belə qabiliyyətsiz hərəkət edib nazir kimi bunları təhqir edirsən? Kimsən sən? Mənə kobud cavab verəndə, açığı, dözmədim. İdmançı, boksçu olmağımdan istifadə edib ona yaxşı bir yumruq tutuzdurdum və ağzı üstə yerə yıxıldı, pis vəziyyətə düşdü”.

Qeyd etdiyimiz kimi, Əhəd Abıyevin artıq 65 yaşı var. Ölkədə cavan kadr siyasətinin yürüdüldüyünü nəzərə alsaq, onun bu yaşdan sonra yeni vəzifəyə təyinat alacağı ehtimal olunmur. Yəqin ki, bundan sonra boksla daha sərbəst şəkildə məşğul ola biləcək...

Emin Səfərov