“Sosial şəbəkələr mənə maraqsızdır” - Zamiq Hüseynov

sosial-sebekeler-mene-maraqsizdir-zamiq-huseynov
Oxunma sayı: 1812

Tanınmış müğənni Zamiq Hüseynovun “Qafqazinfo”ya müsahibəsi

- Zamiq niyə görünmürsünüz? Deyəsən başınız toylara qarışıb…
- Xeyr, qətiyyən belə fikirləşmirəm. Bilmirəm insanlar niyə belə danışır. Məncə toy da bir konsertdir. Təbii ki, mən özümdən danışıram. Ola bilsin ki, toyların 500-600 iştirakçısı var. Bəzi müğənnilər 5 ayda birdəfə konsert verirsə, mən həftədə iki-üç dəfə konsert verirəm.

Bildiyiniz kimi bu yaxınlarda ölkəmizdə dünya şöhrətli müğənnilərin konserti keçirildi. Təşkilatçılarımız bizim müğənnilərimizin belə qeyri-adi şou nümayiş etdirmək qabiliyyətlərinin olmadığıını söyləyirlər. Siz bu məsələyə necə yanaşırsınız?
- Mən sizə deyim ki, onların şousu üçün külli miqdarda vəsait tələb olunur. Təbii ki, bizə də belə bir vəsait ayrılsa, bizim də səhnə şoumuz maraqlı olar. Onlar ildə 4-5 dəfə konsertlə çıxış edirlər. Konsertlərdən 2-3 milyon pul əldə edirlər.

- Hazırda şou proqramlara getmirsiniz. Müğənnilərimizdə belə fikir formalaşıb ki, şou proqramda iştirak etsə, onun toya gedəcəyi qiymət müəyyən qədər aşağı düşə bilər. Siz bu fikirlə razısınızmı?
-Xeyr, bu fikirlə razı deyiləm. Məncə, şou proqramda müğənni çox adiləşir. Mən artıq çox görünməməyi üstün tuturam. Amma gələcəkdə yenidən şou proqramlara qatıla bilərəm.

- Əgər sirr deyilsə el şənliklərində hansı qiymətə iştirak edirsiniz?
- Bu sirri açıqlaya bilmərəm. Mədəniyyət və incəsənətimizdə yaxşı mənada inkişafın şahidi oluram. Bu məni çox sevindirir. Son zamanlarda bu inkişafın daha da intensivləşəcəyinə inanıram.

- Ümumiyyətlə şöhrətin yaşı yoxdur. Siz artıq şöhrətin zirvə nöqtəsinə çatdığınızı düşünürsünüzmü?
-Qarşımda elə bir məqsədlərim olmayıb. Yəni ən zirvədə mən olmaq istəyirəm - deyə bir tələblərim olmayıb. Olduğum mövqe ilə razılaşıram.

- Bəzi müğənnilər onlarla çalışan komandanın güclü olmasına xüsusi önəm verir... Siz necə?
-Təbii ki, belə məsələlərə həssas yanaşıram. Ətrafıma insanlara mənimlə çalışan komandaya xüsusilə önəm verirəm. Çünki onlar mənimlə qastrol səfərlərinə yola düşürlər. Azərbaycanda iki-üç nəfər müğənni var ki, onlar musiqiçilərə yaxşı maddi vəsait ayırır. Bunlardan biri mənəm. Bunu musiqiçilər də təsdiqləyər. Ola bilsin ki, müğənnilər paxıllıq edib doğrunu etiraf etməsinlər... Mən musiqiçiləri dəyərləndirirəm. Toylarda iştirak etdiyim qiymətə görə onlara da vəsait ayırıram. Ansamblımın bədii rəhbəri Eldar Məmmədovun adını çəkmək, məncə, kifayət edər. Mən ümumiyyətlə özümü musiqiçisiz təsəvvür edə bilmirəm.

- Şəxsi həyatınızda hansısa dəyişiklik var?
- Şəxsi həyatımda hazırda boşluq hökm sürür.

- Özünüzü hazırda xoşbəxt hiss edirsinizmi?
-Təbii ki, çox xoşbəxtəm. Gecə bir saat yatmağıma baxmayaraq özümü gümrah hiss edirəm. Həyatımda hər şeyin normal olması, məncə, böyük rol oynayır.

- Siz depresiyada olarkən sizə ən çox yardım edən nə oldu?
-Dərin depresiyalarım olmayıb. Lakin dostlarım hər zaman mənim yanımdadırlar. Dostlarıma minnətdaram. Əslində qarşıma yaxşı dostlarımın çıxdığı üçün çox şanslıyam.

Bəzi insanlar depresiyada olarkən içkiyə meyl edir...
- Bəli, belə bir zamanlar olub, amma bunları çoxdan adlamışam. Həyatımdan çox razıyam.

- Xanımların sizə olan marağı böyükdür siz bunu hiss edirsinizmi?
-Şou proqramlara qatılmıram və şəhərdə gəzintidə az oluram. Bu səbəbdən bunu təsdiqləyə bilməyəcəyəm. Bəlkə də belədir...

- Sosial şəbəkələrdən istifadə edirsinizmi?
- Sosial şəbəkələr mənə maraqsızdır. Sosial şəbəkələrdə vaxtımı keçirtməyə səbrim çatmır. Lakin ölkəmizin saytlarını nəzərdən keçirdirəm.

- Siz boş vaxtlarınızda mütaliə edirsinizmi?
-Kitab oxumağı elə də sevmirəm. Kitab oxumağa səbrim yoxdur. Kitab oxumadığıma təəssüflənirəm. Lakin yalan danışa bilmərəm. Kimlərdənsə kitabların adını öyrənib sizə söyləyə bilərdim... Amma insanları aldatmağa gərək yoxdur. Doğrunu bildirməliyəm.

Müğənnilərin bir çoxu bir zamanlar özlərini sizə bənzətməyə çalışırdılar. Bunu stilistlər də təsdiqləyirdi. Siz necə fikirləşirsiniz?
- Deməzdim bu belədir. Hər müğənninin öz tərzi, öz üslubu vardır. Bunu mən deyə bilmərəm. Ola bilsin bu kənardan belə görsənir.

Aynur Babayeva